“Bu, böyük məbləğdə “neft dollarları”nın daxil olmasına şərait yaradacaq ki…” – DEPUTATIN YAZISI

Azərbaycan dövlətinin və xalqımızın müstəqilliyinin bəhrəsi olaraq nail olduğu uğurlar çoxdur. Bu sırada əsas nailiyyətlərimizdən biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının gətirdiyi siyasi və iqtisadi dividendlərdir. Bu strategiyanın uğurla reallaşmasının nəticəsidir ki, dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi. 

Azərbaycanın enerji siyasətindən danışarkən müstəqilliyimizin bərpasından sonra bu sahədə cərəyan edən prosesləri xatırlamamaq olmur. Artıq o dövrdə hər kəs birmənalı şəkildə qəbul edirdi ki, yeni texnologiyalar, o cümlədən maliyyə resursları olmadan Xəzərin dərinsulu hissələrindəki karbohidrogen ehtiyatların kəşfiyyatı və işlənməsi qeyri-mümkündür. Amma müstəqilliyimizin ilk illərində aparılan danışıqların məzmunu Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun deyildi. Siyasi və iqtisadi böhranın hökm sürdüyü o dövrdə bəzi Qərb dairələri və neft şirkətləri hesab edirdilər ki, büdcəsi boş və təcili maliyyə yardımına ehtiyacı olan Azərbaycan neft kontraktının imzalanmasını məcburiyyət qarşısında tezləşdirəcək. Lakin ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışı ilə hər şey dəyişdi. Azərbaycan nə qədər böhran vəziyyətində olsa da, Heydər Əliyev xalqın milli maraqlarını qorudu, hər şeydən uca tutdu. Heydər Əliyevin bu danışıqların məzmunu ilə tanış olmasından sonra hadisələr tamamilə başqa istiqamətdə inkişaf etdi. Xarici neft şirkətləri ilə danışıqlar faktiki olaraq dayandırıldı. 
Bu addımın nə qədər müdrik və uzaqgörən olduğunu sonrakı hadisələr göstərdi. Çünki bundan bir il sonra xarici şirkətlərlə aparılan neft danışıqları və onun uğurlu nəticələri göstərdi ki, Heydər Əliyevin müəllifi olduğu yeni neft-qaz strategiyası Azərbaycan dövlətinin və xalqının milli maraqları üzərində qurulmuşdu. Aparılan danışıqların və Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında ARDNŞ və dünyanın 11 aparıcı neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında” sazişin imzalanması regionda beynəlxalq enerji əməkdaşlığının bünövrəsini qoydu. Azərbaycanın yeni tarixinin ən əlamətdar məqamına çevrilən bu an mənim də həmin tədbirin iştirakçısı kimi həyatımın ən möhtəşəm hadisəsidir. 
İndi Azərbaycan xalqı öz təbii sərvətlərinin əsl sahibi kimi çıxış edirdi. Məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatına cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.
Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir daha təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə bu layihədə iştirak edən dövlətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu.
Ulu öndər Heydər Əliyevin neft strategiyasının mühüm hissəsini təşkil edən “Əsrin müqaviləsi”nin Azərbaycan tarixində, iqtisadi inkişafında danılmaz yeri var. Bu saziş təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, Azərbaycan iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun müasirləşməsinə rəvac verdi. Ən əsası isə bu saziş ötən əsrin 90-cı illərində hərbi təcavüzə məruz qalmış, ciddi siyasi və iqtisadi sınaqlarla qarşılaşmış gənc Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək onun dünya birliyinə sıx inteqrasiyasını təmin etdi.

Qərbin bir sıra aparıcı, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşıyan “Əsrin müqaviləsi” regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin başlanğıcını qoydu.
Ötən 14 ildə Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin edib. Dövlət başçısı neft strategiyasında varisliyi inamla təmin edərək Bakı-Tbilisi-Ceyhan neft kəmərinin praktik şəkildə gerçəkləşməsinə nail olub. Beləliklə, 2005-ci ildə əfsanədən həqiqətə çevrilən BTC neft kəməri müəllifi Heydər Əliyev olan və dünyaya səs salan “Əsrin müqaviləsi”nin qanunauyğun məntiqi nəticəsi idi. Bu, Heydər Əliyevin müdrik siyasətinin təntənəsi səviyyəsində ümumiləşən tarixi hadisə, müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz nailiyyət idi.
BTC-nin istifadəyə verilməsi ilə Azərbaycan dost və tərəfdaş ölkələrin, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak etdi. Bu, Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artıraraq ölkəmizin həm də etibarlı strateji tərəfdaş kimi statusunu möhkəmləndirdi. Təsadüfi deyil ki, indiyədək keçirilən bütün enerji sammitlərində Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki müstəsna rolu və imkanları dəfələrlə vurğulanıb.
Beləliklə, ötən 23 ildə qazanılmış nailiyyətlər göstərir ki, yeni neft strategiyasının gerçəkləşməsi həqiqətən, Azərbaycan Respublikasının, ölkə iqtisadiyyatının, xüsusilə neft sənayesinin güclənməsinə, öz inkişafının mahiyyətcə yeni mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan verib. Neft və qaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmaqla yanaşı, əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın sürətlə inkişaf etməkdə olan modern bir ölkəyə çevrilməsini təmin edib. Bu gedişlə və qarşıya qoyulmuş vəzifələrin uğurla reallaşması nəticəsində yaxın gələcəkdə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrinin cərgəsinə qoşulması tezləşəcək.
Bu günlərdə isə Azərbaycanın neft tarixində daha bir əlamətdar hadisə baş verdi. Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə xarici neft şirkətləri ilə yeni saziş imzalandı. Bununla da 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə neft hasil olunan sözügedən yataqların işlənilməsində yeni mərhələ başlayır. SOCAR, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin imzaladığı sazişə əsasən, növbəti 32 il müddətində “Azəri-Çıraq-Günəşli” yataqlarına 40 milyard dollardan artıq sərmayə qoyulacaq.
Bu saziş ilk növbədə, Azərbaycanın neft ehtiyatları barədə söhbətlərə son qoydu. İndiyədək “Azəri-Çıraq-Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib. Amma son kəşfiyyat işləri bu yataqlarda hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatının olmasından xəbər verir. Ümumilikdə isə burada 1 milyard ton neftin olduğu proqnozlaşdırılır.
Digər tərəfdən, yeni sazişdə Azərbaycanın maraqları daha çox nəzərə alınıb. Belə ki, Azərbaycanın payı 11,6 faizdən 25 faizə qaldırılıb, ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Prezident İlham Əliyev bu barədə deyib: “Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır”.
Qeyd olunan rəqəmlərdən göründüyü kimi, adı çəkilən neft yataqları bundan sonra ən azı 32 il Azərbaycan iqtisadiyyatına təxminən əvvəlki səviyyədə müsbət töhfələrini verməkdə davam edəcək ki, bu da ölkəmizin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan haqlı olaraq yeni saziş “Yeni əsrin müqaviləsi” adlandırılır. Ümumiyyətlə, “Əsrin müqaviləsi”nin qeyd edilən şərtlərlə 2050-ci ilə qədər uzadılması Azərbaycana bir sıra mühüm dividendlər gətirəcək. Bu, ilk növbədə, Azərbaycan üçün qarşıdakı illər ərzində ictimai-siyasi və iqtisadi sabitliyin təminat altına alınması deməkdir. Belə ki, dünyada baş verən ictimai-siyasi təlatümlər fonunda nüfuzlu ölkələrin geoiqtisadi və geosiyasi maraqlarını uzlaşdırmağa imkan verən bu saziş ölkəmizin gələcək müstəqil və sabit inkişafı baxımından çox əhəmiyyətlidir. Qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatına 40 milyard dollarlıq investisiyanın yatırılması iqtisadi artım və iqtisadi rifah üzərində böyük müsbət təsir yaradacaq. Ən əsası, bu saziş eyni zamanda, qarşıdakı illərdə Azərbaycana böyük məbləğdə “neft dollarları”nın daxil olmasına şərait yaradacaq ki, bu da tədiyə balansının cari hesabında kəsr yaranma ehtimalını ortadan qaldıraraq makroiqtisadi sabitliyin davamlılığını təmin edəcək.
Prezident İlham Əliyevin “daha əlverişli, daha üstün, daha genişmiqyaslı” hesab etdiyi yeni kontraktın siyasi əhəmiyyəti də böyükdür, həmçinin ölkəmizin beynəlxalq mövqeyinin yüksəldilməsində əvəzsiz töhfələri indidən aydın görünür. Belə ki, Azərbaycanın 2050-ci ilədək dünya neft bazarında, yeni enerji xəritəsinin müəyyənləşməsində, Avropanın enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri olması statusu davam edəcək. Bununla yanaşı, neft, eləcə də qaz kəmərlərinin gərəkliyi daha da yüksələcək, rentabelliyi artacaq. Qafqazın liderinə çevrilən Azərbaycan daha əlverişli olan XXI əsrin müqaviləsi ilə artıq Şərqi Avropa, MDB, həmçinin Qərbi Asiya məkanının aparıcı iqtisadi-siyasi güclərindən biri kimi çıxış edəcək.
Azərbaycanın ötən 23 ildə neft-qaz sahəsində qazandığı hər bir uğur ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi, Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Bu uğurlar müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz qələbələrdir. Sentyabrın 14-də imzalanan müqavilədən sonra isə Azərbaycanın həm neft, həm də inkişaf tarixində yeni mərhələ başlayıb. Bu mərhələdə qazanılan hər bir uğur isə Azərbaycanın daha qüdrətlənməsinə, inkişafına və vətəndaşlarımızın rifahının yüksəlməsinə xidmət edəcək.

Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini

 

Read Previous

NOYABRIN SUALI: AVROPAYA KİM GEDƏCƏK? – Zahid Oruc yazır

Read Next

Rusiyada avtobusun qatarla toqquşması nəticəsində ölənlərin sayı 19-a çatdı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir