“Bu, Azərbaycanın növbəti böyük qələbəsidir” – DEPUTAT

UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına salınması Azərbaycan mədəniyyətinin növbəti böyük uğuru və qələbəsidir.

Etikxeber.az xəbər verir ki, bunu deputat Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi heç də təsadüfi deyil:

“Azərbaycan son illər ərzində UNESKO ilə bağlı böyük işlər görüb. Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya mədəniyyətinə verdiyi dəyərdir. Bütün dünyada bilinir ki, Azərbaycan mədəniyyətə böyük qiymət verir. Təbii ki, burada Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xöşməramlı səfiri Mehriban xanım Əliyevanın çox böyük əməyi var. Mehriban xanımın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərin nəticəsidir ki, Azərbaycan mədəniyyətinin inciləri zaman-zaman UNESKO-nun Dünya İrs Siyahısına daxil olur. Şəki şəhəri İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Eyni zamanda, indiyə qədər “Azərbaycanın xalçası” sənəti, muğam sənəti, aşıq sənəti və Novruz bayramı da UNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib”.

Deputat vurğulayıb ki, Şəki Azərbaycan mədəniyyətinin mühüm bir hissəsidir:

“Təsadüfi deyil ki, Azərbaycana gələn çoxsaylı turistlərin yolu mütləq Şəkiyə də düşür. Xan Sarayı, Karvansaray və digər tarixi məkanlar Azərbaycan mədəniyyətinin gözəl incilərindəndir. Eyni zamanda, Şəki xanlığı Azərbaycan tarixində, ölkəmizin mədəni tarixinin formalaşmasında mühüm bir yer tutur. Mən deyərdim ki, Şəkinin tarixi mərkəzi Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Belə bir tarixi mərkəzin Dünya İrs Siyahısına salınması UNESKO və təşkilata üzv dövlətlər tərəfindən Azərbaycana göstərilən hörmətin, ölkəmizə verilən dəyərin bariz nümunəsidir. Azərbaycanın mədəni irsin qorunması istiqamətində gördüyü bu işlər və eyni zamanda, mədəni irsinə bağlılığı beynəlxalq aləm tərəfindən də yüksək qiymətləndirilir”.

sahiba xanim

S.Qafarova əlavə edib ki, Azərbaycan mədəniyyəti bu yolla dünyada tanınır, təbliğ olunur: “Bu hadisə dünyanın mədəni-turizm xəritəsində Azərbaycanın mövqeyini xeyli gücləndirəcək. Bu baxımdan Şəki Xan sarayının və Şəkinin tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın UNESKO ilə bağlı fəaliyyətində növbəti böyük qələbəsidir”.

Etikxeber.az

Read Previous

45 qərar qəbul edildi, 29 irs nümunəsi Ümumdünya İrs Siyahısına salındı…

Read Next

“Çünki, bu, əsas prioritetdir…” – İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir