“Bu cür yaramaz hallar məsuliyyət yaradır…” – ÇİNGİZ QƏNİZADƏ TƏKLİFLƏ ÇIXIŞ ETDİ

Azərbaycan qanunvericiliyində təhqir, böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır. Hətta cinayət məsuliyyəti yaradır.

Etikxeber.az-ın xəbərinə görə, bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı Dəyirmi masada çıxış edən Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

O bildirib ki, böhtan, təhqirə görə Cinayət Məcəlləsinin 147, 148 və 148.1 maddələri mövcuddur:

“Lakin bu maddələr bu gün tətbiq edilmir. Bəlkə nəinki bu maddələrin tətbiqinə başlamalı, əksinə bu maddələrin sanksiyalarının artırılmasının da vaxtıdır”.

Deputat qeyd edib ki, son vaxtlar onlara edilən müraciətlərdə ayrı-ayrı şəxslər tərəfindən qadınlar, qızlar sosial şəbəkələrdə şantaj edilir:

“Onların şəkilləri montaj edilərək müxtəlif görüntülərlə paylaşılır. Namuslu bir qadının əxlaqsız olması ilə bağlı internet informasiya ehtiyatlarında saxta istifadəçi adlar altında profil və ya hesablardan istifadə etməklə onlara yalandan böhtanlar atılır, təhqir edilirlər. Bunların qarşısının alınmasının zamanı çoxdan çatıb”.

***

cingiz-ab

“Mən internetdən çox istifadə edirəm”. 

Bunu Xalq yazıçısı Çingiz Abdullayev deyib.

O, bildirib ki, ingilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur:

“Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə də tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilində söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”. 

Ç. Abdullayev deyib ki, bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunur:

“Səməd Vurğundan tutmuş Mikayıl Müşfiqə qədər. Sonda Azərbaycan Yazıçılar Birliyi ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etdi”. 

***

Dəyirmi Masanın sonunda bəyanat qəbul edilib.

Bəyanatda bildirilir ki, son dövrlər sosial şəbəkələrdə, xüsusilə “Facebook” və “Youtube” vasitəsilə əxlaqi dəyərlərə sığmayan söyüş, təhqir və böhtan xarakterli çıxışların şahidi oluruq.

“Xüsusilə də həmin çıxışlara münasibət bildirən və şərh yazan sosial şəbəkə istifadəçiləri dilə gətirilməsi belə mümkün olmayan söyüş, təhqiramiz ifadələr işlədirlər. Milli-mənəvi və əxlaqi dəyərlərimizdən uzaq olan bu cür halların belə davam etməsi hiddət doğurur və yolverilməzdir.

Biz respublikanın hüquq-mühafizə orqanlarına müraciət edərək sosial şəbəkələrdə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq və əhali arasında vahimə yaradan, insanları istənilən qanunazidd hərəkətlərə çağıran, o cümlədən söyüş, təhqir və böhtanlara yol verən şəxslər barəsində ciddi tədbirlərin görülməsini xahiş edirik.

Hər bir vətəndaşımızın, tələbə və gənclərimizin, xüsusi olaraq məktəblilərin təlim-tərbiyəsinə və psixologiyasına mənfi təsir göstərən bu cür halları qəti şəkildə pisləyir, istər xaricdə, istərsə də ölkə daxilində bu cür hərəkətlərə yol verən şəxsləri söyüş, təhqir və böhtanlardan əl çəkməyi, bu hərəkətləri dayandırmağı tələb edirik.

Azərbaycanın hər bir vətəndaşını – ziyalılarını və ağsaqqallarını, kütləvi informasiya vasitələrinin rəhbərlərini, hüquq müdafiəçilərini, QHT və ictimaiyyət nümayəndələrini susmamağa, bu cür hallara qarşı etiraz səslərini ucaltmağa, söyüş, təhqir və böhtanlara YOX deməyə çağırırıq”– deyə, bəyanatda vurğulanır.

Etikxeber.az

Read Previous

“Özəl tibbi fəaliyyətlə məşğul olanlara güzəştlər edilsin” – MUSA QULİYEV – FOTO – YENİLƏNİB – (1)

Read Next

Qida təhlükəsizliyi ilə bağlı qanun layihəsi qanunvericilk işləri planına salındı – DEPUTAT İSƏ ƏRZAQ TƏHLÜKƏZLİYİ HAQDA QANUNA EHTİYAC OLDUĞUNU DEDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir