“Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”-MM-İN KOMİTƏ SƏDRİ – ZAHİD ORUC, QÜDRƏT HƏSƏNQULİYEV VƏ RAZİ NURULLAYEVDƏN MARAQLI TƏKLİFLƏR – YENİLƏNİB – (1)

Siyasi partiyalara ayrılan vəsait çox ədalətsiz bölüşdürülür, vəsait daha çox hakim partiyaya çatır.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini Qüdrət Həsənquliyev bildirib.

Q. Həsənuqlyiev deyib ki, dövlət büdcəsindən ayrılan vəsait partiyaların deputatlarının sayına görə partiyalar arasında bölüşdürülür:

“Əslində, azlıqda olan partiyalara daha çox vəsait ayrılmalıdır. Eyni zamanda dövlət büdcəsində QHT üçün nəzərdə tutulan vəsaitlərin də artırılmasına ehtiyac var”.

Deputat qeyd edib ki, polislərdən aşağı zabit heyətinin maaşının da iki dəfə artırılmasına ehtiyac var:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da maaşı artırılmalıdır, onların maaşı aşağıdır. Qlobal iqlim dəyişmələri, yanğınların artması təhlükəsini nəzərə alsaq, FHN üçün yeni təyyarələrin və vertolyotların alınmasına da ehtiyac var”.

***

“1990-cı illərdə pensiyaçılar əhalinin 8,8 faizini təşkil edirdi, indi isə bu göstərici daha aşağıdır”-deyən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə bildirib ki, dünya ölkələrində bu baxımdan orta göstərici 20 faizdir:

“Biz pensiya yaşını artırmışıq, bu sahədə balans müəyyən qədər pozulub”.

Sonra “Azərbaycanda əhalinin 30 faizindən çoxu paytaxtda yaşayır”-deyən Z. Oruc bildirib ki, kommunal xidmətlərin 40 faizə qədəri Bakıda istifadə edilir:

“Bakının yüklənməsi iqtisadi, sosial, nəqliyyat və digər problemlər doğurur. Bakının yüklənməsi artıq sosial-psixoloji fenomenə çevrilib və cəmiyyəti hökumətin bu sahədə atacağı addımlar maraqlandırır”.

***

“Biz hökumət nümayəndələrini ayda-ildə bir dəfə görə, sual verə bilərik. Əslində, dünya ölkələrində olduğu kimi bizdə də həftədə, ayda bir dəfə “Hökumət saatı” olmalıdır”.

Bunu çıxışı zamanı deputat Razi Nurullayev bildirib.

R. Nurullayev deyib ki, büdcə müzakirələrində komitədə və parlamentdə 5 dəqiqə danışmaq imkanı olur:

“Ancaq biz bütün sualları 5 dəqiqəyə verə, danışa bilmərik. Ona görə də mütləq “Hökumət saatı” olmalıdır”.

Deputat qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanı 8 aya istifadəyə verilib, Qarabağda yollar da ildırım sürəti ilə tikilir: “Bəs niyə digər regionlarda işlər belə sürətlə görülmür?”

MM sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öz növbəsində deyib ki, hökumətə deputat sorğuları göndərilə bilər:

“Eyni zamanda deputatlar nazirlərlə, o cümlədən Samir Şərifovla görüşə bilər. Bizim parlament ənənəmizdə “Hökumət saatı” yoxdur. Daha innovativ yollar tapıla bilər”.

Etikxeber.az

Read Previous

“Azərbaycanda ətraf mühitin standart və qaydalarının qorunması bir çox inkişaf etmiş ölkələrdən daha güclüdür”-BERNARD LUNİN – FOTO

Read Next

Evin tək oğlu, bir qızı Vətənə əmanət qalan, 5 medallı-PƏRHLİ QƏRİBOVUN ANIM GÜNÜ – MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, QISA, LAKİN ŞƏRƏFLİ HƏYAT-DÖYÜŞ YOLUNDAN BƏHS EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir