“Biz Qalibik, biz Qalib xalq, biz Qalib dövlət, biz Qalib hökümət, biz Qalib parlamentik!”-MİLLƏT VƏKİLİNİN YAZISI

6-cı çağırış Milli Məclisin (MM) fəaliyyətə başlamasından artıq düz bir il ötür.

***

Növbədənkənar parlament seçkiləri nəticəsində formalaşdırılan yeni tərkibli və yeni ruhlu parlamenti ötən ilin martın 10-da özünün ilk-açılış iclasını keçidi- həm də ilk-yaz sessiyasına start verdi.

İclasda Azərbaycan Prezidenti cənab İlham Əliyev iştirak edərək, parlamentarilər qarşısında geniş məzmunlu tarixi və parlaq nitq söylədi, çıxış etdi.

O, Azərbaycanın və Milli Məclisin keçdiyi tarixi yola bir daha nəzər salaraq, həm dövlətimiz, həm xalqımız, həm də parlamentarilərimiz qarşısında yeni vəzifələr, yeni hədəflər qoydu, yeni çağırışlar səsləndirdi.

Xüsusilə, ölkədə milli həmrəyliyin və barışın davamı olaraq, siyasi həmrəyliyin və barışın da əldə edilməsinin vacibliyini diqqətə çəkdi, sanki yeni “Yol xəritəsi” cızdı. Heç təsadüfi deyil ki, elə ilk iclasda, parlamentin rəhbərliyinin və rəhbər orqanlarının, komitələrin sədr və sədr müavinlərinin seçilməsində siyasi həmrəylik, siyasi barış yolunda da mühüm, önəmli və tarixi addımlar atıldı.

Müstəqillik qazandıqdan sonra ilk dəfə olaraq, müxalifət partiyasının-parlamentdə 3 millət vəkili ilə təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) nümayəndəsi, dəyərli həmkarımız, professor Fəzail İbrahimli Milli Məclis sədrinin müavini seçildi.

Eyni zamanda, son 30 ildə ilk dəfə olaraq, parlamentin sədri vəzifəsinə xanım millət vəkili-professor, Azərbaycanı beynəlxalq qurumlarda, xüsusilə, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ləyaqətlə təmsil edən Sahibə xanım Qafarova seçildi. Maraqlıdır ki, 30 ildən-rəhmətlik Elmira Qafarovadan sonra parlamentə yenə Qafarova soyadlı ikinci xanım millət vəkili rəhbərlik etməyə başladı.

Qeyd etdiyimiz kimi, parlamentin sədarəti tamamilə yeniləşdirilməklə yanaşı, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsində də yeniliyə imza atıldı. Komitə sədrləri və sədr müavinləri bu dəfə təkcə parlamentdə böyük çoxluq təşkil edən hakim partiyanın üzvlərindən və bitərəflərdən deyil, həm də Milli Məclisdə yer alan iqtidar və müxalifönlü siyasi təşkilatların təmsilçiləri daxil olmaqla formalaşdırıldı.

Demək olar ki, parlamentdəki bütün partiyaların nümayəndələri komitə sədrləri və ya sədr müavinləri vəzifələrinə seçildilər. Bunun özü də bir ilk, bir yenilik olmaqla, həm də Milli Məclisə yeni bir ruhun gəlməsi, siyasi barışıq, siyasi dialoq mühitinin əldə edilməsi, ən əsası ölkə Prezidentinin qarşıya qoyduğu hədəflərə çatılması istiqamətində atılan çox mühüm addımlardan idi.

Bəli, 6-cı çağırış Milli Məclis fəaliyyətə başlayar-başlmaz dünyanın başının üstünü “Domokl qılıncı” kimi kəsdirən koronavirus adlı bəla “çağırılmamış qonaq” kimi, ölkəmizə də bütün önləyici addımlara rəğmən “ayaq açmağa” başladı. Bu isə yeni və gözlənilməz bir situasiya idi. Odur ki, həm Azərbaycan dövləti, həm Azərbaycan xalqı, həm də Azərbaycan xalqının seçib formalaşdırdığı yeni parlament qarşısında bir sıra həlli vacib təxirəsalınmaz məsələlər, yəni, koronavirusla mübarizəyə, onun fəsadlarının qarşısının alınmasına səfərbər olunmaq vəzifəsi dayandı.

Təbii ki, istər Azərbaycan dövləti, istər Azərbaycan hökuməti, istərsə də 6-cı çağırış Milli Məclis koronavirusla mübarizə, müharibədə ilk gündən, ilk anlardan ardıcıl, birmənalı və barışmaz bir, mövqe bir yol tutdu. İstər ölkə vətəndaşlarının, istərsə də Azərbaycan iqtisadiyyatının bu bəladan az itkilərlə çıxması, az zərərlərlə ötüşməsi üçün Milli Məclis bir sıra mühüm addımlar atdı, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, sosial sığorta ilə bağlı qanunvericiliyə və digər qanunvericilik aktlarına çox mühüm dəyişikliklər etdi.

Eyni zamanda, hər bir millət vəkili öz seçicisinin yanında olmağa çalışdı, onları tək, yalnız buraxmadı. Bu da öz növbəsində digər önəmli və önləyici addımlarla birlikdə Azərbaycanda koronavirus pandemiyasının fəsadlarının qarşısının alınmasında, önlənməsində, ondan az itkilərlə çıxılmasında çox mühüm əhəmiyyətə malik oldu.

Bəli, koronavirus pandemiyası istər-istəməz parlamentin də işinə, iş rejiminə, fəaliyyətinə təsirsiz qalmadı, müəyyən ləngimələr yarandı, komitə iclasları onlayn formata keçirilməyə başlandı, ancaq bununla belə, sədrimiz hörmətli Sahibə xanım Qafarovanın rəhbərliyi ilə Milli Məclisimiz öz üzərinə düşən işlərin, vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacardı.

Eyni zamanda, 6-cı çağırı Milli Məclisin ikinci-payız sessiyası tarixi 44 günlük İkinci Vətən Müharibəsinin başladığı ərəfəyə təsadüf etdi.

Belə ki, payız sessiyasının başlamasına 3-4 gün qalmış, sentyabrın 27-də axşam saatlarında Milli Məclis yığışaraq, öz təcili iclasını keçirdi və ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı tarixi qərar layihəsini qəbul etdi.

Qərar layihəsi də dərhal Ali Baş Komandan tərəfindən imzalanaraq, öz hüquqi qüvvəsinə mindi və beləliklə, Azərbaycan Ordusu, Azərbaycan Əsgəri tarixi missiyasını, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına başladı.

Cəmi 44 günə yağı və qəvi düşmən, faşist və terror dövləti olan Ermənistan və onun havadarları üzərində parlaq Qələbə, Zəfər çalındı.

Qalib, Müzəffər Sərkərdə, Xilaskar Oğul, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu, Azərbaycan Əsgəri Azərbaycan dövləti və Azərbaycan xalqından güc, qüvvət alaraq, düşməni diz çökdürdü, Qarabağmızı işğaldan qurtardı.

44 günlük müharibə dövründə də Azərbaycan parlamenti və parlamentariləri hər an, hər saniyə Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin yanında oldu, müsəlləh əsgərə döndü. Bu dönəmdə də öz üzərində düşən tarixi missiyanın öhdəsindən layiqincə gəlməyə çalışdı və bunu da bacardı.

Bəli, çox sevindirici və qürurvericidir ki, 6-cı çağırış Milli Məclis və onun üzvləri Qalib dövlətin və Qalib millətinin parlamenti və parlamentariləri kimi tarixə düşdülər.

Qalib ölkənin Qalib parlamenti. Bundan böyük uğur, bundan böyük xoşbəxtlik, bundan böyük fərəh ola bilərmi?! Əsla və əsla!

Bütün xalqımız kimi, biz də özümüzü çox xoşbəxt, çox bəxtəvər sayır, hesab edirik, biz Qalibik, Qaliblərdənik! 44 günlük dönəmdən sonra da Milli Məclisi qarşısında duran vəzifələrin həyata keçirilməsi istiqamətində yoluna, fəaliyyətinə davam etdi, ötən ilin son günlərində ilk dəfə olaraq Qalib ölkənin Qələbə, Zəfər büdcəsini geniş və hərtərəfli müzakirələrdən keçirərək qəbul etdi.

Bəli, bu günləri də, bu tarixi, qürurverici anları da yaşamaq varmış qismətimizdə, taleyimizdə.

Min, milyon şükürlər olsun!

Bir sözlə, 6-cı çağırış parlamentin ilk bir ili həm çətin, həm həssas, həm məsuliyyətli, həm də ən əsası Şərəfli, Qürurlu bir il kimi tarixə yazıldı, tarixə həkk olundu.

Bəli, biz Qalibik, biz Qalib xalq, biz Qalib dövlət, biz Qalib hökümət, biz Qalib parlamentik!

***

Tarixi İkinci Vətən Müharibəsindən ötən dövrlərdə də Qələbə üzərinə Qələbə, Zəfər üzərinə Zəfər gəlməkdədir.

Qalib Sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə hər gün yeni Qələbələr, yeni Zəfərlər yazılır, Qələbələr, Zəfərlər hamısı ard-arda gəlir. İşğaldan azad olunmuş ərazilərimizə səfərlər, Füzuli-Şuşa yolunun çəkilişi, Füzuli Hava Limanın təməlinin atılması, “Güləbird” Su Elektrik Stansiyasının işə salınması, Xocalı soyqırımın 29-cu ildönümündə ölkə Prezidentinin tarixi 4 saatlıq mətbuat konfransının keçirilməsi, 35-dən çox yerli və xarici media təmsilçisinin 50-dən çox sualının 4 dildə cavablandırılması, bir daha Xocalı, Azərbaycan həqiqətlərinin ortaya qoyulması günümüzün, dövrümüzün böyük və tarixi hadisələrindəndir.

Ölkə Prezidenti 4 saatlıq mətbuat konfransında bir daha müharibənin başa çatdığını, bir daha Dağlıq Qarabağ adlı münaqişənin tarixə çevrildiyini deyərək, həm düşmənə, həm də onun havadarlarına öz qəti və birmənalı xəbərdarlığını etdi.

Sitat:

“…Müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir.

Əks-təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq…”

Bəli, bu, Qətiyyətin, bu, Siyasi İradə və Əzmin, bu, Qalibiyyətinin daha bir təcəssümü, təntənəsi idi. Müzəffər Ali Baş Komandan revanşizmə imkan verilməyəcəyini, “Dəmir Yumruq”un hər an öz qüvvəsində, öz gücündə qaldığını və qalacağını açıq və birmənalı şəkilə bir daha düşmənə və havadarlarına bəyan etdi.

Eyni zamanda, hakim Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında çıxışı zamanı ölkə Prezidenti növbəti hədəflər müəyyənlşədirdi, yeni çağırışlar səsləndirdi.

Bəyan etdi ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir, amma, eyni zamanda, təcrübədir.

“Ali Baş Komandan, bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır”-deyərək, Ali Baş Komandan onu da vurğuladı ki, biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq.

Çünki güc hər şeyi həll edir.

Bəli, əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

Ali Baş Komandanın bildirdiyi kimi, biz yeni dövrə qədəm qoyduq və qoymuşuq.

Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir.

Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq,

Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

Belə də olacaq, üçrəngli, ay-ulduzlu bayrağımız daim ucalarda və ənginliklərdə dalğalanacaq.

Necə deyərlər, bir kərə yüksələn bayraq, bir daha enməz!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

814 yeni yoluxma-DAHA 12 ÖLÜM…

Read Next

“Azərbaycan Vətən müharibəsində qazandığı şanlı Qələbənin ruhu və ovqatı ilə daha da qüdrətlənəcək, parlaq sabahlara inamla addımlayacaq”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir