Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 10-dan Türkiyədə rəsmi səfərdədir.
Bu, Milli Məclisin Sədri Sahibə Qafarovanın parlament sədri kimi ilk xarici səfəridir.
Etikxeber.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Ankaranın Esenboğa hava limanında nümayəndə heyətimizi Türkiyə Böyük Millət Məclisinin Sədr müavini Süreyya Sadi Bilgiç və digər rəsmi şəxslər qarşılayıblar.

Həmin gün Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin ticarət naziri xanım Ruhsar Pekcan ilə görüşüb.
Azərbaycan parlament nümayəndə heyətini Türkiyədə salamlamaqdan məmnunluq duyduğunu deyən xanım nazir bildirdi ki, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,4 milyard dollar olub.
Lakin bu rəqəm iki ölkənin gerçək potensialını əks etdirmir və məqsədimiz ticarət dövriyyəmizi daha da artırmaqdır. Xanım nazir bildirdi ki, hədəfimiz Azərbaycanla Sərbəst Ticarət Anlaşması imzalamaqdır. Ruhsar Pekcan pandemiya səbəbindən Türkiyənin Orta Asiyaya İran üzərindən daşımalarda çətinlik yarandığını və bu səbəbdən Gürcüstan-Azərbaycan-Xəzər istiqamətinin daha da önəm qazandığını diqqətə çatdırdı.Qadın sahibkalığının inkişafı barədə danışan Ruhsar Pekcan bununla bağlı Türkiyədə görülən işlərdən danışdı.
O, qadın kooperativlərini gücləndirmək üçün yeni bir proqram başlatdıqlarını və qadınların iş həyatında daha çox yer tutması üçün layihələr həyata keçirməyə davam etdiklərini bildirdi. Qeyd etdi ki, “qadın güclənərsə, ailə güclənər, iqtisadiyyat güclənər.”Türkiyənin Naxçıvanla əlaqələrinə də toxunan Ruhsar Pekcan diqqəətə çatdırdı ki, Naxçıvan Azərbaycanın bizə əmanətidir və Naxçıvanla ticarət əlaqələrinin inkişafına xüsusi önəm veririk. Ümumiyyətlə, Azərbaycanla işbirliyimizdən məmnunuq və daha böyük ticarət dövriyyəsinə imza atacağımıza inanırıq.
Səmimi görüş üçün təşəkkür edən Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu onun ilk rəsmi səfəridir:
“Türkiyə bizim üçün doğma ölkə olduğu üçün Azərbaycanın ən yüksək vəzifəli şəxsləri ilk səfərlərini Türkiyəyə həyata keçirirlər. Türkiyə tərəfdən də bu belədir. Biz “bir millət, iki dövlətik”. Bu sözləri ulu öndər Heydər Əliyev deyib. Düşünürəm ki, doğrudan da bu sözlərin arxasında çox böyük həqiqət var. Çünki dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz də birdir. Eyni zamanda, bizim dilimizdə, mədəniyyətimizdə olan birlik bizə gələcəyimizi də birgə qurmağa imkan verir”.
İki ölkə arasındakı iqtisadi münasibətlərə toxunan Milli Məclisin Sədri bildirdi ki, Türkiyə və Azərbaycan bu gün region üçün çox böyük işlər görür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars dəmiryolu layihələri buna misal ola bilər. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi türkdilli ölkələri birləşdirən bir dəmiryoludur və onu yalnız Qədim İpək Yolu ilə müqayisə etmək olar. Hazırda iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Pandemiya şəraiti olmasına baxmayaraq, bu ilin 6 ayı ərzində qarşılıqlı ticarət dövriyyəmiz 2 milyard dolları keçmişdir.
Milli Məclisin sədri həm Türkiyədə, həm də Azərbaycanda qadınlara verilən dəstəkdən danışaraq qeyd etdi ki, hansı cəmiyyətdə qadın azaddırsa, yaxşı təhsili varsa, o cəmiyyət inkişaf edəcək.Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparıldı.
***

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü oldu.
Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini səmimi salamlayan Mustafa Şentop bildirdi ki, Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, tək millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırdı ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən mövzuda dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.
TBMM-in sədri qeyd etdi ki, Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər 83 milyonluq Türkiyənin qəlbinə su səpdi. Mustafa Şentop Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü çatdırdı.
Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən məmnunluq duyduğunu ifadə etdi.

Bildirdi ki, ölkələrimiz arasında gözəl bir ənənə formalaşmışdır – yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər:
“Mən də bu gözəl ənənəyə sadiq qalaraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir və mən əminəm ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq.Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı”.
Sədr pandemiyaya qarşı aparılan çox təsirli mübarizə ilə bağlı qardaş Türkiyə Cümhuriyyətini təbrik etdi. Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin Sədri qeyd etdi ki, dünya siyasi sistemində bunun alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.Sədr diqqətə çatdırdı ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir:
“Bu qardaşlıq parlamentlər arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir.Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmiraslanov, həm də Türkiyə tərəfdən Şamil bəy bu qruplara uğurla rəhbərlik edirlər. Şamil Ayrım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görülüb”.

Sahibə Qafarova qeyd edib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qruplarımız arasında da qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür. Çünki dostluq qrupları arasında təmasların intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir. Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya – AK Parti, CHP, MHP və İYİ Partinin ortaq bəyanatla çıxışına görə Türkiyə siyasətçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirdi.
Xanım sədr vurğuladı ki, bir millət iki dövlət olaraq tariximizdə də çox oxşarlıqlar var. Buna görə gələcəyimizi də gərək elə quraq ki, bunları qoruyub saxlayaq. Milli Məclisin Sədri Sahibə Qafarova qeyd etdi ki, cənab Prezidentin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər bütün Azərbaycanın mövqeyidir. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiyə arasında çox sıx münasibətlər var. Bugünədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik.
Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
17:55
***
Milli Məclisin Sədri Sahibə xanım Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində deputatlarımız Ankarada 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı TBMM-nin inzibati binasının bombalanmış hissəsi ilə tanış oldular.
Onlara burada o dövrkü hadisələr barədə geniş məlumat verildi.
Həmçinin, Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin iclas zalı ilə tanış oldu, millət vəkilləri üçün yaradılmış şəraitlə maraqlandı.




Etikxeber.az




