BÖYÜK QAYIDIŞ: QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR QURUCULUQ VƏ DİRÇƏLİŞ YOLUNDA-Ziyad Səmədzadə yazır – (Birinci hissə)

Azərbaycanın İkinci Qarabağ müharibə­sində Zəfərindən sonra qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.

Şanlı Qələbəmiz işğaldan azad edilmiş ərazilərdə əsaslı bərpa və quruculuq işlərinin daha sürətlə aparılmasını şərtləndirir.

Qarabağda həyata keçirilən quruculuq işləri ölkəmizin həyatına da çoxsaylı yeniliklər gətirəcək.

Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan görünür ki, Böyük Qayıdış keyfiyyətcə yeni həyata qayıdış olacaq.

30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.

Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra bu istiqamətdə ilk addımlar artıq atılmağa başlayıb.

Ötən il noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

***

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və qətiyyəti ilə işğaldan azad olunmuş bütün ərazilərimizdə həyat yenidən canlanmağa başlayır


İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, eləcə də onun dayanıqlı inkişaf yoluna çıxarılması və milli iqtisadiyyata inteqrasiya edilməsi Azərbaycanın milli prioritetidir.Vətən müharibəsinin başa çatmasından cəmi iki ildən bir qədər artıq zaman kəsiyinin keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması istiqamətində görülmüş işlərin miqyası möhtəşəm və əzəmətlidir. Füzuli və Zəngilan beynəlxalq hava limanları, Zəfər yolu kimi nəhəng layihələrin başa çatdırılması, bütün azadolunmuş rayonlarımızda dayanıq lıenerji, su təchizatı infrastrukturunun yaradılması, Ağalı kəndinə keçmiş məcburi köçkünlərin dönüşü, digər mühüm quruculuq işləri göstərir ki, Prezident İlham Əliyevin milli ideya elanetdiyi Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətli, dinamik və genişmiqyaslıdır.
2022-ciil noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etmişdir. Bu Proqram Qarabağ və Şərqi Zəngəzura qayıdışla bağlı hədəflərin, qarşıya qoyulan vəzifələrinsistemli, uzlaşdırılmış və nəticə etbarilə səmərəli şəkildə həyata keçirilməsi üçün yol xəritəsi olanmühüm sənəd olaraq, ölkə iqtisadiyyatının dinamik və keyfiyyətli inkişafına xidmət edəcəkdir.

Mükəmməl quruculuq konsepsiyası
Xatırladımki, Prezident İlham Əliyev iki il əvvəl – 2021-ci il fevral ayının 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair reallaşdırılmalıolan 5 Milli Prioritetdən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır. Sənəddə bununla bağlı deyilir: «Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olun­ması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğal­dan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir.
Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.
Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə nail olunmalıdır:
– dayanıqlı məskunlaşma;
– iqtisadi fəaliyyətə reinteqrasiya”.
Sərəncama əsasən Milli Prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanmış və 2022-ci il iyulun 22-də təsdiq edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” isə bu Strategiyada əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış və ölkə başçısı tərəfindən təsdiq edilmişdir.
İşğaldan azad olunmuş ərazilərin dayanıqlı məskunlaşması vəbuərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”n da qarşıya qoyulan məqsədlər bunlardır:


I. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək;
II. Şəhər, qəsəbə və kənd yaşayış məntə­qələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək;
III. Müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək;
IV. Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək;
V. Əhalinin məşğulluq imkanlarını artırmaq;
VI. Sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı təmin etmək;
VII. Dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək;
VIII. Sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək;
IX. Ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq;
X. Dayanıqlı və mütərəqqi kənd təsərrüfatı təcrübələrini tətbiq etmək;
XI. Təbii ehtiyatları və sosial-iqtisadi potensialı təsərrüfat dövriyyəsinə cəlb etmək;
XII. Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq;
XIII. Ətraf mühitin etibarlı mühafizəsini və ekoloji təhlükəsizliyi təmin etmək;
XIV. Təbii resurslardan səmərəli və effektiv istifadə etmək;
XV. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqini təşviq etmək.
Bu məqsədlərə nail olmaq üçün “Dayanıqlı məskunlaşma” istiqamətindəmüəyyən edilmiş fəaliyyət planlarına uyğun olaraq, yaşayış məntəqələrində təhlükəsiz yaşayışın, dövlət sərhədinin etibarlı müdafiəsinin, yüksək standartlara cavab verən yaşayış məntəqələrinin, o cümlədən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yeni müasir şəhərlərin və kəndlərin salınması ilə əhalinin layiqli həyat şəraitinintəmin edilməsi, etibarlı su, elektrik, qaz, istilik təminatının həyata keçirilməsi ilə bağlı zəruri layihələrin icrası, bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonasının yaradılması, yüksək texnologiyaların tətbiqi ilə müasir rabitə, o cümlədən telekommunikasiya və poçt şəbəkələrinin qurulması, qabaqcıl standartlara uyğun təhsil, səhiyyə və sosial xidmətlərin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, məşğulluq imkanlarının artırılması, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi vəzifələr icra olunacaq.
“Ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası”istiqamətində isəişğaldan azad edilmiş ərazilərdə hər bir rayonun ixtisaslaşma sahəsinə uyğun olaraq inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsinin genişləndirilməsi və sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatının müxtəlif sektorlar üzrə inkişafının stimullaşdırılması, ərazilərin iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə yüksək ixtisaslı mütəxəssislərin, daxili və xarici investorların cəlb edilməsi üçün həvəsləndirmə və güzəştlər nəzərdə tutulan sadələşdirilmiş iqtisadi modellərin tətbiqi, bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, özəl investisiyaların cəlb edilməsi və dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsi istiqamətində stimullaşdırıcı addımlar atılması, müxtəlif turizm növlərinin inkişafının dəstəklənməsi, bərpa işlərinin həyata keçirilməsi zamanı ətraf mühitin təhlükəsizliyinin təmin olunması kimi vəzifələr nəzərdə tutulur.
Bütün bu məsələlər əsas götürülməklə dövlətimizin ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflər Dövlət Proqramının prioritet istiqamətlərini təşkil edir. Beləki, I Dövlət Proqramının tərtibi zamanı mütərəqqi beynəlxalq təcrübə, strateji inkişaf tendensiyaları nəzərə alınmaqla 6 prioritet məqsəd müəyyən edilib.Bu prioritetlər “Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili”, “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini”, “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması”, “Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması”, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası”, “Ərazilərdə ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi”dir.

1. Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili
İkinci Qarabağ müharibəsində tarixi qələbəyə imza atan Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün başlatdığı əks-hücum əməliyyatlarını çox çətin şəraitlərdə həyata keçirməli olmuşdu. Çünki Ermənistan 30 ilə yaxın müddətdə cəbhə xəttində bir neçə mərhələdən ibarət gücləndirilmiş müdafiə istehkamları yaratmışdı ki, onlardan biri ərazilərin minalanması idi. Lakin bu, ordumuzun hücumlarını əngəlləyə bilməmişvə bölmələrimiz ilk saatlardan düşmənin ön cəbhə xəttindəki bütün səngərlərini ələ keçirmişdilər.
Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geriyəçəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər daha çox ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib.
Təxmini hesablamalara görə, Ermənistan ərazilərimizdə bir milyondan çox mina basdırıb. Bu, bir daha Ermənistanın terrorçu siyasətini təsdiqedir.
Buterrorçu fəaliyyətin nəticəsidirki, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Ermənistan arasındakı bütün hərbi əməliyyatlara son qoyulduğunu elan edən üçtərəfli bəyanat imzalandığı vaxtdan bəri işğaldan azad olunmuş ərazilərimizdə mina partlaması nəticəsində ümumilikdə 279 nəfər vətəndaşımız minaya düşüb, 36-sı dinc sakin olmaqla 46 nəfər həlak olub.
Ermənistan bir neçə mina sahəsi xəritəsini Azərbaycana versə də, bu xəritələrin praktiki faydası 25 faizdən aşağıdır. Dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi hərbi qulluqçularla bərabər, mülki şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır.
30 ilə yaxın işğal müddətində Azərbaycan ərazilərində basdırılan minaların xəritələri haqqında dəqiq məlumatın verilməməsi, münaqişə bitdikdən sonra təxribatların davam etdirilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən minalarla çirkləndirilməsi və nəticədə mülki şəxslərin və hərbçilərin həyatına qəsd kimi cinayətkar əməlləri Ermənistanın hərbi-siyasi rəhbərliyinin terrorçumahiyyətinin göstəricisidir. Xüsusilə qeyd etməliyik ki, Ermənistanın sonaylaradək mina terrorunu davam etdirməsi bir daha bu ölkənin bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq üçün ciddi bir maneə olmasından xəbər verir.
Onu da qeyd edək ki, 2022-ci il dekabr ayının 12-dən başlayaraq Azərbaycanın vətəndaş cəmiyyəti fəallarının, ekoloqların və gənclərin Xankəndi-Laçın yolunda fasiləsiz keçirdikləri aksiya Ermənistandan Qarabağ iqtisadi rayonuna minaların və digər hərbi sursatların daşınmasının qarşısını alıb. Bu gün Ermənistanı və Qarabağdakı separatçı rejimi narahat edən məsələ də məhz budur.
Hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri buərazilərinminalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsidir. Buməsələ Qarabağ və Şərqi Zəngəzur dadayanıqlığa nail olmaq üçün təhlükəsizliyin təmin edilməsinin əsas prioritetidir. Çünki ərazilərimizin Ermənistan tərəfindən minalarla həddindən artıq çirklənməsi hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması zamanı qarşılaşdığımız böyük problemdir. Minalar və digər partlamamış sursatlar yenidən qurma səylərinə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıtmasına əsas maneədir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

* * * * *

 Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən, hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun – digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. 2020-2022-ci illərdə 57,6 min hektar ərazi minalardan təmizlənib. I Dövlət Proqramına əsasən 2023-2026-cı illərdə daha 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda ümumilikdə 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digər icraçılar isə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətidir.

Dövlət Proqramına əsasən minatəmizləmə fəaliyyətinə dair təsdiq edilmiş illik tədbirlər planına uyğun olaraq, münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, həmçinin onların daşınması və zərərsizləşdirilməsi, minaların və partlamamış hərbi sursatın təsirinə məruz qalmış ərazilərin nişanlanması, müvafiq xəritələrin tərtibi və elektron məlumat bazasına daxil edilməsi, eləcə də xəritələrin şəhər və rayon mərkəzlərində yerləşdirilməsi qeyd olunan istiqamətdə atılacaq zəruri addımlardır.
Onu da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərin bərpası zamanı ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi Dövlət Proqramının əsas prioritetlərinin həyata keçirilməsi ilə bağlı çətinliklər yarada bilər. Ona görə bu sahədə digər dövlətlərin, beynəlxalq hökumət və qeyri-hökumət təş­kilatlarının minalardan və partlamamış hərbi sursatdan və digər partlayıcı qalıqlardan təmizlənməsi üzrə qabaqcıl təcrübəsindən istifadə olunma­sı və mümkün əməkdaşlıq imkanları nəzərdən keçiriləcəkdir.
Qarabağ və Şərqi Zəngəzur da Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili, bu məq­sədlə yeni yaradılan hərbi hissələrin maddi-texniki təmi­natının gücləndirilməsi, bütövlükdə Silahlı Qüvvələrimiz üçün müvafiq infrastrukturun və DTX-nin fəaliyyət məntəqələrinin yaradılması, dövlət sərhədində, Füzuli və Zəngilan Beynəlxalq Hava Limanlarında sərhəd buraxılış məntəqələrinin təşkil edilməsi, əhalinin və ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq infrastrukturun formalaşdırılması, inzibati ərazi vahidlərində “Təhlükəsiz şəhər” xidmətinin təşkili, mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti, prokurorluq orqanlarının inzibati binalarının və zərurət olduqda, xidməti yaşayış binalarının tikintisidə Dövlət Proqramında Ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili prioriteti üzrə qarşıya qoyulmuş vəzifələrdir.
Fəxr hissi ilə qeyd etməliyik ki, ötən dövrdə Qarabağ və Şərqi Zəngəzurda həm Müdafiə Nazirliyinin, həm Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələri yaradılmış, bu məqsədlə müvafiq infrastruktur inşa edilmişdir. Proqramla bu sahədə yeni vəzifələrin müəyyən edilməsi göstərirki, işğaldan azad olunmuş ərazilərdə hərbiquruculuq istiqamətində tədbirlər davam etdiriləcək.
Azərbaycanın 2023-cü il dövlət büdcəsində hərbi xərclər üçün 5,3 milyard manatdan artıq vəsait nəzərdə tutulub. Bu, Dövlət Proqramında hərbi və digər təhlükəsizlik məsələləri ilə bağlı vəzifələrin tam şəkildə yerinə yetirilməsini təmin edəcək. Ötən il noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə Prezident İlham Əliyev bu barədə deyib: “Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Sual oluna bilər nə üçün, müharibə arxada qaldı, iki il keçib. Cavab çox sadədir. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq”.

2. Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini

Torpaqlarımızın işğaldan azad olunmasından sonra dün­ya Azərbaycanın qələbəsi ilə yanaşı, başqa bir reallığa da şahid­lik etdi. Şəhər və kəndlərimiz azad olunduqca əyani şəkildə aydın oldu ki, işğalçı yaşayış məntəqələrimizdə daşı daş üstə qoymayıb. Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürəkağrısı ilə söz açaraq torpaqlarımızdan sanki bir vəhşi qəbilənin keçdiyini bildirmişdi: “…Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.
Bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində əsas diqqət yetirilən prioritet məsələ ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlərin bərpası, onların zəruri infrastrukturla təminatıdır. Bu barədə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də deyilir: “Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaratmışdır. İşğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır”.
Dövlət Proqramında elan olunan “Ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini” prioritetində bu məsələyə ətraflı nəzər salınıb, həyata keçiriləcək tədbirlərin ümumi istiqamətləri müəyyən edilib. Bu istiqamətlərə əsasən işğaldan azad edilmiş ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edəcək şəhərsalma prinsipləri və normalarına uyğun həyata keçiriləcək.
İşğal dövründə ermənilər tərəfindən ümumilikdə 8 şəhər və yüzlərlə kənd tamamilə dağıdılıb. Artıq qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla dağıdılmış bu şəhərlər bərpa edilir, yenidən qurulur, yaşayış kompleksləri inşa olunur. Prezident İlham Əliyev bərpa və quruculuq işləri ilə bağlı daim prioritetləri açıqlayır, tapşırıq və tövsiyələrini verir. Prezidentin bu məsələdə vurğuladığı əsas məqamlardan biri odur ki, işlər kortəbi yox, planlı və sistemli şəkildə aparılmalı, bərpa ediləcək hər bir kəndin baş planı olmalıdır. “Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır. Baş plandan kənar bir dənə də daş daş üstə qoyulmamalıdır, bir dənə də qanunsuz tikili olmamalıdır. Yəni, biz nümunəvi bir yaşayış məkanını yaradırıq. Həm Azərbaycan üçün, həm dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq”, – deyə dövlət başçısı bildirib.
Baş plan şəhərin uzunmüddətli perspektiv inkişafını təyin edən əsas şəhərsalma sənədidir. Baş planın hazırlanması şəhər ərazi vahidi daxilində məskunlaşma ərazilərinin planlaşdırılmasını nəzərdə tutur. Baş plana şəhərətrafı ərazilərdə ayrı-ayrı yaşayış məntəqələri də daxil edilir ki, bu ərazilərə də məskunlaşma prosesinin tələbləri şamil olunur. Baş planda xəritə-sxem üzərində əsas tikinti obyektlərinin yerlərinin təyin olunması öz əksini tapır. Təyin olunmuş şəhər ərazilərinin sərhədlərində həmçinin elektrik, istilik, qaz və su təchizatı da proqnozlaşdırılmış əhali sayını nəzərə alaraq öz həllini tapır. Eyni zamanda, avtomobil yolları, ictimai nəqliyyat, körpülər və bu kimi nəqliyyat-mühəndis qurğularının da planlaşdırılması baş planda nəzərdə tutulur.
Artıq Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlı şəhərlərinin baş planları təsdiq edilib. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri zamanı bu planlar təqdim olunub. Hər bir baş plan hazırlanarkən şəhərin özünəməxsusluğu və coğrafiyası nəzərə alınıb. Məsələn, Şuşa şəhərinin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri də öz əksini tapıb. Plana əsasən mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində həyata keçiriləcək və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq.
Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Yaşayış massivində 20-dən artıq binanın olacağı planlaşdırılır. Yeni baş planda şəhərin tarixi əzəmətinin qorunması əsas götürülüb.
Şuşada salınan birinci məhəllədə ümumilikdə 450 mənzil olacaq. Burada bir otaqlı mənzillərin sayı 28, iki otaqlı mənzillərin sayı 195, üç otaqlı mənzillərin sayı 190, dörd otaqlı mənzillərin sayı 30, beş otaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.
Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. Şəhərdə 1750 fərdi ev, 23 min mənzil olacaq. Kommunikasiya, magistral və dəmir yolları, meliorasiya xətləri bir-biri ilə vəhdət halında qurulacaq. Yeni Baş plana əsasən Ağdam şəhərinə 8 kənd birləşdirilib. Ağdam şəhərinin əhalisi 36 min nəfər təşkil edib. Birləşdirilən kəndləri və əhalinin artımını da nəzərə alsaq, şəhər əhalisi 50 mindən yuxarıdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Şəhərdə elektriklə işləyən tramvaylar da olacaq. Ağdamın ətrafı isə bağlarla əhatə olunacaq.
Ağdamda təməli qoyulan yeni yaşayış kompleksində ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin bu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur. İlk yaşayış məhəlləsində yaşayış binaları 4-7 mərtəbəli olacaq. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir.
Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.
O cümlədən Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin baş planlarında yaşayış yeri, məşğulluq üçün imkanlar və ictimai-sosial rifah kimi konseptual əsaslar dayanır. Şəhərlərin hər biri mənzərəli landşaftı, ictimai məkanları, sakinləri və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək. Bu mənada baş planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl enerji”, “ağıllı şəhər” və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub. Eyni zamanda, bu şəhərlərin hər biri strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi inkişaf etdiriləcək.
Zəngilanda salınan məhəllə şəhərin mərkəzi küçəsində, məktəb və biznes zonasının yaxınlığında yerləşəcək, şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun olacaq. Bu məhəllədə ümumilikdə 10 bina tikiləcək. Bunlardan 6-sının ikimərtəbəli, 4-ünün isə üçmərtəbəli olması planlaşdırılır.
Füzuli şəhərində təməli qoyulan yaşayış məhəlləsi 17,8 hektar ərazini əhatə edəcək və mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Məhəllədə çoxfunksiyalı binalar da olacaq. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur.

 * * * * * 

Cəbrayıl şəhərində isə ilkin mərhələdə 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi tikilib istifadəyə veriləcək. Artıq həyata keçirilməsinə başlanan ilk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla müasir görkəm veriləcək.
Təbii ki, yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə yanaşı, parklar, bayraq meydanları, mərkəzi meydanlar salınacaq, sosial-ictimai obyektlər tikiləcək, yaşıllaşdırma sahəsində layihələr həyata keçiriləcək, yaşayış məntəqələrinin daxili yol-küçə şəbəkəsi qurulacaq.
Bütün bu layihələrin həyata keçirilməsi nəzərdə tutulduğu vaxtlarda təmin ediləcək, ermənilər tərəfindən dağıdılmış yurd yerlərimiz tədricən bərpa olunacaq. Bunu deməyə əsas verən praktiki amillərdən biri Zəngilanda Ağalı kəndinin qısa vaxtda bərpa edilməsidir. Bu kənd Böyük Qayıdışın rəmzinə çevrilib və 30 ilə yaxın məcburi köçkün vəziyyətində yaşayan bu kəndin sakinləri artıq doğma evlərinə dönüblər. Ağalı kəndinin bərpası yaşayış yerlərinin bərpası ilə bağlı mükəmməl nümunədir. Kənddə 200 fərdi yaşayış evi, 360 şagird yerlik ikimərtəbəli məktəb, 60 yerlik bağça binası, 4 ədəd qeyri-yaşayış binası, Zəfər meydanı tikilmiş, sahədaxili su, kanalizasiya, elektrik, rabitə sistemləri, 2 ədəd 250 m3 tutumu olan su anbarları tikilmiş və kommunikasiya xətləri çəkilmişdir. “Yaşıl enerji” istehsal edən Arximed qurğusu və xüsusi qurğular quraşdırılmışdır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər, 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır. Həmin kəndlərdən üçünün – Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin cənab prezident tərəfindən 2022-ci il oktyabrın 4-də təməli qoyulub.
Qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-2026-cı illərdə layihələndirilməsi planlaşdırılır.
Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir.
Qarabağın və Şərqi Zəngəzurun kənd və şəhərlərinin yenidən qurulması, insanların öz doğma yurdlarına qayıdışı, burada məşğulluğun təmin edilməsi və yeni istehsal sahələrinin yaradılması üçün ilk növbədə tələblərə cavab verən infrastruktur mövcud olmalıdır.
Təsadüfi deyil ki, azad edilmiş ərazilərdə ilk yenidənqurma işləri də məhz infrastrukturların bərpasından, yolların salınmasından, elektrik xətlərinin çəkilməsindən başlayıb. Görünən odur ki, “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları əsasında bərpa edilən şəhərlərimiz həm də müasir və əlçatan infrastruktura malik olacaq.
Dövlət proqramında da bununla bağlı hədəflər müəyyən edilib. Bu əsasda bütün azad edilmiş ərazilərimiz qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
Unutmaq lazım deyil ki, şəhərsalma tədbirləri çərçivəsində texnoloji, demoqrafik və ekoloji şərtlərin təsiri altında dünyada dəyişən qlobal şəhər planlaşdırma tendensiyaları nəzərə alınmalıdır. Çünki bu tendensiyaların adaptiv tətbiqi yaşayış məntəqələrində iqtisadi məhsuldarlığın artımına, həyat səviyyəsinin yüksəldilməsinə və dayanıqlılığın möhkəmlənməsinə əlavə stimuldur. Ona görə də Proqrama əsasən yaşayış məntəqələrində iqtisadi məhsuldarlığın artırılması, həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlılığın möhkəmləndirilməsi üçün bütün infrastrukturun sistemli planlanması istiqamətində hədəflər müəyyən olunub.
Proqram çərçviəsində hər bir rayon üzrə yaşayış məntəqələrinin salınacağı ərazilərin və ona dəstək infrastrukturlarının xəritələri hazırlanacaq. İndiyədək ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektlərinin ilkin inventarlaşdırılması yekunlaşmışdır. Ümumilikdə 14 min daşınmaz əmlakın (12,2 min ədəd tikili və 1,8 min ədəd infrastruktur obyekti) çöl-inventarlaşdırma işləri tamamlanmışdır.
İnfrastrukturlarla bağlı konkret istiqamətlərə gəldikdə, təhsil sahəsində ümumi və (müxtəlif təmayüllü məktəblər, liseylər və gimnaziyalar, internat tipli xüsusi ümumtəhsil məktəbləri, inteqrasiya təlimli internat tipli məktəblər) və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası, ölkənin müvafiq ali təhsil müəssisəsinin filiallarının yaradılması, regional tibbi təhsil müəssisələrinin yaradılması planlaşdırılır. Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.
İndiyə qədər Suqovuşanda 144 şagird yerlik tam orta məktəb əsaslı təmir olunub. Zəngilanda orta məktəb binasının, Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Ağdam şəhər 1 saylı məktəbin, Şuşada 1 saylı məktəbin, Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin təməli qoyulub.
Tibbi sahələrdə 8 rayon mərkəzi xəstəxanasının, 8 gigiyena və epidemiologiya mərkəzinin, 3 təcili tibbi yardım stansiyasının, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 7 rayon şöbəsinin, 2 hərbi hospitalın, psixiatriya, onkologiya və vərəm əleyhinə xəstəxanaların, Regional Perinatal Mərkəzin, Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin, QİÇS-lə Mübarizə Mərkəzinin, Narkoloji dispanserin, Mərkəzi Qan Bankının regional bölməsinin tikintisi və tibbi xidmətin təşkili qarşıda duran vəzifələr sırasındadır. 2023-2026-cı illərdə azad olunmuş ərazilərdə 49 ailə sağlamlıq mərkəzinin və 39 tibb məntəqəsinin tikintisinin layihələndirilməsi, 41 ailə sağlamlıq mərkəzinin, 33 tibb məntəqəsinin tikintisinin başa çatdırılması nəzərdə tutulur.
Ötən dövrdə Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində ailə sağlamlıq mərkəzlərinin fəaliyyəti təşkil edilib. Füzuli, Ağdam, Şuşa və Cəbrayıl rayon mərkəzi xəstəxanalarının təməli qoyulub.
İşğaldan azad olunmuş ərazilərdə olimpiya idman komplekləri, üzgüçülük hovuzları, gimnastika, güləş, əl oyunları, açıq tipli idman meydançaları, gənclər evləri də inşa ediləcək. Proqram çərçivəsində azad olunmuş ərazilərdə 1 olimpiya idman kompleksi, 2 gənclər evi, 2 universal idman zalı və Ağdamda “İmarət” stadionu tikilərək istifadəyə veriləcək.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Hadrut və Suqovuşanda yaradılacaq Heydər Əliyev mərkəzləri azad edilmiş ərazilərin yeni ünvanları olacaq.
Qarşıya qoyulan məqsədlərə uyğun olaraq, ərazilərdə məskunlaşacaq əhali üçün layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində yaşayış məntəqələrində müxtəlif dövlət xidmətlərinə universal çıxışın təmin edilməsi istiqamətində də mühüm addımlar atılmaqdadır. Artıq Zəngilan rayonunun Ağalı kəndində “ASAN xidmət”in fəaliyyəti təşkil edilib. 2026-cı ilədək azad olunmuş ərazilərdə yeni “ASAN xidmət” mərkəzləri, o cümlədən Cəbrayılda DOST mərkəzi, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa şəhərində DOST Mərkəzinin filialları yaradılacaq.
Göründüyü kimi, sosial, xidmət və mədəni infrastrukturların bərpası başlanılıb və müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə 2026-cı ilə qədər yeni sosial və mədəni infrastrukturların yaradılması təmin olunacaq.
Yaşayış məntəqələrinin kommunal (elektrik enerjisi, qaz, istilik və isti su, içməli su təchizatı, tullantı sularının axıdılması və təmizlənməsi, yağış sularının idarə olunması) və rabitə xidmətləri ilə təmin edilməsi istiqamətində də layihələr reallaşdırılacaq.
Xatırladaq ki, indiyə kimi Ağdam rayonunda 110 kV-luq ikidövrəli Təzəkənd hava xəttinin əksər hissəsi bərpa edilmiş, Ağdam şəhəri ərazisində tikintisi davam edən obyektlərin müvəqqəti elektrik enerjisi ilə təchizatı təmin olunmuş, Mərzili kəndində yerləşən Sülhməramlıların Monitorinq Mərkəzi elektrik enerjisi ilə təchiz edilmişdir.
Füzuli rayonu ərazisində 9 km uzunluğunda 10 kV-luq yeni elektrik hava xətti çəkilmiş, Yuxarı Veysəlli yaşayış məntəqəsində yerləşən hərbi hissələr elektrik enerjisi ilə təchiz olunmuşdur, Füzuli şəhərində 35 KV-luq rəqəmsal yarımstansiya tikilmişdir.
Cəbrayıl rayonunda 10 kV-luq elektrik verilişi xətti çəkilmiş, Hərəkül kəndində yerləşən 35/10 kV-luq yarımstansiyadan Hadrut qəsəbəsindəki 35/10 kV-luq yarımstansiyaya qədər hava xətti bərpa edilmiş və Hadrut qəsəbəsində yerləşən strateji obyektlər elektrik enerjisi ilə təmin olunmuş, Cəbrayılın İranla sərhədində Sərhəd Qoşunları zastavalarının elektrik təchizatı üçün 10/0,4 kV-luq 2 ədəd güc transformatoru quraşdırılmışdır.
Şuşa şəhərinin və yaxın ərazilərinin elektrik enerjisi ilə təmin olunması üçün 35/0,4 kV-luq 4 ədəd yarımstansiya tikilmiş, avadanlıqların quraşdırılması və 35 kV-luq ikidövrəli əlaqələndirici kabel xətlərinin çəkilməsi təmin edilmiş, qazanxanaların, İcra Hakimiyyətinin binasının və 5 ədəd yaşayış binasının istilik elektrik təchizatı qarşılanmışdır. “Şükürbəyli” yarımstansiyasından “Hadrut” yarımstansiyasına 35 kV-luq 27 km uzunluğunda elektrik verilişi xətti çəkilmiş, “Hadrut” – “Qırmızı Bazar” mövcud birdövrəli hava xəttinin Hadrut qəsəbəsindən Zoğalbulaq kəndinə qədər 12,7 km uzunluğunda hissəsi əsaslı təmir edilmişdir, “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilmişdir. Həmçinin, Şuşa rayonunda qazanxana və istilik məntəqəsi tikilmiş, müxtəlif təyinatlı binalarda məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemləri qurulmuşdur. Bunlardan başqa, Şuşa və Bakı şəhərləri arasında sabit telefon rabitəsi bərpa edilib, şəhərdaxili rabitə şəbəkəsinin yenidən qurulması işlərinə başlanılıb, abunəçilər yüksəksürətli internet və telefon xidmətləri ilə təmin olunub.
Tərtər rayonu, Suqovuşan qəsəbəsinin və ətraf ərazilərin elektrik təchizatı ilə əlaqədar 35/10 kV-luq “Suqovuşan” yarımstansiyası tikilmiş, 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından müasir tipli 35 kV-luq ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) elektrik veriliş xətti çəkilmiş, strateji əhəmiyyətli obyektlər elektrik enerjisi ilə təmin olunmuşdur.
Zəngilanda Beynəlxalq Hava Limanına 11 km uzunluğunda ikidövrəli ÖİN elektrik veriliş xətti çəkilmiş, ərazidə transformator məntəqəsində avadanlıqlar quraşdırılmışdır, Ağalı kəndinin xarici elektrik təchizatı üçün Zəngilan 110/35/10 yarımstansiyasından 18 km uzunluğunda ikidövrəli ÖİN elektrik veriliş xətti çəkilmişdir. Ağalı kəndindəki fərdi evlər və qeyri-əhali kateqoriyalı abunəçilər isə telefon və internetlə təmin olunmuşdur. Qubadlı rayonuna 28 km, Zəngilan rayonuna xəttin davamı olaraq 18 km uzunluğunda elektrik verilişi xətti çəkilmişdir. Xocavənddə 400 kVA və 1000 kVA gücündə Komplekt Transformator Məntəqələri quraşdırılmış, 13 km uzunluğunda ÖİN xətti çəkilmiş, Hadrut qəsəbəsində 35 KV-luq yarımstansiya tikilmişdir.
Kəlbəcər rayonunda strateji obyektlərin elektriklə təchizatı üçün hava xətləri çəkilmiş, Komplekt Transformator Məntəqələri quraşdırılaraq gərginlik verilmiş, dövlət sərhədi elektrik enerjisi ilə təmin olunmuşdur.
Laçın rayonunda “Güləbird” SES-dən Laçın dəhlizinədək olan hissədə 35 kV-luq birdövrəli hava xətti bərpa edilmiş, Laçın dəhlizində 10 km məsafədə 35 kV-luq universal ÖİN kabel xətti çəkilmiş, bir sıra yaşayış yerlərində ÖİN xətti çəkilmiş və Komplekt Transformator Məntəqələri quraşdırılmışdır.
Qarşıdakı illərdə Şuşa, Xocavənd, Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarının yaşayış məntəqələrində elektrik təchizatı şəbəkəsinin tikintisi, qaz paylayıcı, habelə istilik və isti su təchizatı şəbəkələrinin qurulması, rabitə xidmətlərinin yaradılması davam etdiriləcək. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər rayonlarında 35 KV-luq Rəqəmsal yarımstansiyalar inşa olunacaq. İçməli su təchizatı, tullantı sularının axıdılması və təmizlənməsi, yağış sularının idarə olunması şəbəkələrinin qurulması ilə əlaqədar 97 yaşayış məntəqəsində müvafiq şəbəkələrin tikintisi başa çatdırılacaq.

 3. Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması

Bu gün Azərbaycan dövlətinin milli ideyası və prioriteti işğal nəticəsində məcburi köçkün düşmüş vətəndaşlarımızın doğma yurdlarına qayıdışı, onların layiqli həyat səviyyəsinin təmin edilməsidir. Hərtərəfli, təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün əvvəldə də qeyd edildiyi kimi, layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır.
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpasının, dayanıqlı inkişafının və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşmanı tələb edir. Əhalinin geri qayıdışı prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması prinsipinə uyğun aparılmalıdır. Elə buna görə də Dövlət Proqramında əha­linin geri qayıdışı və ərazilərdə daya­nıqlı icmaların yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə qarşıya konkret vəzifələr qoyulmuşdur. Proqram çərçivəsində məcburi köçkünlərin qayıdışının səmərəli təşkili və hüquqi bazasının yaradılması məqsədilə müvafiq normativ hüquqi aktların qəbul edilməsi, həmçinin əhali arasında məlumatlılığın artırılması, maarifləndirmə tədbirlərinin genişləndirilməsi üçün təbliğat işlərinin şaxələndirilməsi həyata keçiriləcək tədbirlərə daxildir. Eyni zamanda, əhalinin geri qayıdışı ilə bağlı müvafiq məlumat bazasının yaradılması, statistik göstəricilərin təhlili və məlumatların əlçatanlılığının təmin olunması da prioritet işlərdəndir.
Bu istiqamətdə qarşıya qoyulan konkret vəzifələrə gəldikdə, ilk növbədə məcburi köçkünlər arasında sosioloji sorğular davam etdiriləcək və bu sorğuların əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozlar hazırlanacaq. Bu zaman məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması da nəzərdə tutulur. Onlar tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə köçürüləcəklər. Əhalinin yaşayış məntəqələrinə qayıdışının asanlaşdırılması və gənclərin bu prosesdə iştirakının təşviqi üçün işğaldan azad olunmuş ərazilərdə məcburi köçkün gənclərdən ibarət könüllü proqramlar icra ediləcək.

* * * * * 

Geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, yaşayış məntəqələri üzrə qayıdışı dəqiqləşdirilmiş şəxslərin məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi, ərazilərdə işçi qüvvəsinə tələbatın müəyyən edilməsi, icma resurs mərkəzlərinin və ailə mərkəzlərinin yaradılması da qarşıya qoyulan vəzifələrdir.

Bütövlükdə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələrinə qayıdışı çərçivəsində yaşayış məntəqələrində dayanıqlı icmalar yaradılacaq və onlar ölkənin sosial-iqtisadi strukturuna inteqrasiya olunacaqlar.
Artıq bu sahədə müsbət təcrübə var. Belə ki, Ağalı kəndinin bərpası ilə yanaşı, keçmiş köçkünlərin qayıdışı dayanıqlı icmaların yaradılması ilə də bağlı mükəmməl təcrübədir. Düşmən tərəfindən dağıdılmış Zəngilanın Ağalı kəndinin sakinləri bir vaxtlar ölkənin müxtəlif rayonlarında məskunlaşmışdılar. İndi isə onlar öz doğma yurdlarında vahid kənd, bütöv icma şəklində yaşayırlar. Həmçinin kəndə yaradılan müxtəlif xidmət sahələri nəticəsində Ağalının respublikamızın sosial-iqtisadi strukturuna inteqrasiyası da baş tutub. Bütün bunlar onu deməyə əsas verir ki, bu nümunə hazırda bərpası davam edən digər şəhər və kəndlərimizdə də uğurla tətbiq olunacaq.


4. Ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması
Sosial-iqtisadi inkişafı və yüksəlişi şərtləndirən əsas amillərdən biri hər bir sahə üzrə mükəmməl infrastrukturun yaradılmasıdır. Cənab Prezident İlham Əliyev davamlı yüksəlişin, tərəqqinin yolunu digər amillərlə yanaşı, infrastrukturun müasirləşməsində, bu sahədə beynəlxalq standartların tətbiqində görür. Təsadüfi deyil ki, 2004-cü ildən sonra regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq olunarkən qarşıya qoyulan prioritet vəzifələrdən biri infrastrukturun bərpası və yeniləşdirilməsi olmuşdur.
Bu amil əsas götürülməklə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün yerli, başqa cür desək, şəhər, kənd və qəsəbə əhəmiyyətli olması ilə yanaşı, strateji, yaxud dövlət əhəmiyyətli infrastrukturun yaradılması xüsusilə böyük önəm daşıyır və diqqət mərkəzində saxlanılır. Azad edilmiş torpaqlarımızda layihələrin ilk olaraq məhz bu istiqamətdə həyata keçirilməsinə başlanılmışdır.
Bu yerdə onu da xatırlamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilərin bərpası ilə bağlı göstərişlərini hələ Vətən müharibəsinin davam etdiyi günlərdə vermiş, ilk olaraq azad olunmuş Suqovuşana aparan yolların bərpasına başlanılmışdır. Çünki qayıdışın birinci addımı yoldur. Yol həm də inkişaf, yüksəliş və rifah deməkdir.
Qələbə ilə başa vurduğumuz müharibədən dərhal sonra, 2020-ci ilin noyabr ayından işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə, enerji infrastrukturunun yaradılmasına start verildi.
2020-ci il noyabrın 16-da təməli qoyulan Zəfər yolu 2022-ci il noyabrın 7-də, 2020-ci ilin oktyabrından yenidən qurulmasına başlanılan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu isə 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verildi.
2021-ci il oktyabr ayının 26-da Füzuli Beynəlxalq Hava Limanı, 2022-ci il oktyabr ayının 20-də Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir.
Qısa müddətdə, yəni Vətən müharibəsinin başa çatmasından sonra ötən bircə il ərzində bu layihələrin icra olunaraq, başa çatdırılması Azərbaycan dövlətinin qətiyyətinin təcəssümünə çevrildi. Ən əsası bütün bunlar azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı güclü siyasi iradənin olmasının göstəricisi oldu. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi diqqət və nəzarətində saxlayır. Xüsusilə vurğulamaq lazımdır ki, bütün bu nəhəng layihələrin hər birini Azərbaycan öz hesabına reallaşdırdı ki, bu da bir daha dövlətimizin mükəmməl maliyyyə imkanlarının göstəricisinə çevrildi.
Hazırda Horadiz-Cəbrayıl-Zən­gilan-Ağ­bənd, Əhmədbəyli-Füzuli-­Şuşa, Şü­kür­bəyli-Cəb­rayıl-Hadrut, Talış-­Tap Qa­raqoyunlu-Qaşaltı sanatoriyası, Bərdə-­Ağdam, Qu­badlı-Eyvazlı, Qubadlı-­Mah­mudlu-Yaz­düzü-Ermənistan sər­hədi, Had­rut-Tuğ-Azıx mağarası, Xu­dafərin-Qu­badlı-Laçın, Ağ­dam-Füzu­li, Ağ­dam-Hin­darx-Ağca­bədi yollarının tikintisi davam edir.
İşğldan azad edilmiş ərazilərimizin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması yalnız avtomobil yollarının inşası ilə yekunlaşmır. Bu sahədə həyata keçirilən layihələrin bir qismini də regionda dəmir yolu xətlərinin bərpası və yeni xətlərin çəkilişi təşkil edir. Dəmir yolu ilə yüklərin daşınması iqtisadi baxımdan daha sərfəlidir. Xüsusən logistikanın ucuzlaşdırılması baxımından dəmir yolları şəbəkəsinin yaradılması və köhnə yolların yenidən işlək vəziyyətə gətirilməsinin ciddi əhəmiyyəti var.
2026-cı ilədək dəmir yolu infrastrukturunun təmir-bərpası, yenidən qurulması, habelə yeni dəmir yolu xətlərinin stansiyaların tikintisi ilə bağlı mühüm layihələr həyata keçiriləcək. Hazırda isə Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisi davam edir. Horadiz-Ağbənd dəmir yolu xətti azad olunmuş ərazilərimizdə həyata keçirilən ən iri yol-nəqliyyat layihələrindəndir. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.
Bütövlükdə, 2026-cı ilədək olan dövrdə dəmir yolu infrastrukturunun təmir-bərpası, yenidən qurulması, habelə yeni dəmir yolu xətlərinin stansiyaların tikintisi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin 65 faizinin yerinə yetirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbə Azərbaycanda yol-nəqliyyat sahəsində qarşıya qoyulmuş vəzifələri də yenilədi. Bunu Dövlət Proqramı çərçivəsində yol-nəqliyyat infrastrukturu ilə bağlı qarşıya qoyulmuş digər hədəflər də təsdiq edir. 2026-cı ilə qədər olan dövrdə azad edilmiş ərazilərdə 97 yaşayış məntəqəsində avtomobil nəqliyyatının texniki təmir sahələri, avtovağzallar (avtostansiyalar) və taksi dayanacaqlarının yerlərinin müəyyən edilməsi, tikintisi həyata keçiriləcək, müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımaları təşkil ediləcək.
Hava limanlarına gəldikdə azad edilmiş ərazilərdə üçüncü hava limanı Laçında inşa olunur. Bu hava limanının təməli 2021-ci il avqustun 16-da qoyulmuşdur və 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Azad olunmuş ərazilərimizin strateji infrastrukturunun bərpasının bir istiqamətini elektrik enerjisi ilə təminat təşkil edir. Xatırladım, işğal dövründə Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən dağıdılmış və ya talan olunmuşdur. Sovetlər dönəmində bu ərazilərdə 10 elektrik şəbəkə rayonu (Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Kəlbəcər və Ağdam) üzrə ümumi gücü 858,6 MVA olan 20 yarımstansiya mövcud olmuşdur. Həmin ərazilərdə uzunluğu 81 km olan 330 kV-luq, 690 km olan 110 kV-luq və 615 km olan 35 kV-luq 3 yüksək gərginlikli elektrik veriliş xətti, eləcə də uzunluğu 6197 km olan 10 kV-luq və 8865 km olan 0,4 kV-luq elektrik veriliş xətləri və ümumi gücü 245.7 MVA olan 2435 ədəd transformator var idi. İndi bunların heç biri yoxdur, işğalçı Ermənistan tərəfindən hamısı dağıdılıb.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu ərazilərin yüksəkgərginlikli elektrik enerjisi ilə təchizatı üçün ötürücü şəbəkənin qurulması istiqamətində 110/35/10 kV-luq “Şuşa”, “Füzuli”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı”, “Ağdam-1”, “Ağdam-2”, “Qorçu” yarımstansiyaları inşa olunub. Bu yarımstansiyaların hər biri yerləşdikləri rayonu dayanıqlı elektrik enerjisi ilə təchiz edir. Ağdamda inşa olunan Qarabağ Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi isə Qarabağ regionunun elektrik təchizatının mərkəzi dispetçer sisteminə inteqrasiyasını təmin edir.
Yarımstansiyaların arasında elektrik verilişi xətlərinin çəkilişi də başa çatdırılıb. Belə ki, 110 kV-luq “Şükürbəyli-Şuşa”, “Şükürbəyli” yarımstansiyasına 110 kV-luq əlavə xəttin çəkilişi, 110 kV-luq “Daşkəsən-Kəlbəcər”, 110 kV-luq “Şükürbəyli-Cəbrayıl”, 110 kV-luq “Qubadlı-Zəngilan”, 110 kV-luq “Xındırıstan-Ağdam-1-Ağdam-2”, 110 kV-luq “Cəbrayıl-Qubadlı”, “Güləbird-Qubadlı”, 110 kV-luq “Güləbird-Laçın Şəhər”, və 110 kV-luq “Kəlbəcər-Qorçu” elektrik verilişi xətləri çəkilib.
2026-cı ilə qədər 1 ədəd 500 kV və 1 ədəd 330 kV-luq, 10 ədəd 110 kV-luq yarımstansiyaların, 110 km-lik 500 kV, 222 km uzunluğunda 330 kV-luq və 451 km-lik 110 kV-luq elektrik verilişi xəttlərinin çəkilişi nəzərdə tutulur.
Bununla yanaşı, Cəbrayıl enerji qovşağının yaradılması və Naxçıvan Muxtar Respublikasının ölkənin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası ilə bağlı şəbəkənin qurulması üçün 1 ədəd çevirici və 2 ədəd 330 kV-luq yarımstansiyanın qurulması, 2 ədəd 330 kV-luq yarımstansiyanın yenidən qurulması, 270 km-lik 1 ədəd 500 kV, 517 km-lik 330 kV və 64 km-lik 110 kV elektrik verilişi xətlərinin qurulması planlaşdırılır.
Ərazilərin su təchizatı magistral sisteminin qurulması ilə bağlı 2023-cü il ərzində meliorasiya və su təsərrüfatı obyektlərinin texniki vəziyyəti qiymətləndirilərək, elektron kadastr məlumatı və xəritəsi hazırlanacaq, Suqovuşan su anbarı 5,2 km uzunluğunda magistral kanalla birlikdə, Xaçınçay su anbarı isə 7 km uzunluğunda kanalla birlikdə təmir və bərpa ediləcək, Tərtərçay Sol Sahil kanalı yenidən qurulacaq. Həmçinin Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarları da təmir və bərpa olunacaq. Suqovuşan hidroqovşağının təmirindən sonra 100 min hektar, Tərtərçay Sol Sahil kanalının yenidən qurulmasından sonra 29,6 min hektar, Xaçınçay su anbarının bərpasından sonra 7 min hektara yaxın, Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmirindən sonra 6,2 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmini yaxşılaşacaq.
Həmçinin 2026-cı ilədək olan dövrdə Bərgüşadçay, Həkəriçay və Zabuxçay su anbarları, Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi həyata keçiriləcək. Bərgüşadçay su anbarı Qubadlı rayonu ərazisində təqribən 12 min hektar yeni torpaq sahəsinin suvarılmasını və Qız qalası hidroqovşağından çıxan kanalın qidalandırılmasını, Həkəriçay su anbarı Şuşa, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Beyləqan, İmişli, Saatlı, Sabirabad rayonlarında 3 mln.-a yaxın əhalinin yüksək keyfiyyətli içməli su ilə təchizatını, Zabuxçay su anbarı isə Qubadlı və Zəngilan rayonları ərazisində 12100 ha torpaq sahəsinin suvarılmasını təmin edəcək.
Bunlarla yanaşı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları üzrə ayrı-ayrılıqda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı ilə bağlı layihələr də həyata keçiriləcək. Bu ərazilərin suvarma suyu ilə təminatı və su ehtiyatları ilə bağlı məlumatların Elektron Su Təsərrüfatı İnformasiya Sisteminə davamlı inteqrasiyası həyata keçiriləcək, mövcud su anbarları, suvarma və paylayıcı kanallar, nasos stansiyaları, subartezian quyuları, hidroqovşaqlar və digər su təsərrüfatı obyektləri mərhələli şəkildə təmir və bərpa olunacaq, yeraltı və yerüstü su mənbələrinin əsas göstəriciləri qiymətləndiriləcək, onların məlumat bazası və elektron su xəritəsi hazırlanacaq. Kəhrizlərin tədqiqi, bərpası və səmərəli istifadəsinin elmi əsaslarının işlənməsi də diqqət mərkəzində olacaq.
Azad olunmuş ərazilərin infrastrukturunun bərpasının bir istiqamətini qaz təchizatı üçün magistral şəbəkənin qurulması təşkil edir. 2023-cü ildə Böyük Bəhmənli‒Şuşa (Füzuli, Şuşa, Hadrut), Azad Qaraqoyunlu‒Ağdam və Goranboy-Kəlbəcər qaz kəmərləri və üzərində qazpaylayıcı şəbəkələr olmaqlar qaz kəməri qolları tikiləcək, Yevlax‒Naxçıvan magistral qaz kəməri 720 mm-lik borularla yenidən qurulacaq.
2024-cı ildə Laçın-Qorçu, Mincivan-Ağbənd, Kəlbəcər-İstisu qaz kəmərləri və üzərlərində qaz təmizləyici məntəqələr quraşdırmaqla qaz kəməri qolları inşa ediləcək. 2023-2025-ci illərdə Horadiz‒Laçın qaz kəməri və üzərində qazpaylayıcı şəbəkələr quraşdırmaqla qaz kəməri qolları tikiləcək.
2025-ci ildə isə Ağdam-Xocavənd, Ağdam-Xankəndi və Ağdam-Ağdərə qaz kəmərlərinin və üzərlərində qaz təmizləyici məntəqələr quraşdırmaqla qaz kəməri qollarının inşası planlaşdırılır.
Azad olunmuş ərazilərdə mükəmməl telekommunikasiya və poçt xidmətləri infrastrukturu da yaradılacaq. İndiyədək bu ərazilərdə fəaliyyət göstərən dövlət orqanlarının rabitə xidmətləri tam təmin olunub. Bu məqsədlə müxtəlif istiqamətlərdə 300 km-ə yaxın fiber-optik kabel xətləri çəkilib, müvafiq avadanlıqlar qurulub. Həmçinin aidiyyəti dövlət orqanları tələbata uyğun olaraq xüsusi rabitə və internet xidmətləri ilə təmin edilib. Dövlət proqramı çərçivəsində 97 məntəqə üzrə şəhərlərarası (rayonlararası) və yerli magistral telekommunikasiya xətlərinin layihələndirilməsi və qurulması həyata keçiriləcək.
Şəhər və digər yaşayış məntəqələrində xüsusi poçt rabitəsinin və poçt rabitəsi xidmətlərinin, o cümlədən poçt-maliyyə xidmətlərinin təşkil edilməsi də diqqət mərkəzindədir. Artıq Ağalı kəndində poçt fəaliyyət göstərir. Dövlət proqramı çərçivəsində daha 50 məntəqə üzrə poçt rabitəsi xidmətləri yaradılacaq.
İndiyədək azad olunmuş ərazilərdə bir neçə radio-televiziya yayımı stansiyası (RTYS) qurulub. Hazırda Şuşa RTYS-dən 10 televiziya və 7 radioproqramın, Şahyeri (Xocavənd) RTYS-dən 11 televiziya və 5 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir. Qeyd olunan stansiyalar vasitəsilə Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər yaxın ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

* * * * *

2026-cı ilədək bu ərazilərdə 15 RTYS-nin bərpası, yeni yayım stansiyalarının qurulması, yüksək keyfiyyətli televiziya və radio yayımının təşkili nəzərdə tutulur.
İşğaldan azad edilmiş ərazilərdə mobil rabitə də mövcuddur. Vətən müharibəsinin başa çatmasından sonra bu ərazilərdə 93 ədəd Azercell, 88 ədəd Azerfon-Bakcell olmaqla, ümumilikdə 181 ədəd baza stansiyası yaradılıb. Qarşıdaki illərdə isə daha 250 ədəd baza stansiyasının qurulması ilə azad olunmuş ərazilərdə mobil rabitənin keyfiyyəti yüksələcək.

5. Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası

İşğaldan azad olunmuş rayonlarımızın böyük iqtisadi potensialı var. Bir vaxtlar bu ərazilərdə mövcud olmuş müəssisələr Azərbaycanın iqtisadi həyatında, əhalinin məşğulluğunun təmin edilməsində böyük rol oynamışdır. İşğal dövründə bu müəssisələrin hamısı dağıdılıb, əmlakları talan olunub. Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları – əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər və digər faydalı qazıntılar isə ermənilər tərəfindən quldurcasına istismar edilib.

İşğaldan azad olunmuş ərazilərimizdə məhsuldar torpaqların miqyası da böyükdür. Qarabağ və Şərqi Zəngəzur üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-­tə­rəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Təsadüfi deyil ki, bu torpaqlar vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizə qədərini təmin edirdi. Bu baxımdan ərazilərimizin işğaldan azad edilməsi həm də ölkəmizdə ərzaq təhlükəsizli­yi­nin təmininə ciddi töhfə ve­­rəcək. Xüsusən də kənd tə­sər­rüfatı və heyvandarlıq məh­sulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq.
Burada emal sənayesinin inkişafı potensialı var. Ona görə qarşıdakı illərdə azad olunan rayonların iqtisadi fəallığının təmin olunmasından və azad olunmuş torpaqların kənd təsərrüfatına cəlb edilməsindən sonra ölkə üzrə məhsulun ümumi buraxılışı xeyli artacaq. Ona görə qarşıdakı illərdə qeyri-neft sektorunun inkişafı ilə bağlı proqnozlara düzəlişlər ediləcək. Çünki Böyük Qayıdış həm də qeyri-neft sektorunun böyüməsinə təkan verəcək.
Qarabağın kurort-rekreasiya potensialına malik olmasına baxmayaraq, Ermənistan bu potensialdan heç bir zaman tam faydalana bilməyib. Ermənilərin bu istiqamətdə həyata keçirmək istədikləri layihələrin hamısı hədər gedib. Çünki bütün dünya işğal olunmuş əraziləri Azərbaycan torpaqları kimi tanıyıb və buna görə heç vaxt turizm sənayesinin diqqətini çəkməyib. Təbii ki, azad olunmuş ərazilərin iqtisadiyyatının bərpası çərçivəsində bu torpaqların turizm potensialı da hərəkətə gətiriləcək.
Böyük Qayıdışla bağlı I Dövlət Proqramında bu istiqamətdə konkret vəzifələr müəyyən edilib, o cümlədən dayanıqlı məskunlaşma üçün bu ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası prioriet elan olunub.
Təbii ki, azad olunmuş ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyasında əsas məsələlərdən biri torpaqlardan səmərəli istifadənin təşkili və torpaq ehtiyatlarının idarə edilməsidir. Bu məqsədlə işğala qədər mövcud olmuş torpaq fondunun kateqoriyalar və kənd təsərrüfatı yerləri (uqodiya) üzrə bölgüsü kameral şəraitdə dəqiqləşdiriləcək, 59 479 ha torpaq sahə dürüstləşdiriləcək.
Proqrama əsasən torpaqların elektron kadastr uçotu və aerofotoplanalma işləri aparılacaq, ortofotoxəritələri hazırlanacaq. Həmçinin onların çöl-geodeziya işləri aparılacaq, kəmiyyət və keyfiyyət (irimiqyaslı çöl-torpaq və geobotaniki tədqiqatların aparılması ilə birgə) göstəriciləri dəqiqləşdiriləcək. Bu işlərin aparılacağı torpaqlar 852091 hektar təşkil edəcək.
197690 ha torpaq sahəsi üzrə kənd təsərrüfatı təyinatlı təbii biçənək, kəndətrafı örüş, yay və qış otlaqlarında iri­miqyaslı geobotoniki tədqi­qat işləri aparılacaq və onlar xəri­tələşdiriləcək.
Yay və qış otlaqlarında peyk təsvirləri vasitəsilə və yerində monitorinq aparılmaqla, habelə təhlükəsizlik riskləri müəyyən olunaraq dislokasiya xəritələri hazırlanacaq, xırdabuynuzlu heyvanların və arı ailələrinin yay və qış otlaqlarında müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması, yay və qış otlaqlarından səmərəli istifadə məqsədilə elektron sistem yaradılacaq, dislokasiya üçün müraciətlərin elektron sistem üzərindən qəbulu və mərhələli şəkildə xırdabuynuzlu heyvanların və arı ailələrinin köçü təşkil ediləcək. Artıq Kəlbəcər və Laçın rayonlarının yay otlaqlarına heyvanların dislokasiya edilməsi üçün portal modulu yaradılmışdır. Portaldan 300 min xırdabuynuzlu və 60 min arı ailəsi qeydiyyatdan keçirilmişdir. Həmin təsərrüfatların köç etməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Həmçinin əkin dövriyyəsinə cəlb edilmiş torpaq sahələrinin statistik göstəriciləri hazırlanacaq. Aparılacaq torpaq kadastrı və xəritələşməyə, aqrokimyəvi analizlərin nəticələrinə əsasən əkinəyararlı digər torpaqlar əkin dövriyyəsinə cəlb ediləcək. Artıq 128.8 min ha əkinəyararlı torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmişdir.
Bu ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üçün vəzifələrdən biri də sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlərin (bazaryönlü maliyyələşmə, məsləhət, logistika, aqroservis infrastrukturu və s.) yaradılmasıdır. Bu məqsədlə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin maliyyə resurslarına çıxışı imkanlarının genişləndirilməsi, cəlb edilmiş resursların maya dəyərinin azaldılması, geri qayıdacaq əhali üçün bank, sığorta və maliyyə xidmətlərinə çıxış imkanını genişləndirmək üçün regionda maliyyə institutlarının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülməsi, sahibkarlara veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin təmin olunması və kredit faizlərinin subsidiyalaşdırılması, onlara Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi, yerli və xarici investisiyanın cəlb edilməsi üçün tədbirlər görülməsi və yatırılan investisiyaların sığortalanması mexanizminin yaradılması, xarici ölkələrdəki ticarət nümayəndələrimiz vasitəsilə regionun imkanları barədə marketinq tədbirlərinin keçirilməsi və müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi nəzərdə tutulur.
Artıq azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətini təşviq edən məsələlərdən biri də sənaye zonaları və aqroparkların yaradılmasıdır. Bu istiqamətdə artıq konkret addımlar da atılıb. 2021-ci il mayın 28-də “Ağdam Sənaye Parkı” yaradılmışdır. İndiyədək burada 7 müəssisə rezident, 2 müəssisə isə qeyri-rezident kimi qeydiyyatdan keçmişdir.
Cəbrayıldakı “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə 2021-ci il oktyabrın 4-də yaradılmışdır və 1 müəssisə rezident, 1 müəssisə isə qeyri-rezident kimi qeydiyyatdan keçmişdir.
Sahibkarlığın təşviq edilməsi ilə bağlı regionda startapların və biznes inkubatorlarının yaradılması da təşviq ediləcək, rayonlar üzrə torpaq-iqlim şəraiti və bazar tələbləri nəzərə alınmaqla bitkiçilik sahəsində ixtisaslaşma aparılacaq, orqanik kənd təsərrüfatı məhsullarının istehsalı potensialı araşdırılacaq, eləcə də su ehtiyatları və iqlim şəraiti nəzərə alınmaqla akvakultura sahəsində ixtisaslaşma həyata keçiriləcək. Mineral xammal ehtiyatlarının da monitorinqi, təftişi, axtarışı və qiymətləndirilməsi həyata keçiriləcək, ilkin mərhələdə 142 yataq üzrə monitorinq və təftiş işləri görüləcək.
Ərazilərin coğrafi xüsusiyyətləri nəzərə alınaraq, kənd təsərrüfatında qabaqcıl texnologiyadan istifadənin, əkin, səpin, biçin və yığım texnikasının, digər kənd təsərrüfatı təyinatlı maşın və avadanlığın güzəştli alışının, bitkiçiliyin prioritet sahələrinin subsidiyalarla dəstəklənməsi də diqqət mərkəzində saxlanılacaq.
Yerli toxumçuların iştirakı ilə 8 regional toxum yarmarkasının təşkili, istehsal olunmuş toxum partiyalarının blokçeyn texnologiyası əsasında kodlaşdırılaraq qablaşdırılması və etiketlənməsi, sertifikatlı buğda toxumundan istifadənin 60%-ə, arpanın 50%-ə çatdırılması, əkin dövriyyəsinə cəlb olunan ərazilərdə torpaqların aqrokimyəvi analizlərinin aparılması və fitosanitar sabitliyin qorunması üzrə tədbirlər görülməsi kimi məsələlər qarşıda duran vəzifələr sırasındadır.
İribuynuzlu və xırdabuynuzlu heyvan fermalarının qurulması, quşçuluq, baramaçılıq, arıçılıq və s. təsərrüfatlarının yaradılması üçün güzəştli kreditlərin verilməsi, heyvanların cins və növlər üzrə rayonlaşdırma planına uyğun olaraq ixtisaslaşmanın aparılması, damazlıq potensialı olan cins heyvandarlıq təsərrüfatlarının yaradılması, yeni yaradılan damazlıq təsərrüfatlarının xarici ölkələrdən idxal edilən və yerli damazlıq təsərrüfatlarında yetişdirilən cins heyvanlarla təmin edilməsinin dəstəklənməsi da sahibkarlıq fəaliyyətini təşviq edən amillər olacaq.
Bütün bunlarla yanaşı, sahibkarlara texniki maşın dəstəyi üçün ərazilər üzrə “Aqroservis” ASC-nin yerli bölmələri yaradılacaq, kənd təsərrüfatı texnikasına tələbatın müəyyən edilməsi və təchizatı həyata keçiriləcək.
Sahibkarlıqla bağlı tədbirlər çərçivəsində məşğulluğu artıran sahibkarlıq fəaliyyəti də təşviq ediləcək. Bunun üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin tətbiq olunacağı fəaliyyət istiqamətləri, emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi üçün vergi, sosial sığorta və digər güzəştlər müəyyən olunması, gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının dəstəklənməsi, ixracyönümlü məhsul istehsalının və ixracının təşviqi, 6 KOB dostu ofisinin (Xocavənd, Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan) və 1 KOB evinin (Şuşa) yaradılması həyata keçiriləcək.
Məşğulluğun təşviqi ilə bağlı vacib məsələlərdən biri də azad olunmuş ərazilərin turizm potensialının hərəkətə gətirilməsidir. Bunun üçün turizm əhəmiyyətli rayonlar üzrə turizm inkişaf konsepsiyaları hazırlanacaq, turizm və rekreasiya zonaları yaradılacaq, ən azı 2 turizm əhəmiyyətli ərazidə turizm və rekreasiya zonalarının inkişaf planları təsdiq olunacaq, tikintisi və yenidən qurulması başa çatmış turizm obyektləri istifadəyə veriləcək.
Bu istiqamətdə də artıq konkret nəticələr var. 2021-ci ildə Şuşada “Xarıbülbül” və “Qarabağ” otelləri istifadəyə verilmiş, 2022-ci ildə Ağdam şəhərində “City Hotel Agdam” və “Park Forest Otel Agdam” mehmanxanalarının, Şuşada “Shusha Boutique Hotel”in və “Otel və Konfrans Mərkəzi”nin təməli qoyulmuşdur.
Təbii resursların (yataqların) iqtisadi dövriyyəyə cəlb edilməsi ilə bağlı tədbirlər də görüləcək. Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının işlənməsi, tikinti materiallarının istehsalı üçün xammalların hasilatı və emalı, İstisuda (Kəlbəcər) termal mənbələrindən istifadəyə dair layihələrin həyata keçirilməsi də məşğulluğa töhfə verəcək.
Geri qayıdan əhalinin məşğulluğunun və sosial müdafiəsinin təmin edilməsi sahəsində əlavə mexanizmlər də tətbiq ediləcək.

Bunun üçün iqtisadiyyatın tələbatına uyğun qısamüddətli ixtisasartırma təhsil proqramları təşkil ediləcək, geri qayıdan əhali arasında ixtisasartırma təhsilinin tətbiqinə dair layihələr hazırlanacaq, 1000 nəfər qısamüddətli ixtisasartırma, 5000 nəfər isə qısamüddətli təlim proqramlarına cəlb ediləcək.

Həmçinin ixtisaslı mütəxəssislərin ərazilərdə əmək fəaliyyətinə cəlb olunması stimullaşdırılacaq, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin edilməsi üçün tədbirlər görüləcək.

 (ardı var…)

Akademik Ziyad SƏMƏDZADƏ

Etikxeber.az

Read Previous

“Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk…”-İLHAM ƏLİYEV

Read Next

“Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır”-XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir