“BİZƏ NƏVƏLƏRİNİZLƏ GƏLİN, yaxud, İKİ İSA HƏBİBBƏYLİ…” – DEPUTAT YAZIR – FOTO

Şənbə günü, mayın 13-də işə çatanda mənə dedilər ki, akademik İsa Həbibbəyli nəvələri ilə muzeyə tamaşa etməyə gəlib. Sevindim. Çünki mənim dostlardan həmişə təvəqqe elədiyim, istədiyim bu olub ki, muzeyə uşaqlarını gətirsinlər, nəvələriylə gəlsinlər.

Tarixlə dolu bütün bu gözəllikləri ona görə qurmuşuq və qoruyuruq ki, balalar ruhca sağlam böyüsünlər, içəridən zəngin olsunlar, yaşamalı yolları davam etdirsinlər.Kitab oxumağa meylin azaldığı günlərimizdə muzeylərin hər divarı, hər guşəsi, hər lövhəsi elə əyani kitab kimidir və gendən “gəl məni oxu” deyir.
İsa müəllim xəbərsiz gəlmələrini onunla izah etdi ki, güman eləmirmiş şənbə günü işdə olam.
Mənsə hətta bazar günləri də işləyirəm və hər kəs bilsin ki, Nizami muzeyi həftənin 7 günü çalışan yeganə Azərbaycan muzeyidir.

rafael-isa

İsa müəllimin nəvələrinin böyüyü onun adaşıdır.
O da İsa Həbibbəylidir.
Beləcə, bu gün böyük və balaca İsa Həbibbəylilər muzeydə qoşa idilər.
Yanlarında da digər nəvələr – Sani, Banu və Aydan.
Bir ucdan suallar yağdırırdılar və o sualların çoxu da qətiyyən sadədil uşaq sualları deyildi.
Əminəm ki, növbəti həftə dərsə gedəndə Nizami muzeyində seyr etdiklərinin, yeni öyrəndiklərinin təəssüratları ilə öz müəllimlərini xeyli çətin sualla üz-üzə qoyacaqlar.
İsa müəllim muzeydə gördüklərini görəndən sonra: “Gərək institutmuzun əməkdaşlarını dəstə ilə gətirəm ki, bir gün buraları diqqətlə gəzib baxsınlar”.
İsa Həbibbəyli Azərbaycan Nilli Elmlər Akademiyasının vitse-prezidenti olmaqdan savayı Ədəbiyyat institutunun direktorudur.
Əgər o, peşəkar ədəbiyyatçıların gəlib Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat muzeyinə baxmağında zərurət görürsə, gərək onlardan öncə belə bir ziyarətin vacibliyini digər institutlarımız, nazirliklərimiz, komitələrimiz hiss edə.
Bizi biz edən dəyərlərə yaxın olduqca güclü olacağıq!

Gəlin, baxın, zövq alın, düşünün.
Fəqət heç vaxt yaddan çıxarmayın ki, bunlar sizdən daha əvvəl balalar üçündür.
Uşaqlarınız gətirin, nəvələrinizi gətirin, tariximizi, mənəviyyatımızın şərəfli, ibrətli, pak, unudulmamalı səhifələrini onlarla birgə seyr edin.
Evinizdəki telekanallardan fərqli olaraq muzeylərin “telekanalı” yalnız yaxşı olanları, örnək olanları göstərir!

Rafael Hüseynov,

Akademik

Etikxeber.az

Read Previous

Cüdo yarışlarında komandamızın aktivinə ilk qızıl medalı Məmmədəli Mehdiyev yazdırdı

Read Next

Paracüdoçularımızdan Elçin Talıbov və Ramil Qasımov da “qızıl” oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir