“Bizdən qorxmalarının, bizim üzərimizə əyri-üyrü yollarla saldırmalarının səbəbi də elə budur!”-JALƏ ƏLİYEVADAN ETİRAZ – (BİRİNCİ HİSSƏ)

Son bir neçə günümüz yenə zəngin hadisələrlə, tarixi mesaj və bəyanatlarla, açılışlarla yadda qaldı.

İstər dünyamızda, istər ətrafımızda, istərsə də ölkəmizdə gündəm mövzuları çox zəngin oldu.

Təbii ki, bir parçası, tərkib hissə olduğumuz üçün dünya gündəmini məşğul edən bir çox mövzular, məsələlər bu və ya digər dərəcədə ölkəmizi də ilgiləndirdi, əhatələndirdi.

***

Birinci ondan başlayaq ki, ötən həftənin son günlərində, aprelin 24-də ABŞ prezidenti Co Bayden tarixi həqiqətlərə və faktlara göz yumaraq, çıxışında “erməni soyqırımı” ifadəsini səsləndirdi.

Bununla da ABŞ tarixində, xüsusilə də, son 40 ildə bu saxta və uydurma məsələni dilə gətirən (Rolnald Reyqandan sonra) ikinci dövlət başçısı oldu.

Bu bəyanatı, bu ifadəsilə də həm ölkəsinin imicinə, dünyadakı nüfuzuna zərbə vurdu, həm də tarixi müttəfiqi olan qardaş və dost Türkiyə ilə münasibətləri ciddi şəkildə zədələdi.

Eyni zamanda, Azərbaycanla münasibətlərə xələl gətirdi. Bəli, dünyanın iki-üç supergücündən birinin ali dövlət rəhbərinin belə yanlışlığa və tarixi xətaya yol verməsi qəbuledilməz və bağışlanmazdır.

Çünki dünyada “erməni soyqırımı” deyilən bir məsələ yoxdur. Əgər soyqırımı məsələsi bunları belə düşündürürsə, soyqırımına məruz qalmış bir xalq, qövm olaraq, dəqiq ünvanı göstərə, təqdim edə bilərik… Ki, kim soyqırımı edib, kim soyqırımına məruz qalıb.

Bəli, soyqırımı tarixi-bəşəri cinayətdir, onu kim törədirsə, cəzaya və lənətə layiqdir, ancaq burada ünvan səhv salınmamalı, fakt və faktlar saxtalaşdırılmamalı, hədəf yayındırılmamamlıdır.

Bəli, soyqırımı görmək istəyənlər istər qardaş Türkiyənin, Türk xalqının tarixinə, yaşanmışlarına nəzər salsınlar, həm də Azərbaycan xalqının, Azərbaycan türklərinin bir əsrdən çoxdur başına gətirilənlərə diqqət yetirsinlər.

Onda görərlər ki, kim, hansı xalq soyqırımına, qətliamlara məruz qalıb, kim, hansı xalq soyqırımı-vəhşət törədib.

Bəli, soyqırımına, vandalizmə, barbarizmə məruz qalan bizlərik-Türkiyə və Azərbaycan türkləri, bu soyqırımı aktlarını, insanlıq dramlarını da həyata keçirənlər məhz dünyanın “əzabkeş”, “yazıq”, “məzlum” kimi tanıdıqları ermənilər, onları bizim üzərimizə körükləyənlərdir.

1918-ci ilin mart qırğınları, Bağanis Ayrım, Qarakənd, Xocalı, Umudlu, Qaradağlı, Meşəli, Cəmilli, Ağdaban, Ballıqaya, Başlıbel soyqırımları, vandalizmləri, daha neçə-neçə insanlıq dramları məhz bizə qarşı törədilib, bizə yaşadılıb, özü də məhz erməni qaniçənləri, onların Şimallı-Cənublu, Qərbli-Şərqli havadarları tərəfindən.

Ona görə də soyqırımı “axtarışı”nda olanlar bu faktlardan danışsınlar, özlərini lallığa, karlığa və korluğa vurmaqdan qurtarsınlar, həqiqətin, olanların gözünə dik baxsınlar.

Amma nə yazıqlar ki, “axtarış”da olanlara bunlar sərf etmir, bunlar lazım deyil.

Onlara öz məkrli siyasətlərini planlamaq və həyata keçirmək üçün uydurma, saxta “erməni soyqırımı” lazımdır.

Amma indiyə qədər heç nəyə nail ola bilmədikləri kimi, bundan sonra da heç nəyə nail ola bilməyəcəklər, “bomba”ları öz əllərində partlayacaq yenə.

Nə qardaş və dost Türkiyəni, nə də onunla qoşa addımlayan Azərbaycanı öz məhvərindən qoparmaq, öz yolundan sapdırmaq mümkün olacaq. Necə ki, indiyədək mümkün olmayıb, bundan sonra mümkün deyil və olmayacaq!

Heç təsadüfi deyil ki, Baydenin son bəyanatı Türkiyə və Azərbaycanı bir daha bir-birinə yaxınlaşdırdı, pərçimlədi! İki qardaş və dost dövlət yenə “İki dövlət-bir millət” olduğunu, həmrəyliyini nümayiş etdirdi və hər kəsə bir daha yerini tanıtdı.

Elə həmin gün, aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu. Telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadılar.

Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırdı. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğuladı.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirdi.Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etdi.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etdilər.

Bəli, növbəti dost və qardaş həmrəyliyi, birgəliyi, vahidliyi!

Bəli, bizi biz, bizi həmrəy, bizi güclü edən də elə budur!

Bizdən qorxmalarının, bizim üzərimizə əyri-üyrü yollarla saldırmalarının da səbəbi elə budur!

Yəni, bir andaca həmrəy, güclü, tək ürək, tək yumruq olmağımız, bir-birimizə pərçimlənməyimiz!

Bəli, biz birlikdə güclüyük, birlikdə də Güclü və Müzəffər olacağıq.

Yolumuzun üzərinə nə qədər daş-kəsək töksələr belə, alınmayacaq, niyyətləri baş tutmayacaq.

(Davamı olacaq)

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

İlham Əliyevin Dünya İqtisadi Forumunun prezidenti ilə videokonfrans formatında-GÖRÜŞÜ – FOTOLAR – YENİLƏNİB

Read Next

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının tərkibi-AZAY QULİYEV, VÜSAL QULİYEV, ZAUR İBRAHİMOV, GÜNEL SƏFƏROVA, İLQAR ORUCOV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir