Bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır – ƏLİYEV

“Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur”.

Etikxeber.az xəbər verir  bu fikirləri Prezident İlham Əliyev yanvarın 30-da Heydər Əliyev Mərkəzində keçirilən“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda deyib.

Onun sözlərinə görə, sosial infrastruktura gəldikdə, qeyd edə bilər ki, son illər ərzində – 2004-cü ildən başlayaraq üç mindən çox məktəb tikilib və ya təmir edilib.

Prezident qeyd edib ki, altı yüzdən çox tibb ocağı tikilmiş və ya təmir edilib. Ancaq bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa olunub. Yəni, bütün sosial infrastruktur bloku da daim diqqət mərkəzində idi. Bu proses davam etdirilir. Bu ilin dövlət investisiya proqramında da sosial infrastrukturun yaradılması üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub:

“Biz bu illərdə ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atmışıq. Azərbaycanda kosmik sənaye yaradılmışdır. Bizim artıq iki peykimiz var. Bu da yenilikdir, texnologiyadır, biznesdir. Əlbəttə ki, biz bu məsələlərə bu nöqteyi-nəzərdən yanaşırıq. Əgər həm müasir texnologiyaların inkişafı, həm kadr hazırlığı, həm də ki, kosmik sənaye düzgün qurularsa, böyük gəlir mənbəyidir. Biz bu yolla gedirik və əminəm ki, o peyklərin hazırlanmasına, orbitə buraxılmasına qoyduğumuz bütün vəsait qaytarılacaq. Çünki artıq bunun biznes imkanları kifayət qədər genişdir.

Biz bu illər ərzində ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələri həyata keçirmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci illərdə istifadəyə verilmişdir. İndi ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, xalqımıza xeyir gətirir. Bax, bütün bu infrastruktur layihələrini biz nəyə görə icra etmişik? Eyni zamanda, bu layihələr bölgədə yerləşən ölkələr üçün də xeyir gətirir, regional əməkdaşlığı dərinləşdirir, bölgədə, regionda sabitliyi möhkəmləndirir və əlbəttə ki, Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, heç bir maneəsiz həyata keçirdik. Baxmayaraq, bir çox qüvvələr var idi ki, bizə problem yaratmaq, bu layihələri əngəlləmək istəyirdilər. Alınmadı, çünki biz güclü siyasi iradə ortaya qoyduq və düşünülmüş siyasətlə, çox dəqiq siyasətlə bu strateji hədəflərə çata bilmişik.

Bu gün isə bu təbii dəhliz əsasında yeni bir qlobal layihəni – Cənub Qaz Dəhlizini icra edirik. Bu layihə də uğurla icra edilir. Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan yenə də bax bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı ona yaxın beynəlxalq konfransda, tədbirdə iştirak etmişəm. Bu tədbirlərdə əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Yəni, konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Ancaq əfsuslar olsun ki, elə mən deyirdim, mən eşidirdim. Ona görə görəndə ki, artıq belə davam edə bilməz və bu, sadəcə olaraq vaxt itkisidir və bizi strateji hədəfdən uzaqlaşdırır, onda qərar qəbul etdik ki, biz özümüz bunu öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə bunu edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular, əlbəttə ki, bu da məqbul bir haldır. Biz bunu alqışlayırıq. Əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır. Lakin bir daha onu demək istəyirəm ki, Cənub Qaz Dəhlizi bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, Azərbaycanın bu işdə liderliyi, fəal və əsas rolu ötən ilin fevralında Bakıda keçirilən ikinci Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yekun sənədində də göstərilib.

Bu layihə əlbəttə ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin icrasından sonra həm maliyyə imkanlarımız böyük dərəcədə artacaq, eyni zamanda, Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.

Yəni, son illər ərzində görülmüş bütün işləri sadalamaq çətindir. Mən sadəcə olaraq, əsas məqamları diqqətinizə çatdırıram. Ona görə ki, bu, bizim tariximizdir. Bunlar olmasaydı, bu gün biz gələcək planlarımız haqqında danışa bilməzdik. Azərbaycan o ölkələrdəndir ki, neftdən çox səmərəli və ağıllı şəkildə istifadə etmişdir. Mən xatırlayıram, hələ 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.

Onu da deməliyəm ki, biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir. Ona görə öz yolumuzla gedirik və həyat hər şeyi öz yerinə qoyur. Bizə qarşı o çirkin kampaniyaları təşkil edənlərin özləri də artıq siyasi səhnədən kənarlaşdırılıblar. Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq. Ölkəmizi bundan sonra da inamla qabağa aparmaq üçün biz lazım olan bütün məsələləri həll etməliyik. Onların içində əlbəttə ki, regional inkişaf proqramı xüsusi yer tutur. Əminəm ki, proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və əlavə məsələlər də proqrama daxil ediləcək”.

Etikxeber.az

Read Previous

Prezident: “Xarici borcu azaltmaq üçün xarici kreditləri çox ehtiyatla almalıyıq”

Read Next

Pakistanlı diplomatın Türkiyə ilə bağlı gözyaşardan xatirələri – FOTO – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir