“Böyükləri heç buna vadar etmək olmur, o ki qaldı uşaq və yeniyetmələri…”-SABİQ DEPUTAT

Təqvimə baxıram, avqust başa çatmaqdadır.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır.

Yaxşı vaxtlarda, pandemiyadan əvvəlki illərdə, şəhərlərimizdə, qəsəbələrimizdə məktəb bazarları təşkil olunar, valideynlər uşaqlarını yanlarına alıb onu alar, bunu alar, məktəbə hazırlıq görərdilər…

Aylardır başımızın üstünü kəsdirən koronavirus həyatımızın axarını elə dəyişib ki, məktəb, sinif otağı az qala uşaqlarımız üçün yuxu kimi görünür.

Təhsil ocaqlarının açılıb -açılmayacağına dair qərar hələ yoxdur.

Məktəblərin bağlı qalmasının uzadılması məsələsində də vahid fikir yoxdur.

Yeni Təhsil nazirinin Milli Məclisin müvafiq komitəsinin üzvlərinin və mütəxəssislərin iştirakı ilə keçirdiyi müzakirələrdə də bir qərar hasil olmadı.

Mətbuatda bildirildiyi kimi, orada müxtəlif fikirlər səslənib.

Tədris ilinin onlayn qaydada davam etdirilməsindən tutmuş,epidemioloji qaydalara əməl etmək şərti ilə dərslərin məktəb otaqlarında aparılması, tədris həftəsinin və dərs saatlarının qısaldılmasına qədər müxtəlif variantlar ortaya qoyulmuşdur.

Mətbuatda da,sosial şəbəkələrdə də bu problemlə bağli qızğın debatlar gedir.

Fikirlər, düşüncələr, təkliflər çoxdur.

Ağlabatanı da var, yersiz görünəni də.

Məsələn götürək, dərslərarası fasilələrin uzadılması və şagirdlərin tənəffüsləri açıq havada keçirməklə bağlı təklifi.

Siz inanırmısınız ki, yüzlərlə şagird eyni vaxtda həyətə çıxarkən tövsiyyə olunduğu qaydada maska taxacaq, məsafə saxlayacaqlar?

Böyükləri heç buna vadar etmək olmur, o ki qaldı uşaq və yeniyetmələri.

Gərək hər məktəbə bir polis bölüyü ayrılsın ki, bu işin öhdəsindən gəlsinlər. Əks halda, yoluxmalar qaçılmazdır.

Epidemioloqlar birmənalı olaraq təsdiq edirlər ki, infeksiya insanların kütləvi toplaşdığı yerlərdə daha çox və sürətlə yayılır.

Təhsil ocaqları da belə məkanlardandır.

Ölkəmizin koronavirusla mübarizədə əldə etdiyi müsbət nəticələrin səbəblərindən biri təhsil ocaqlarının fəaliyyətinin dayandırılması ilə bağlı qərarın vaxtında verilməsi idi.

Zənnimcə, qarşıdakı dərs ilinin də forma və məzmunu epidemioloji vəziyyətə bağlı olmalıdır.

Bir valideyn kimi, mən də məktəblərin bağlı qalmasını xoş qarşılamıram, bunun təhsilimizin, maarifimizin keyfiyyətinə mənfi təsirindən çox narahatam.

Lakin nə etməli, bu, təbii fəlakətdir.

Prezident I.Əliyevin də dediyi kimi, insanların həyatı və sağlamlığı hər şeydən üstündür.

Kütləvi peyvəndləmə aparılana qədər online təhsilin ən təhlükəsiz olduğu faktdır.

Sadəcə, onu düzgün və səmərəli təşkil etmək və formalaşdırmaq lazımdır.

Texniki məsələləri qabaqcadan yönünə qoymaq vacibdir.

Ehtiyacı olan şagirdlər internet və planşetlərlə təmin olunmalıdır. Sual olunur, kim etməlidir?

Əlbəttə ,Təhsil nazirliyi.

Dövlətimiz bu sahəyə yetərincə vəsaitlər ayırır. İndiki ekstremal şəraitdə hər bir gəpiyin daha da səmərəli və məqsəqyönlü xərclənməsi xüsusi önəm daşıyımalıdır.

Mayis SƏFƏRLİ,

Sabiq millət vəkili

Etikxeber.az

Read Previous

“Paris Sen-Jermen” tarixində ilk dəfə Çempionlar Liqasının-FİNALINDA

Read Next

“Ermənistanın Türkiyəyə qarşı əsassız ittihamlar ehtiva edən mövqeyi və bəyanatları pislənilməli və rədd edilməlidir”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir