“Biz buna qarşı susmalı deyilik” – FƏZAİL AĞAMALI

Fəzail Ağamalı: Problemsiz ölkə yoxdur. Bizdə də bu və ya digər problemlər var və bu problemlər də çözülə-çözülə, aradan qaldırıla-qaldırıla gedir…

Etikxeber.az  millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının müsahibəsini təqdim edir:

-Fəzail bəy, parlamentin yaz sessiyasının ilk plenar iclasında gənc bloqer Mehman Hüseynov məsələsi ilə bağlı Milli Məclis (MM) adından Avropa Parlamentinə etiraz müraciətinin, məktubunun ünvanlanmasının təklif etdiniz. Qeyd edək ki, son zamanlar Azərbaycanla Avroparlament arasında növbəti gərginlik yaşanır. Amma o da məlumdur ki, cəmi ay yarm öncə Avroparlament Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanı tam qane edən qətnamə qəbul etmişdi. Ölkə başçısı özü də daim avroatlanlik məkana inteqarasiyanın, beynəlxalq qurumlarla əməkdaşlığın  tərəfdarı kimi çıxış edir. Bu baxımdan, burada hansısa ziddiyyətlər yaranmırmı?

– Mən də təbii ki, ölkə prezidentinin mövqeyni müdafiə edirəm, dəstəkləyirəm və biz avroatlantik inteqarasiya yolu tutmuşuq. Avropaya, onun üstün dəyərlərinə inteqrasiyanı davam etdiririk. Burada hər hansı əks fikir ola bilməz. Ancaq əgər avroatlantik məkanda, eyni zamanda, Avroparlamentdə anti-Azərbaycan qüvvələri varsa və onlar zaman-zaman Azərbaycana qarşı böhtan, qərəz ifadə edən qətnamələr qəbul edirlərsə, biz onlara qarşı dayanmalıyıq, onlara qarşı mübarizə aparmalıyıq. Onların mövqeyini alt-üst eləməliyik. Onalara deməliyik ki, ədalətə, haqqa söykənin. Necə olur ki, Ermənistanda bu yaxınlarda həbsxanada müxalif partiyanın sədr müavini, həm də deyildiyi kimi, jurnalist ölüm aclığı keçirir və buna görə ölürsa, Avropa Parlamenti susur. Sadəcə olaraq, Ermənistan hakimiyyətinə məktub göndərir ki, məsələni araşdırın və bizə məlumat verin. Və yaxud da ki, vaxtilə hərbi cani Robert Koçaryan Serj Sarkisyanı, özünün “davamçısı”nı hakimiyyətə gətirmək üçün İrəvanın küçələrində qan axıtdı, ondan çox adam öldürüldü, qətlə yetirildi. Ancaq o vaxt  heç bir  bəyanat verilmədi, əksinə, Sarkisyan  Avropa məkanına, Avropa Şurasına dəvət edilərək, orada ona imkan yaradıldı. Tribuna verildi ki, çıxış etsin.

Bu gün Fransada baş vermiş hadisələrlə əlaqədar ondan yuxarı insan ölüb, 500-dən yuxarı insan həbsxanaya salınıb, minlərlə insan xəsarət alıb. Ancaq bu haqda Avropa Parlamenti susub, heç bir söz demir. Mehman Hüseynov bir günlük aclıq aksiyası keçirir və dərhal da dayandırır,  ancaq bundan istifadə edərək anti-milli qüvvələrin göndərmiş olduğu dosye əsasında məsələni yoxlamadan, araşdırmadan Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilir. Biz buna qarşı susmalı deyilik. Biz buna qarşı mübarizəmizi davam etdirməliyik və bilməliyik ki, Avropa məkanında Azərbaycanın dostları ilə bərabər, onu istəməyən qüvvələr də var. Bu qüvvələr anti-Azərbaycan koalisiyasında birləşiblər. Burda eyni zamanda anti-milli qüvvələr də yer alırlar. Azərbaycanın inkişafını qəbul etməyən, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışan, ölkə prezidentinin həyata keçirmiş olduğu islahatlara mane olmağa səy göstərən, Azərbaycanda xaos yaratmaq arzusunda olanlar bu gün Azərbaycana qarşı düşmənçilik mövqeyini nümayiş etdirməkdədirlər. Biz bunlara qarşı dayanmalıyıq. Biz bunlara qarşı mübarizəmizi davam etdirməliyik və onları haqqa, ədalətə səsləməliyik. Mən bu niyyətlə o fikrimi ifadə etdim və düşünürəm ki, fikrimdə kifayət qədər arqumentliyəm.

-Opponentləriniz iddia edirlər ki, Avropa srtukturlarını tənqid etməkdənsə, onların irad bildirdiyi məqamları, nöqsanları aradan qaldırmaq daha yaxşı olar…

– Biz bir dövlət olaraq, təbii ki, böyük inkişafdayıq. Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətidir. Azərbaycan bu gün transmilli layihələrin müəllifi, təşkilatçısı və icraçısıdır.  Azərbaycan regionun və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynayan bir ölkədir. Bu gün Azərbaycan iki qitəni, Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun müəllifidir və onun reallaşmasında çox mühüm rol oynayan dövlətdir. Bu gün Azərbaycan eyni zamanda illər boyu imperatorların yürüşlər, hücumlar, müharibələr vasitəsilə reallaşdıra bilmədikləri bir işi, Baltik dənizi ilə isti dənizlərin birləşdirilməsini həyata keçirir, yəni, Azərbaycan bu gün Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizinin  yaradılmasında  həlledici, açar ölkədir və bunun təşəbbüskarlarından, ideoloqlarından biridir. Azərbaycan  bu gün ölkə prezidenti səviyyəsində, xüsusilə gəncləri aparıb idarəetmə sistemini yeni mərhələyə qaldıran bir ölkədir. Bunu qəbul etməyən qüvvələr var və biz də bu qüvvələrə qarşı dayanmalıyıq. Eyni zamanda, Azərbaycanın daxilində olan problemlər də öz həllini də tapmalıdır. İnkişaf olan yerdə problem var.

fazail-aqamali

Problemsiz ölkə yoxdur. Bizdə də bu və ya digər problemlər var və bu problemlər də çözülə-çözülə, aradan qaldırıla-qaldırıla gedir. Bundan sonra da inkişaf olduqca, problemlər ortalığa çıxacaq. Prosesin gedişində müəyyən nöqsanlar bəlli olacaq və dövlət də bütün bunların hamısını qarşılaya-qarşılaya, bunların hamısını zamanında və vaxtında aradan qaldırmaqda davam edir və edəcək.  Bizim elə uğurlarımızın ən əsas şərtlərindən də biri də budur ki, ölkə prezidenti cəmiyyətin ortaya qoymuş olduğu sosial sifarişləri önləyib onları yerinə yetirə bilir, problemlər bir-bir aradan qaldırılır. Azərbaycan bu baxımdan dünyanın inkişaf etmiş ölkə səviyyəsinə qalxmaqdadır. Ona görə də opponentlər fikir söyləyərkən, ədalətli olmalıdırlar. Yəni, Azərbaycanın uğurlarını deməklə, onu önə çəkməklə bərabər, həm də nöqsanları, çatışmayan cəhətləri də deməlidir. Deməklə kifayətlənməli deyil, əgər onların qafası, düşüncəsi, təfəkkürü buna imkan verirsə, problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini verməlidir. Tənqid etmək çox asandır. Lakin problemlərin aradan qaldırılmasına çıxan yolların tapılması kifayət qədər çətindir və ölkə prezidenti də ciddi şəkildə ölkəmizdə mövcud olan problemlərin aradan qaldırılması üçün addımlar atır və biz bunun həmişə şahidi oluruq.

– Qarabağ problemini bir kənara qoysaq, Fəzail Ağamalı olaraq, bu gün ölkədə hansı məsələnin daha çox problem yaratdığını, inkişafa mane olduğunu önə çəkərdiniz?  

– Bizim bir nömrəli problemimiz Qarabağ problemidir və bu problemdən başqa Azərbaycanın ciddi xarakter daşıyan problem yoxdur.

– Amma siz özünüz dəfələrlə sosial, eləcə də, demoqrafik situasiya ilə bağlı məsələlərin cəmiyyətin ciddi problemlərindən olduğunu dilə gətirmisiniz…

– Bunlar cəmiyyətin inkişafından doğan problemlərdir  və həyata keçirilməsi zəruri  olan vəzifələrdir. Bunlar Qarabağ problemi qədər cəmiyyətdə ciddi xarakter daşıyan, çətinlik yaradan problemlər deyil. Sosial problemlər, demoqrafik çətinliklər və sair, bunlar hər bir ölkənin,  hətta, inkişaf etmiş ölkənin problemi olaraq qalır. Bu gün Yaponiya kimi inkişaf etmiş ölkədə ildə, deyəsən, bir milyona yaxın azalma var. Ona görə də Yaponiya kənardan işçi qüvvəsi cəlb etmək niyyətindədir. Eyni vəziyyət vaxtilə ötən əsrin 60-cı illərində Almaniyada var idi. Almaniya ona görə türklərlə 1961-ci ildə bir anlaşma imzaladı və türklər orada o problemi aradan qaldırmaqda mühüm rol oynadı. İndi bu gün türk soydaşlarımızdan  üç milyondan yuxarı bir rəqəmdə Almaniya vətəndaşı olaraq çalışanlar var. Dünyanın istənilən ölkəsini götürün, orada da azalma var, demoqrafik problemlər özünü göstərir. İndi bizdə də ciddi xarakter daşıyan səviyyədə deyil, ancaq bu azalma meylləri var.

Bu azalma meyllərini aradan qaldırmaq üçün, təbii ki, tədbirlər görülməlidir. Ölkə prezidenti də təbii ki, bunun fərqindədir və əminəm ki, zamanında konkret addımlar atılacaq. Sosial məsələlərə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin son vaxtlar atdığı addımlara, sosial problemlərin azaldılması, məşğulluğun artırılmasına yönəlik addımlara nəzər yetirək. Yəni, məşğulluğun artırılması, işsizliyin aradan qaldırılması üçün cəhdlər edilir. Eyni zamanda, parlamentə çıxışımda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhərində tikintinin dayandırılması ilə yaranan problemin üzərində dayandım. Əminəm ki, bütün bunların hamısı cəmiyyətin sifarişindən gələn işlərdir və biz də onları zamanında qaldırırıq.

Ölkə prezidentinin komandası da  bütün bunların hamısını zamanında görür və onlar da vaxtında aradan qaldırılır. Yəni, cəmiyyyət inkişaf etdikcə, onun inkişafı ilə bərabər onun inkişafından doğan müəyyən çətinliklər, müəyyən çağırışlar da ortalığa çıxır ki, dövlət də bu çağırışları zamanında görüb, aradan qaldırır. Bir sözlə, ölkə prezidentinin siyasəti birmənalı olaraq buna söykənib, buna yönəlib, buna hədəflənib.

Etikxeber.az

Read Previous

İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul etdi – FOTO – YENİLƏNİB

Read Next

Beynəlxalq Multikulturalizm Mərkəzinə 800 min manat ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir