“Biz sülh istəyirik: Əks halda biz 30 ildən bəri məsələnin sülh yolu ilə həllinə ümid bəsləməzdik. Amma…”-JALƏ ƏLİYEVA MEKSİKA SƏFİRİ İLƏ NƏLƏRDƏN DANIŞDI VƏ DİPLOMATA NƏYƏ GÖRƏ TƏŞƏKKÜR ETDİ?

Azərbaycan-Meksika Parlamentlərarası Dostluq qrupunun rəhbəri, Milli Məclisin Ailə, qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores ilə telefonla danışıb.

Etikxeber.az-ın xəbərinə görə, telefon danışığı zamanı Jalə Əliyeva işğalçı Ermənistan ordusunun 27 sentyabrda həyata keçirtdiyi növbəti təxribat nəticəsində yaranan vəziyyət, cəbhə boyu gedən döyüşlər, erməni tərəfinin mülki şəxsləri hədəf alması və s. haqqında məlumat verib. Jalə Əliyeva Azərbaycan parlamentinin dünyanın bütün ölkələrinin parlamentlərinə müraciət qəbul etdiyini səfirin diqqətinə çatdırıb.

Jalə Əliyeva Azərbaycanın haqlı mübarizəsində ölkəsini dəstəklədiklərinə görə Meksika hökümətinə və Parlamentinə, eyni zamanda Azərbaycan-Meksika dostluq qrupunun rəhbəri Aqustin Qarsiya Rubioya təşəkkürlərini bildirib. Azərbaycanın öz torpaqlarının bütünlüyü uğrunda beynəlxalq hüquq prinsipləri çərçivəsində haqlı bir mübatizə apardığını səfirin diqqətinə çatdırıb.

Jalə Əliyeva deyib:

” Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli bir ölkədir. Burada bir çox ölkələr, o cümlədən erməni xalqı da yaşayır. Biz sülh istəyirik. Əks halda biz 30 ildən bəri məsələnin sülh yolu ilə həllinə ümid bəsləməzdik. BMT- nin Nizamnaməsində də göstərilir ki, hər bir dövlətin özünü müdafiə haqqı var. Bu gün dünyanın heç bir dövləti qondarma Dağlıq Qararabağ respublikasını tanımır. Bu günlərdə bizə dəstək olan ölkələrə, beynəlxalq təşkilatlara minnətdarıq. BMT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və s. bizi dəstəklədilər. Biz əminik ku, bu dəstək daha da genişlənəcək.”

Jalə Əliyeva eyni zamanda Azərbaycana qarşı ədalətsizlik edən, münaqişənin həllində təktərəfli- ermənipərəst mövqe sərgiləyən bəzi ölkə və təşkilatları qınayıb, Meksika hökümətini və Parlamentini Azərbaycana bu günə qədər verdikləri dəstəyi davam etdirməyə dəvət edib.

Telefon danışığı zamanı səfir bu məlumatların onun üçün çox vacib olduğunu və bu məlumatları etibarlı bir mənbədən aldığı üçün ikiqat əhəmiyyət daşıdığını bildirib. Səfir, döyüşlər zamanı insan itkilərindən üzüntü keçirdiyini bildirib və bu münasibətlə Azərbaycan xalqına başsağlığı diləyib.

Səfir deyib ki, Meksika beynəlxalq hüquq, BMT TŞ-nin müvafiq Qətnamələri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkədir. 28 sentyabrda Meksika hökümətinin twitter sosial şəbəkəsi vasitəsilə bəyanat yaydığını, bəyanatda bölgədə yaranan vəziyyətdən narahatlıq ifadə edildiyini və tərəflərin hərbi toqquşmaları dayandırmağa dəvət edildiyini bildirib.

Vurğulanıb ki, bu kimi hallar sadəcə Azərbaycanın deyil, bütünlükdə regionun təhlükəsizliyinə mənfi təsir göstərir. Meksikanın Azərbaycanla dostluq münasibətlərinin hər iki ölkə üçün əhəmiyyət daşıdığını, Meksikanın Azərbaycanla siyasi, diplomatik sahədə partner olmaqla yanaşı, həm də iqtisadi əməkdaşlıq sahəsində uğurlar əldə edildiyini bildirib.

Səfir münaqişənin tezliklə Azərbaycanın torpaq bütünlüyü çərçivəsində həllindən yana olduqlarını ifadə edib.

Jalə Əliyeva Meksikanın Azərbaycan həqiqətlərini, Azərbaycanın ədalət tələbini və öz əzəli torpaqlarının bütünlüyü uğrunda mübarizəsini bu günə qədər olduğu kimi, bundan sonra da müdafiə edəcəyinə inamını ifadə edib və bu çağırışın diplomatik kanallarla Meksika hökümətinə və parlamentinə çatdırılmasını səfirdən xahiş edib.

Səfir Flores hazırki vəziyyət haqqında verdiyi dolğun, əhatəli məlumatlar, aparılan faydalı müzakirə üçün Jalə Əliyevaya təşəkkür edib, toxunulan məsələləri ölkəsinə çatdıracağını bildirib.

Sonda Azərbaycan-Meksika parlamentlərarası dostluq qrupunun rəhbəri Jalə Əliyeva konstruktiv keçən görüş üçün səfir Xuan Rodriqo Labardini Floresə təşəkkür edib və Meksikanın Azərbaycanın yanında olacağına bir daha əminlik ifadə edib.

Etikxeber.az

Read Previous

Makron növbəti dəfə İlham Əliyevə-ZƏNG ETDİ…

Read Next

“Ermənistanın 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib…”-MÜDAFİƏ NAZİRLİYİ – DÜŞMƏN YENƏ GORANBOY, TƏRTƏR, AĞDAM, AĞCABƏDİ VƏ MİNGƏÇEVİRİ ATƏŞƏ TUTUR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir