“Biz Haqq savaşı aparırıq…Allah da Haqqın, bizim yanımızdadır…”-ELDAR İBRAHİMOV AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN DOSTLUQ VƏ QARDAŞLIĞINDAN YAZDI

Eldar İBRAHİMOV: “Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı dünyaya örnəkdir…Dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq…Bizlər hələ çox Zəfərlərə imza atacağıq”

Haqq savaşımızın ən səmimi dostları

“Mən fürsətdən istifadə edərək, bizim digər dost-qardaş ölkələrə də təşəkkürümü bildirmək istəyirəm. Türkiyədən sonra bizə ikinci dəstək verən ölkə Pakistan oldu, ondan sonra Əfqanıstan oldu, ondan sonra daha bir neçə ölkə bizə öz dəstəyini göstərdi. Onların hər birinə, o ölkələrin prezidentlərinə təşəkkürümü bildirirəm. Bu çətin dönəmdə təbii ki, onların həmrəyliyi, dəstəyi bizim üçün çox önəmlidir və bizə mənəvi güc verir”.

Bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qardaş Türkiyənin nüfuzlu media qurumlarından olan “TRT Haber”ə geniş məzmunlu müsahibəsində səsləndirib.

Bəli, Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, qardaş, dost Türkiyə, Pakistan və Əfqanıstan son hadisələrdə birmənalı şəkildə Azərbaycanın yanında yer alan, onu qeyd-şərtsiz dəstəkləyən ölkələr oldu.

Xatırladaq ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra da onu tanıyan ölkələr arasında ilk sırada qardaş Türkiyə və Pakistan dayandı. Türkiyə birinci, Pakistan müstəqilliyimizi tanıyan ikinci ölkə oldu. 32 ildən artıq davam edən Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyən, Ermənistanın təcavüzkarlığını pisləyən, münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edən ilk iki ölkə məhz Türkiyə ilə Pakistandır.

Təcavüzkar Ermənistanla heç bir siyasi-diplomatik münasibətlər qurmayan 3 ölkədən ikisi yenə Türkiyə ilə Pakistandır. Həmçinin qardaş və dost Özbəkistan Ermənistanla heç bir siyasi-diplomatik münasibətlərə malik deyil. Eyni zamanda Pakistan, ümumiyyətlə, Ermənistanı bu günədək hələ müstəqil dövlət kimi tanımayıb. Dünyanın, 20-ci əsrin ən böyük insanlıq dramı olan Xocalı qətliamını ilk pisləyən, Ermənistanı mühakimə edən iki ölkə yenə Türkiyə və Pakistan oldu. Pakistan Senatı həm də Xocalı vəhşətini soyqırımı aktı kimi tanıyan ilk parlament, ilk dövlətdir.

İstər Azərbaycan, istər Türkiyə, istərsə də Pakistan ötən 29 il ərzində hər bir məsələdə eyni mövqedən çıxış edir, bütün platformalarda bir-birini müdafiə edir, bir-birinə dəstək verir. Azərbaycan illərdir terrorla üz-üzə olan Türkiyənin və Pakistanın yanındadır, onların terrora və terrorçulara qarşı bütün addımlarını istisnasız müdafiə edir, Türkiyə ilə Pakistan da daim Qarabağ, ərazi, torpaq bütövlüyü məsələsində Azərbaycanın yanındadır.

Ötən 29 ildə bu məsələlərdə, bu mövqelərdə heç bir dəyişiklik yoxdur və ola da bilməz. Həm də ölkələrimizin lideləri arasında gözəl, səmimi dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında olan münasibətlər isə dünyaya örnək, nümunə, model olacaq qardaşlıq münasibətləridir.

Hər iki lider bir-birinə “Qardaşım”-deyə, müraciət edir. Bu özü münasibətlərin hansı səviyyədə və hansı zirvədə dayandığını göstərir. Bu münasibətlər eyni şəkildə Pakistan rəhbərliyi ilə də mövcuddur. Həm Azərbaycan, həm Türkiyə bu gün dünyada söz və nüfuz sahibidirlər, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas aktorlardır.

Onların iştirakı, icazəsi, razılığı olmadan bu bölgədə heç bir beynəlxalq, transmilli və regional lahiyələr icra olunmur. Yalnız onların birgə iştirakı və razılığı ilə istənilən layihənin rallaşması, icrası mümkündür. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, “STAR” və sair məhz bu iki ölkənin əməkdaşlığının, dostluğunun, qardaşlığının, birgəliyinin, həmrəyliyinin nəticəsi, təcəssümüdür. Bu istiqamətdə növbəti zəfərlər yazılır, yazılmaqdadır və yazılacaq. Növbəti zəfər TAP olacaq.

Bəli, təcavüzkarlığından, murdar xislətindən, bəd əməllərindən əl çəkməyən Ermənistan, onun avantürist rəhbəri və rəhbərliyi son zamanlar daha da azğınlaşıb, daha da quduzlaşıb. Təxribatlar təxribatlar dalınca gəlir. Hər dəfə də Azərbaycan dövləti və Ordusu tərəfindən layiqli cavabları verilir. İstər iyul hadisələri zamanı, istərsə də sentyabrın 27-dən bu yana işğalçıya hərtərəfli, onun layiq olduğu cavablar verilib, verilir və verilməkdədir.

İkinci Qarabağ savaşı, ikinci Vətən müharibəsi, Qarabağın və işğal altındakı digər yurd yerlərimizin bütövlükdə azad olunması uğrunda Zəfər yürüşü davam etməkdədir, yurd yerlərimiz addım-addım, qarış-qarış azad olunmaqdadır. Həm iyul hadisələri, həm son hadisələr zamanı yenə də yanımızda birinci yer alan, ilk dəstək verən iki ölkə məhz Türkiyə və Pakistan oldu. Hər iki dövlət birmənalı şəkildə Azərbaycanın Qarabağın işğaldan azad olunması yolunda atdığı bütün addımları birmənalı şəkildə dəstəkləməkdədirlər, Azərbaycana hərtərəfli dəstəklərini verməkdədirlər.

Heç təsadüfi deyil ki, ölkə Prezidenti yaralı hərbçilərlə görüşü zamanı açıq şəkildə dedi:

“Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır! Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər”. Bəli, bu, əsl dostluq, əsl qardaşlıq nümunəsi, yanaşması, mövqeyidir. Bunun əksini düşünmək də olmaz. Bu, hər zaman belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq.

Bu üç ölkə birlikdə hələ çox Qələbələrə, Zəfərlərə imza atacaq, nail olacaq. Türkiyə onu təhdid edən terrordan qurtulacaq, Pakistan həm terroru bitirəcək, həm Kəşmir problemini həll edəcək, Azərbaycan isə Qarabağına qovuşacaq.

Eyni zamanda 1979-cu ildən müharibələrdən, qırğınlardan başı açılmayan, terrordan əziyyət çəkən qardaş və dost Əfqanıstana sülh gələcək, bu ölkə dinc həyatına dönəcək.

Bəli, Azərbaycan onun yanında olanları unutmur, unutmayıb və unutmayacaq. Azərbaycan yanında olanlarla birlikdə sözünü hələ çox deyəcək. Bu, birmənalıdır. Qoy bunu hər kəs bilsin və duysun!

Bizim işimiz Haqq işidir.

Allah da Haqqın yanındadır, bizim yanımızdadır.

Necə deyərlər, biz sussaq, tarix susmayacaq, tarix sussa, həqiqət susmayacaq.

Qarabağ bizimdir, bizim olacaq!

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Ruhu, qanı, canı ilə sülh tərəfdarı olan Azərbaycan xalqı!”-ZİYAD SƏMƏDZADƏ HƏRB, MÜHARİBƏ DÖVRÜNÜN İQTİSADİYYATINDAN VƏ DİGƏR MƏSƏLƏLƏRDƏN YAZIR – (BİRİNCİ HİSSƏ)

Read Next

“Ermənilərin Goranboyu raket atəşinə tutması nəticəsində bir nəfər ölüb”-BAŞ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir