“Bu, bir daha Türk Şurasına üzv ölkələr arasında mövcud dostluq və qardaşlıq təməllərinin möhkəmliyindən xəbər verir…”-MƏLAHƏT İBRAHİMQIZI

Bəşəriyyətin ümumbəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası ilə ciddi mübarizə apardığı bir zamanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi tarixə yazılan hadisələrdəndir. Koronavirus pandemiyasına həsr olunan toplantıda türkdilli dövlətlərin rəhbərləri videokonfrans vasitəsilə mövcud vəziyyəti müzakirə etdilər, qarşılıqlı fikir mübadiləsi apardılar.

Zirvə görüşündə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusun da şəxsən iştirakı məsələnin aktuallığı çərçivəsində Azərbaycanın və onun dövlət başçısının beynəlxalq əməkdaşlıq platformasında yüksək nüfuzundan və yerindən irəli gəlir.

Etikxeber.az xəbər verir ki, bu sözləri  Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidentinin də giriş nitqində qeyd etdiyi kimi Zirvə görüşü dövlətin başçısının təşəbbüsündən cəmi bir neçə gün sonra baş tutub. Bu, bir daha Türk Şurasına üzv ölkələr arasında mövcud dostluq və qardaşlıq təməllərinin möhkəmliyindən xəbər verir.

“Düşünürəm ki, ümummilli lider Heydər Əliyevin bizlərə miras qoyduğu və Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən – “Bir millət, iki dövlət” konsepsiyası əslində, bütün türk xalqlarını özündə ehtiva edir. Türk Şurası ATƏT, Avropa Şurası kimi nüfuzlu təşkilatlarla bir sırada durur. Bu toplantıda ölkəmizin necə böyük gücə malik olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin xarici siyasətinin nəticədir ki, Azərbaycan etibarlı tərəfdaş rolunda çıxış edir. Biz o nüfuzu qazanmışıq.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçən ilin oktyabrında Bakıda keçirilmişdi. Türk Şurasının keçirdiyi hər bir tədbir bu təşkilatın dünyada nüfuzunun daha da artırılmasına və üzv ölkələr arasında əməkdaşlığın, dostluğun daha da möhkəmləndirilməsinə xidmət edir. Çünki türk xalqlarını birləşdirən dəyərlər soykökə, tarixə, mədəniyyətə söykənir. Bu Zirvə görüşü Türk Şurasına üzv olan ölkələrin gələcəkdə iqtisadi və mədəni inteqrasiyasına daha da təkan verəcəkdir. Bu mənada fövqəladə toplantı həm koronavirus pandemiyasına qarşı birgə mübarizədə, həm də koronavirusdan sonrakı dövrdə əməkdaşlığın zəruriliyini təcəssüm etdirir”.

Ölkəmizin koronavirusla mübarizədə başqalarına yardım etdiyini bildirən deputat qeyd edib ki, Zirvə görüşünə qoşulan ÜST-un baş direktoru 5 milyon dollar yardım üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürünü bildirdi:

“COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm”. Azərbaycanın bu yardımı Avropada rezonans doğurmuşdu. Təsəvvür edin ki, bu gün pandemiyadan əziyyət çəkən ölkələr Avropa İttifaqından, Avropa Şurasından dəstək istədiyi halda, onların istəyi nəticəsiz qalır. İndi bütün dünya bir-birinə sığınıb, yardım edir, dəstək nümayiş etdirirlər. Bir sözlə, bəşəri dəyərlərə önəm verilir. Heydər Əliyev Fondunun layihələri xüsusilə, diqqət çəkir. Layihə çərçivəsində itkilər verən Avropa ölkələrinə dəstək məqsədilə həmin ölkələrin bayraqları videoproksiya şəklində Heydər Əliyev Mərkəzinin binasının üzərində dalğalandırılır”.

Koronavirusun dünyanın inkişaf etmiş ölkələrini iflic vəziyyətinə salmasından danışan M.İbrahimqızı diqqətə çatdırıb ki, sərhəd tanımayan koronavirus pandemiyası dünyanın bütün ölkələrinə yayılıb və çox ciddi fəlakətlərə səbəb olub. Azərbaycanda bu infeksiya ilə bağlı qabaqlayıcı tədbirlər vaxtında görülüb. Məhz bunun nəticəsidir ki, ölkəmizdə vəziyyət nəzarət altındadır. Vaxtında sərhədlərin bağlanması, bütün təhsil müəssisələrində tədrisin dayandırılması, eləcə də ictimai-iaşə obyektlərinin insanlara ancaq onlayn xidmət göstərməsi barədə tapşırıqlar, müəyyən qadağalar çox yerində verilmiş qərarlardır.

“Ölkəmizdə testlər aparmaq üçün hazırda 18 laboratoriya fəaliyyət göstərir. Kifayət qədər süni nəfəs aparatları gətirilib. Gün ərzində minlərlə test edilir. Testlərin sayına görə Azərbaycan 30-cu yerdədir və çox böyük göstəricidir. Prezidentin tapşırığı ilə hətta qeyri-tibb müəssisələri belə vətəndaşların, karantində olanların qulluğundadır. İşsiz qalan insanları dövlət öz himayəsinə götürüb, vətəndaşlar sosial paketdən yararlanırlar. Xəstəxanalarda, karantin zonalarında koronavirus daşıyıcısı olan həmvətənlərimizin müalicəsi üçün ən gözəl şərait yaradılıb. Ölüm faizi Avropa və dünya ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Müharibə şəraitində olan və 1 milyon qaçqın və məcburi köçkünü olan bir ölkə üçün bunları bacarmaq asan məsələ deyil.

Bəzən insanlar kiçik tibb ləvazimatlarının çatışmadığına görə narahat olurlar. Mühüm məbləğdə vəsait tələb edən laboratoriyalar və süni nəfəs aparatları ilə müqayisədə dəyəri 3-40 qəpik olan spirt, maska nədir ki?! Bizim ana, bacılarımız II Dünya müharibəsi dövründə bunu özləri edirdilər. Tez bir zamanda tibbi ləvazimatlar istehsal edən müəssisə də fəaliyyətə başladı. İndi ölkəmiz özünü tibbi maska ilə təmin etmək iqtidarındadır. Koronavirus pandemiyası müharibədən də pis bəladır. Düşmənin haradan və nə vaxt vuracağı bəlli deyil. Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciətində də dediyi kimi, insanlar fikirləşirdilər ki, müasir tibb elmi inkişaf edib və onun gücü ilə hər şey mümkündür. Amma koronavirus pandemiyası sübut etdi ki, tibb elmi bu epidemiyanın qarşısında aciz qalıb. Koronavirusdan heç bir ölkə, güclü ya gücsüz, sığortalamayıb. Bu xəstəlik baxmır ki, qarşısındakı kasıbdır ya varlıdır”.

Bildirib ki, son 10 ildə ölkədə səhiyyənin infrastrukturu çox inkişaf edib:

“Paytaxtda və bölgələrdə diaqnostika mərkəzləri, müasir standartlara cavab verən xəstəxanalar tikilib istifadəyə verilib. Ölkə üzrə icbari tibbi sığortaya keçmək üçün güclü səhiyyə infrastrukturun olması vacib şərtlərdəndir. Peşəkar kadrların hazırlanması da burada çox əsasdır. Müasir tibbi avadanlıqlar və özəl səhiyyənin inkişafı da icbari tibbi sığortanı təmin edən amillərdəndir. Ölkədə xəstəxanalar və klinikalar tikiləndə bəzi üzdəniraq qüvvələr, necə deyərlər “5-ci kolon”un nümayəndələri ağızlarını bezərək irad tuturdular ki, bu qədər xəstəxana nəyə lazımdır? Onlara üzümü tutub deyirəm ki, bax, bu gün üçün lazım idi. Tikilməsi lazımdır ki, insanlarımız İtaliyada, İspaniyada və ABŞ-da olduğu kimi küçələrdə, çadırlarda müalicə almasınlar. Bu gün koronavirus xəstələrimiz hər cür şəraiti olan xəstəxanalarda müalicə alırlar”.

Deputat təəssüfləndiyini bildirib ki, koronavirus pandemiyasının hər bir dövlət üçün milli faciəyə çevrildiyi bir vaxtda, bu faciədən istifadə edənlər, görülən yaxşı işlərə qulp qoyanlar da tapılır.

“Koronavirusa Mübarizəyə Dəstək Fondu Azərbaycan xalqının birliyini, həmrəyliyini nümayiş etdirdi. Ən çətin vaxtlarımız 1990-cı illər, müharibənin çətin günləri idi və onda da biz acından ölməmişik. Torpağımız çox bərəkətlidir. Bu yerin insanları heç vaxt ac qalmaz, çətin gündə bir-birinə dayaq durarlar. Çünki bizim milli kökümüz, adət-ənənələrimiz var. İnşallah, bu bəlanın da öhdəsindən gələcəyik” (AZƏRTAC).

Etikxeber.az

Read Previous

MM-in komitə sədrinin təşəbbüsü ilə “Evdə qal, kitab oxu” aksiyası-KEÇİRİLDİ…

Read Next

Daha 40 yoluxma-QEYDƏ ALINDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir