“Bizə bütün sahələrdə 44 günlük proqramlar gərəkdir…”-ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI

Zahid ORUC:”Necə edək ki, xalq öz təmsilçilərinə xüsusi təyinatlı qüvvə kimi yanaşsın”?

Prezident İlham Əliyevin Xüsusi Təyinatlılarla görüşdə “sizinlə fəxr edirəm” deməsi  44 günlük müharibənin önündə gedən qüvvələrə verilən ən yüksək qiymət idi.Tarixdə qalib dövlətlər hərbi qələbələri yeni millət quruculuğuna çevirir.Ona görə də xalqımıızn yeni hədəfi-təhsildə, səhiyyədə, böyük inşaat meydanlarında, siyasətdə, idarəetmədə, bir sözlə ictimai həyatın bütün sahələrində xüsusi təyinatlılar yaratmaqdır.

Axı həmin döyüşçüləri formalaşdıran Ali Baş Komandan özünün siyasi, iqtisadi, təhsil və digər komandasına da eyni tələbkarlıqla yanaşır, oxşar ehtiramı və diqqəti göstərir. Ona görə də hər bir iqtidarın vəzifəsi xalqı təhsilləndirmək, onu böyük ideallara yönəltmək və təlim-tərbiyə etməkdir.İdeologiyasıını bir kənara qoysaq, vaxtilə bolşeviklər müharibədən sonra bütün sovet xalqlarını əməyə və təhsilə yetirmək üçün böyük hərakat başlatmışdılar.Bizim elitamız də Qələbədən sonra yeni milli gündəlik, yeni ideologiya irəli sürə bilər!

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri sonra bildirib:

“Yüz il əvvəl xalqımızın əsgər və zabit potensialına şübhə edənlər 21-ci əsrdə İlham Əliyevin liderliyi ilə həqiqi müharibədən keçib qalib ordu oldular.Bəs bizim layiqli vətəndaş formalaşdıran məktəblərin generalları kimlərdir? Biz ali təhsildə Şuşaya yüksəlmişikmi? Səhiyyəmiz o zirvədə qala bilirmi? Mədəni əsərlərimiz, sənətimiz və incəSənətimiz o müqəddəs yurdu qalaya çevirirmi? Elmimiz Daşaltının üzərində məhkəmlənirmi? İqtisadi və sosial proqramlarımız Cıdır düzündə prezidentin quruculuq kursu ilə tam ayaqlaşırmı?

Doğrudur, biz 30 illik işğalın və bütövlükdə 20-ci əsrin travmalarından indi xilas oluruq. O üzdən hamı Birinci şəxsin ətrafında səfərbər olunub. Lakin dövlət dedikdə vətəndaş qarşısında məmuru, hakimi, icra hakimini və ya parlament üzvünü görür. Bəs necə edək ki, xalq öz təmsilçilərinə xüsusi təyinatlı qüvvə kimi yanaşsın? Əlbəttə, düşmən bizim elitanı müxtəlif əlamətlərə-yenilərə və sabiqlərə, ingilis dillilərə və milli təhsillilərə, qərbpərəstlərə və mühafizəkarlara, dindarlara və dünyəvilərə bölərək üz-üzə qoymağa, parçalamağa çalışır.

Ona görə də ictimai rəydə vəzifədən çıxarılmaq hələ də “vurulmaq” adlanır və belədə vəzifədə qalmaq məsuliyyət, xidmətdən çox millətin nəzərlərindən çıxdaş edilməməyin yeganə yoluna çevrilir.O zaman çox az sabiq məmuru xalqa nümunə kimi göstərə bilirik.Halbuki bir vaxtlar Əlimərdan bəy Topçubaşov deyirdi ki, rəhbər xadimlər Azərbaycana bütün varlığı ilə xidmət etməyin nümunəsini göstərməlidilər.

Yaranmış yeni reallıqda prezident ilk növbədə Silahlı qüvvələrin, daha sonra ali icra hakimiyyəti orqanları və hakim partiyanın rəhbəridir.Ordu haqlı olaraq ierarxiyada önə keçib.Lakin dinc dövrdə siyasəti, diplomatiyanı, təhsili və səhiyyəni ordu idarə eləmir.Ona görə də bizə bütün sahələrdə 44 günlük proqramlar gərəkdir. Biz keçmişdən fərqli olan gələcək Qarabağ quruculuğunu yeni xüsusi təyinatlı millət quruculuğuna çevirə bilərik.Düşmənin məqsədinə-30 il əlimizin çatmadığı Şuşanı və bütün Qarabağı xiffətin və həsrətin yox, adiləşdirib puç etməyin planına  yalnız bir yolla zərbə vurmaq olar- bütün sahələrdə xüsusi təyinatlılar yetişdirmək yolu ilə!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Top-tüfəng səsləri gələn, kef, yemək-içmək məclisləri təşkil olunan işğal altındakı torpaqlarda artıq Azərbaycan bayrağı dalğalanır, Azərbaycan musiqisi səslənir…”-TAHİR RZAYEV

Read Next

MM-in iclası: SPİKER İSVEÇRƏYƏ SƏFƏRİ BARƏDƏ DANIŞDI, ŞUŞA İLƏ BAĞLI QANUN LAYİHƏSİ ÜÇÜNCÜ OXUNUŞDAN KEÇDİ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir