“Bizim şəhidlərimiz qəhrəman xalqın, xilaskar xalqın övladlarıdır: Onlar tarixdə öz torpaqlarının xilaskarı kimi qalacaqlar”-POLAD HƏŞİMOVUN ANASI – FOTOLAR

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Beynəlxalq Qadınlar Günündə şəhid anaları ilə görüş təşkil edib.

Etikxeber.az-ın xəbərinə görə, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib.

Təşkilatçılar qeyd ediblər ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi bugünkü tədbiri Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda mübarizədə canlarından keçən şəhidlərin ailələrinə və əlillərə mənəvi dəstək göstərilməsi məqsədilə keçirir.

İctimai birliyin sədr müavini Qalib Əliyev qadınları bayram münasibətilə təbrik edərək, Vətən müharibəsində şəhid olan qəhrəmanların ailələrinə və əlillərə maddi, mənəvi, hüquqi və sosial yardım məqsədilə təsis olunan təşkilatın fəaliyyəti barədə qısa məlumat verib. Q.Əliyev qeyd edib ki, ictimai birliyin şəhid ailələrinə və əlillərə kömək üzrə məqsədyönlü fəaliyyəti dövlət başçısının bu sahədə fəaliyyətinə ictimai dəstəkdir.

Tədbir iştirakçıları Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimovanı sürəkli alqışlarla, ayaq üstə qarşılayıblar.

Şəhid anası deyib:

“Həyat hər birimizə bir dəfə verilir və biz bir dəfə ölürük. Vətən uğrunda ölmək və şəhid olmaq xoşbəxtliyi hər kəsə nəsib olmur. Bizim şəhidlərimiz qəhrəman xalqın, xilaskar xalqın övladlarıdır. Onlar tarixdə öz torpaqlarının xilaskarı kimi qalacaqlar”.

İştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin xatirəsini yad ediblər. Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi iştirakçısı Fatma Səttarova, bu təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov, Milli Məclisin deputatları Sevil MikayılovaJalə Əliyeva, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura sədrinin müavini Elçin Quliyev, “Lider” televiziya kanalının əməkdaşı Nuranə Güləli, şəhid Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova ölkəmizin tarixinin bütün mərhələlərində cəmiyyətdə Azərbaycan qadının rolundan, şəhid analarının qismətinə düşən ağır taledən danışıblar.

Natiqlər vurğulayıblar ki, 44 gün ərzində Vətənimizi azad edən, onun ərazi bütövlüyünü bərpa edən qəhrəmanları məhz bu analar tərbiyə ediblər. Qeyd olunub ki, Vətən müharibəsi həm işğalçılarla 30 illik qarşıdurmada deyil, həm də bizim vətəndaşlarımızın həyat və düşüncəsində dönüş mərhələsi olub. Vətəndaşlıq ruhunun görünməz dərəcədə yüksəlişi heç birimizdən yan keçməyib, prioritetlər, dəyərlərin qiymətləndirilməsi meyarları dəyişib, mənəvi dəyərlər, şəhidlərin ruhuna və onların ailə üzvlərinə yüksək ehtiramı ön plana keçib.

Çıxışlarda vurğulanıb ki, şəhid ailələrinə qayğı, əlilliyi olan şəxslərin hüquqlarının təminatı, onların sosial və maddi vəziyyətinin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan sosial siyasətin məntiqi nəticəsidir.

İştirakçılar şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda iştirakçılar Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Fəxri diplomu ilə təltif olunublar.

Etikxeber.az

Read Previous

Niyaz Niftiyevin-SUÇU NƏ?

Read Next

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının 1-ci cildi Türkiyədə də-YAYINLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir