Bölgəyə əbədi sülh gəlməlidir və onu da biz gətirəcəyik…Tarixi Qələbə və Zəfərə nail ola bildiyimiz kimi, sülhə də, sülh sazişinə də nail olacağıq!-ELDAR İBRAHİMOV DÖVLƏT BAŞÇISININ ÖZBƏKİSTAN SƏFƏRİNDƏN, ŞANXAY ƏMƏKDAŞLIQ TƏŞKİLATININ SAMMİTİNDƏN YAZDI

Daha bir səfər arxada qaldı, daha bir səfər tarixə döndü, tarixdə qaldı.

Daha bir siyasi-diplomatik uğur tarixə yazıldı, tarix oldu.

Söhbət Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin qardaş Özəbəkistana növbəti və son səfərindən, Səmərqənd şəhərində baş tutan Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirakından gedir.

Qeyd edək ki, Azərbaycan dünyanın nüfuzlu təşkilatlarından olan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olmasa da, bu quruma üzv olan və onunla sıx təmasda olan dövlətlərlə (Ermənistan xaric) yüksək siyasi-iqtisadi-diplomatik münasibətlərə, əməkdaşlıqlara malikdir.

Bu baxımdan, dövlət başçımızın sözügedən təşkilatın Sammitində iştirakı, qardaş Özbəkistanın lideri tərəfindən Sammitə dəvət olunması gözlənilməz və təsadüfi sayıla bilməz.

Onu da qeyd edək ki, Sammitdə öncə Azərbaycan liderinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın baş naziri Şahbaz Şərif, dünyanın üç iqtisadi nəhəngindən olan Çix Xalq Respublikasının sədri Si Cinpinlə yüksək səviyyəli görüşləri oldu və hər bir görüşdə ölkələri, xalqları maraqlandıran siyasi və iqtisadi məsələlər bir daha dilə gətirildi, müzakirə edildi, əməkdaşlıqların indiki dönəmdə daha yüksələn xətt üzrə davam etdirilməsinin vacibliyi və gərəkliliyi bir daha vurğulandı.

Məsələn, Azərbaycan Prezidenti cənab Si Cinpinlə baş tutan görüşdə bir daha “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğuladı.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yük daşımalarında böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər yükdaşımaların artırılmasını tam şəkildə dəstəkləyir.

Prezidentimiz qeyd etdi ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Çinin bir çox şirkətləri də bu işlərdə iştirak üçün müraciət edib. Azərbaycan Çin şirkətlərinin bu layihələrə daha fəal şəkildə cəlb olunmasını dəstəkləyir.

Çin Xalq Respublikasının sədri də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirdi və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi. Si Cinpin bildirdi ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.

Bəli, indiki həddindən artıq həssas və qarışıq dönəmdə bu məsələlərin dilə gətirilməsi, altının cızılması çox mühüm və olduqca əhəmiyyətlidir.

Sammitdə tarixi çıxışı zamanı isə dövlətimizin başçısı “Bir neçə ay əvvəl mənim Özbəkistana çox uğurlu dövlət səfərim olub və bu gün yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunam. Qardaşım Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib”-deyərək, sonra həmkarlarını Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumatlandırdı.

Qeyd etdi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

Eyni zamanda, Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

Həmçinin, Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

O cümlədən 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. Cənab Prezidentin də vurğuladığı kimi, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

Lakin çox təəssüflər olsun ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı, düşmənə növbəti dəfə öz layiqli cavabını verdi, onu yerində oturtdu.

Bəli, qeyd olunduğu kimi, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bununla yanaşı, qeyd edildi ki, əzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.

“Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”-deyərək, cənab Ali Baş Komandan eyni zamanda vurğuladı ki, 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

Bəli, Azərbaycan hansı qurumda təmsil olunursa, hansı quruma sədrlik edirsə və yə hansı təşkilatla əməkdaşlıq həyata keçirirsə, mütləq şəkildə ona öz tarixi töhfələrini və verir və adını tarixə yazdırır.

Bu günə kimi belə olub, bu gün də belədir, sabah da belə olacaq.

Bizim strateji hədəflərimizdə, seçimimizdə heç bir zaman dəyişiklik olmayıb və olmayacaq.

Seçimimizi özümüz müəyyənləşdiririk, həədəflərimizi özümüz seçirik və kimsənin də buna müdaxiləsi mümkün deyil, mümkün də olmayacaq.

Yeri gəlmişkən, faşist və terror dövləti olan Emənistanın son təxribatları Rusiya Prezidenti cənab Vladimir Putinlə Sammit sonrası baş tutan görüşdə də müzakirə edildi və bir daha Azərbaycanın haqlı mövqeyi dilə gətirildi.

Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı bir daha bəyan etdi ki, döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb.

Azərbaycan Prezidenti “Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik”-deyə, qeyd edərək ki, bir daha vurğuladı ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik.

Bəli, biz növbəti dəfə öz sözümüzü dedik, öz seçimimizi etdik.

İndi söz, qərar, seçim qarşı tərəfindir.

Bu bölgəyə əbədi sülh gəlməlidir və onu da biz gətirəcəyik.

Cəmi 44 gündə tarixi Qələbə və Zəfərə nail ola bildiyimiz kimi, sülhə də, sülh sazişinə də biz nail olacağıq!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri

Etikxeber.az

Read Previous

Daha 259 yeni yoluxma-DAHA 7 ÖLÜM…

Read Next

Hava necə olacaq?-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir