Bu, büdcənin 33 faizini təşkil edir… – HADİ RƏCƏBLİ – YENİLƏNİB – (14)

RAFAEL HÜSEYNOV SƏRT DANIŞDI…

Milli Məclisin (MM) daha 5 komitəsinin birgə iclasında büdcə müzakirələrinə başlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, birgə iclasa MM-in Əmək və sosial siyasət komitəsinin rəhbəri Hadi Rəcəbli  sədrlik edir.

HADİ-HADİ-1

İclasda 5 komitənin üzvləri ilə yanaşı, mədəniyyət naziri Əbülfəs Qarayev, Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov, maliyyə nazirinin birinci müavini İlqar Fətizadə ( nazir Samir Şərifov üzrlü səbəblərdən iclasa qatılmayıb) və digər rəsmi şəxslər iştirak edirlər.

H.Rəcəbli qeyd edib ki, dünyada gedən ağrılı proseslərə baxmayaraq, Azərbaycanda ictima-siyasi sabitlik mühitində sosial rifah dövlət qurulur.

“Digər sahələrdə zaman-zaman azalmalar olsa da, amma son illər sosial sahəyə, sosila məqsdədlərə vəsaitlər daim artırılır. 2019-cu ilin büdcəsində də bu aşkar hiss olunur. Növbəti ilin büdcəsində sosial məqsədlərə 8 milyarddan artıq vəsait ayrılıb. Bu da nəticə etibarı ilə büdcənin 33 faizini təşkil edir. Bu, böyük göstəricidir”-deyə, komitə sədr sözlərinə əlavə edib.

Komitə sədri deyib ki, həmçinin, sosial sığorta sahəsində növbəti addımların atılması gözlənilir.

***

Büdcə zərfi barədə maliyyə nazirinin müavini İ. Fətizadənin məruzəsi dinlənilir.

***

Əhalinin siyahıya alınmasına 23, siyasi partiyalara 3 milyon ayrılacaq…

“Əhalinin siyahıya alınması üçün dövlət büdcəsindən 23 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”-deyən, İ. Fətizadə bildirib ki, siyasi partiyaların maliyyələşdirilməsinə 2019-cu ilin dövlət büdcəsindən 3 milyon, bələdiiyə seçkilərinə 54 milyon manat vəsait ayrılacaq.

Onun sözlərinə görə, xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması üçün  4 milyon manat vəsaitin, Bilik Fonduna isə 1 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

***

Səhid vərəsələrinə 50 milyon manat ayrılacaq

İ. Fətizadə sonra deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə də davam etdiriləcək.

Nazir müavini bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsi proqramı növbəti ildə davam etdirilməsi üçün növbəti ildə dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılacaq.

***

Birinci qrup əlillərin sayındakı “artım” nədən yaranıb?

“Son illər Azərbaycanda əlillərin, xüsusilə, birinci qrup əlillərin sayında “artım” hissi olunur”.

Bunu isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O, qeyd edib ki, bu ilin yanvarın 1-ə olan məlumata görə, birinci qrup əlillərin sayında 8,8 faizlik “artım” var.

Palata sədri bunun narahatlıq doğurduğunu və bu səbədən də, ictimai, inzibati nəzarət tədbirlərinin artırılmasının nəzərdə tutulduğunu bildirib.

***

ahliman-1

Komitə sədri təhsilə ayrılan vəsaitdən şikayətləndi

Akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, təhsilə ayrılan vəsait çox azdır və bu, ədalətsizlikdir.

O, təhsil sahəsinə ayrılan vəsaitin artırılmasının vacibliyini dilə gətirib.

Komitə sədri həmçinin, Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının əmək haqlarının azlığından şikayətlənib və bunun nəzərə alınmasını təkli edib.

Ə. Əmiraslanov eyni zamanda, onkoloji xəstəliklərlə bağlı vəsaitin dəyişməz qalmasından, cəmi 30 milyon manat olmasından narazılığını ifadə edib:

“Hesab edirəım ki, bu vəsait mütləq artırılmalıdır, dəyişməz qalmamalıdır. Həmçinin, biz neçə illərdir Azərbaycanda kök-hüceyrə mərkəzinin və mərkəzlərinin yaradılmasına çalışırıq. Çünki yüz minlərlə insanın bu mərkəzlərə ehtiyacı var. Amma çox təəssüf olsun ki, bu məsələ yenə də büdcədə nəzərdə tutulmayıb. Bu, düzgün deyil”.

***

İsa Həbibbəyli: AMEA-ya ayrılan vəsait artırılmalıdır

“Milli Elmlər Akademiyasına (AMEA) ayrılan vəsait artıq neçə illərdir dəyişmir, sabit qalır”. Bunu  da  müzakirələrdə çıxışı zamanı akademik, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

O, qeyd edib ki, bu, düzgün yanaşma deyil:

“Neçə illərdir AMEA-ya ayrılan vəsait sabir qalır, dəyişmir. Bu, sabit qalmamalıdır, çünki elm sabit qalmır, bir yerdə dayanmır, inkişaf edir. Ona görə imkan varkən bu barədə düşünülməli, AMEA-ya ayrılan vəsaitin, onun əməkdaşlarının əməkhaqlarının artırılması üçün yenidən addımlar artırılmalıdır. Elm, təhsil bizim gələcəyimizdir, inkişafımız deməkdir. Buna elə-belə-yanaşmaq olmaz”.

***

raf-rafa

 

Rafael Hüseynov: Bu pulla hansı kinodan, filmdən danışmaq olar?

Akademik, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov öncə deyib ki, biz çox xoşbəxt insanlarıq və bunun fərqinə varmalıyıq:

“Arxaya, geriyə dönüb, keçib gəldiyimiz yola, tariximizə baxmalıyıq ki, haradan haraya gəlmişik.Biz  növbəti ilin büdcəsini ikinci müstəqilliyimizin 28-ci ilinə keçiddə, birinci istiqlalımızın  artıq101-ci ilində müzakirə edirik. Bu, böyük xoşbəxtlikdir və istiqalalımızın, müstəqilliyimizin qədrini, dəyərini bilməliyik”.

“Ancaq onu da deyim ki, əgər bu gün mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi yenə sıfırın altındadırsa, biz o zaman  istədiyimiz, arzuladığımız nəticələrə çətin çata bilərik. Yalnız o zaman Amerikanın, Çinin, digərlərinin qarşısına çıxa bnilərik ki, mədəniyyətimiz güclü olsun. Hansı ki, biz tarixən mədəniyyət ölkəsi sayılırıq”-deyən, komitə sədrinin sözlərinə görə, amma büdcədə bunun əksini görmürük, büdcə mədəniyyətə ayrılan vəsait demək olar ki, yox dərəcəsindədir.

“Biz Niyaziləri, Qara Qarayevləri, Səttar Bəhlulzadələri və digərlərini necə yetişdirə bilərik? Mədənityyətə belə yanaşma varsa, təbii ki, heç nə olmayacaq. Ona görə hesab edirəm ki, mədəniyyətin fəlsəfəsinə yanaşma dəyişməlidir, mədəniyyət sahəsinə ayrılan vəsaitlər qat-qat artırılmalıdır.

Kino üçün nəzərdə tutulan vəsait xüsusilə, artırılmalıdır. Bu pulla hansı kinodan, uğurlu sənət əsərindən, bədii, sənədli, animasiya filmindən söhbət gedə bilər? Bu il Azərbaycan kinosunuin 120 illiyi tamam oldu, hansı ki, Azərbaycan kinosu yarananda dünyanını aparıcı ölkələrində bu yoxuydu. Amma ayrılan bu pulla kinomuzu necə inkişaf etdirmək, dünyaya təqdim etmək olar?

Həmçinin, bu gün rayonlarda mədəniyyət obyektlərinin, muzeylərin, kitabxanların çoxu bərbad, nimdaş vəziiyətdir. Odur ki, Maliyyə Nazirliyi, hökumət mədəniyyət sahəsinə, Mədəniyyət Nazirliyinə ayrılan vəsaitə bir daha qayıtmalı, vəsaitin həcmini artırmalıdırlar”-deyə, R. Hüseynov sözlərinə əlavə edib.

***

 Zorakılıq qurbanları üçün “Qaynar xətt”lər yaradılsın

MM-in Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çoxuşaqlı ailələrə verilən müavinətin artırılmasını, həmçinin 3 yaşına qədər çoxuşaqlı ailələrə verilən müavinətlərə yenidən baxılmasını təklif edib.

Komitə sədri deyib ki, həmçinin, bu ailələrin mənzil probleminin həlli üçün güzəştli ipoteka kreditləri ayrılmalıdır.

O, eyni zamanda, zorakılıq qurbanları üçün “Qaynar xətt”lərin yaradılmasını da təklif edib və bu təcrübənin qonşu Rusiyada da olduğunu vurğulayıb.

***

sahil babayev

İlk “DOST” mərkəzi ilin sonunda açılacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında deyib ki, noyabrın 19-da vətəndaşlara xidmət edəcək sosial reyestrin təqdimat mərasimi keçiriləcək.

Nazir bildirib ki, bu reyestr vasitəsilə hər bir vətəndaş öz şəxsi kabinetinə girərək sosial xidmət və müavinətlərinə dair bütün məlumatlarını əldə edəcək.

Onun sözlərinə görə, ilin sonuna qədər yığımlardan 80 milyon manat qənaət gözlənilir:

“Ünvanlı sosial yardım alanlar özünəməşğulluğa cəlb olunacaq. Hazırda özünəməşğulluğa cəlb olunmanın 40 faizi ünvanlı sosial yarımdan keçid edənlərdir. Əlillik sahəsində təyinatlarda 60 faiz azalma var”.

S.Babayev əlavə edib ki, əhaliyə “Dost” xidmətləri vasitəsilə də xidmət göstəriləcək:

“Bunun da 50 faizi elektron xidmətlər təşkil edəcək. Əksər məlumatlar vətəndaşın şəxsiyyət vəsiqəsi vasitəsilə toplanacaq. İlk “Dost” mərkəzinin də cari ilin sonunda açılması gözlənilir. Daha 3 mərkəzin də paytaxtda açılması nəzərdə tutulub”.

***

elmira-kitab

Elmira Axundova:Burada inkişaf sözü acı gülüş doğurur

Xalq yazıçısı, millət vəkili Elmira Axundova bildirib ki, Azərbaycan kinosunun inkişafı ilə bağlı 2019-cu ilin dövlət büdcəsindənMədəniyyət Nazirliyinə 1,5 milyon manat vəsait ayrılıb.

“Burada inkişaf sözü acı gülüş doğurur. Çünki bu vəsaitlə Azərbaycanda cəmi bir dənə ortabab səviyyəli bədii film çəkmək olar. Kino mütəxəssisləri mənə bildiriblər ki, hal hazırda Gürcüstanda, hətta bizdən daha imkansız olan Ermənistanda kinoindustriyanın inkişafına qat-qat artıq vəsait ayrılır. Bunun nəticəsidir ki, 27 il Müstəqillik dövründə bizdə tarixi, hərbi və digər ümummilli mövzulara aid sadəcə bir-iki dəyərli filmlər ərsəyə gəlib. Bunun əvəzində tele efirləri və kino ekranlarını əksəriyyəti şit, mənasız və xəcalət verən kino- və seriallar zəbt edib. Nəzərə alsaq ki, növbəti ilin büdcə gəlirləri 1 milyard 600 milyon manat artırılır, bu halda Azərbaycan kinosunun inkişafına da 1 milyon manat ayırmaq elə də çətin olmamalıdır. Mən mədəniyyət komitəsinin üzvü kimi, artıq dərəcədə xahiş edirəm ki, bunu nəzərə alasınlar”.

***

Əbülfəs Qarayev: Sponsorluğun edilməsi qanunvericilik çərçivəsində həll olunmalıdır

“Bu gün mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluğun edilməsi qanunvericilik çərçivəsində həll olunmalıdır”.

Bunu çıxışında  mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O, təklif edib ki, Milli Məclis (MM) tərəfindən mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericlik bazası yaradılsın.

Ə.Qarayev əlavə edib ki, hazırda bütün mədəniyyətin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

“Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında çox qətiyyətli addımlar atılıb”.

***

QANİRA-MM

Qənirə Paşayeva: Əlil tələbələr təhsil haqlarından azad olunmalıdırlar

Millət vəkili Qənirə Paşayeva deyib ki, birinci qrup əlillər yataq  xəstələridir və kimin evində birinci qrup əlil varsa, orada ikinci insanın da işləməsi mümkünsüzdür:

“Çünki birinci qrup əlil həm də iş görmək qabiliyyətinə malik deyil və üstəlik ona xüsusi şəkildə  qulluq göstərmək lazımdır”.

Millət vəkili deyib ki, bu baxımdan, birinci qrup əlillər üçün nəzərdə tutulan müavinətlər, vəsaitlər xeyli dərəcədə artırılmalıdır:

“Çünki artıq bir ailənin iki üzvü işləyə bilmir və verilən vəsaitlə həmin ailəni saxlamaq mümkün deyil. Eyni zamanda, ali məktəblərdə təhsil alan əlillərin ödəniş məsələləri ciddi məsələlərdəndir. Azərbaycanda nə qədər əlil tələbə var ki, onlar ödənişlərdən azad olunmurlar? Axı, həmin vəsait dövlət büdcəsi üçün nə qədər ağırlıq, yük təşkil edir ki? Ona görə hesab edirəm ki, əlil tələbələr ödənişlərdən, təhsil haqlarından azad olunmalıdırlar”.

Kamran İmanov: Vəziyyət bir o qədər də ürəyəyatan deyil

“Əqli Mülkiyyət Agentliyi cənab prezidentin sərəncamı ilə yaradılan yeni qurumdur. Bütün beynəlxalq reytinqlərdə əqli mülkiyyətin böyük rolu qeyd edilir. Son Davos iqtisadi forumunun hesabatına görə, Azərbaycan dünyada əqli mülkiyyətin qorunması ilə bağlı 36-cı yeri tutur. Bu, çox böyük nailliyyətdir”.

Bunu Əqli Mülkiyyət Agentliyinin rəhbəri Kamran İmanov  deyib.

O, qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi vahid struktur kimi planlaşdırılıb:

“Yəni, bir tərəfdən Müəllif Hüquqları Agentliyi, digər tərəfdən ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patent və əmtəə nişanları mərkəzi və nəhayət 1930-cu ildən fəaliyyət göstərən Respublika Elmi-Texniki Kitabxanası birgə birləşib. Respublika Elmi-Texniki Kitabxanası istisna olmaqla, bütün bu strukturlar yeni təşkilati hüquqi forma daşıyır. Yəni, publik hüquqi şəxsdir. Bu da tərəqqi idarə formasıdır. Bu forma büdcəyə qənaət gətirir. Digər tərəfdən rəhbərlərə və bu strukturlara yeni imkanlar yaradır”.

İmanov sonra bildirib ki, yalnız Maliyyə Nazirliyi tərəfindən Əqli Mülkiyyət Agentliyi işçilərinin maaşları verilir:

“Bu maaşlar dövlət qulluqçularına bərabər götürülür. Digər strukturlar isə özünü maliyyələşdirən strukturlardır. Respublika Elmi-Texniki Kitabxanası 1930-cu ildən fəaliyyət göstərir. Amma oranın vəziyyəti bir o qədər də ürəyəyatan deyil. Hazırda dövlət başçısının səyləri nəticəsində kitbaxanaya böyük bir bina verilib. Köçmələrə görə məhv olmuş nüsxələr, kitablari bərpa etmək, yeni standartlara uyğunlaşdırmaq üçün müəyyən avadanlıq və vəsait lazımdır. Hesab edirəm ki, növbəti ilin büdcəsində bunları nəzərə almaq lazımdır”.

***

asimmm

Asim Mollzadə: Universitetlər birləşdirilsin

“Təhsil sahəsində çox ciddi islahatlar həyata keçirilməlidir. Universitetlərin özəlləşdirilməsi, mövcud universitetlərin birləşdirilməsi istiqamətində işlər aparılmalıdır. Belə olan təqdirdə onlar geniş maliyyə vəsaitləri ilə özlərini təmin edə bilərlər”.

Bunu öz növbəsində deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, dünyanın heç bir ölkəsində kinomatoqrafiyaya dövlət büdcəsində vəsait ayrılmır:

“Ancaq müvafiq iş adamının daha böyük həcmdə verdiyi böyük dəstəklə gözəl kinolarımız çəkilə bilər. Mən bir şeyi xatırlatmaq istəyirəm ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-da, Avropanın bir sıra ölkələrində bir sıra layihələr həyata keçirilir.Heydər Əliyev Fondu çox yığcam aparata malik olan qurumdur. Bu qurum Azərbaycan təhsilinin, mədəniyyətinin inkişafı üçün bizim böyük bir aparatlara malik olan nazirliklərdən daha xeyirli, səmərəli işlər görür.Biz məmurların, müvafiq qurumların sayını azaltmaqla daha çox vəsait əldə edə bilərik. Azərbaycan xalqı ona görə islam və türk dünyasının lideri olub ki, bizə Tanrı tərəfindən neft verilib və əsrin əvvəllərində mədəniyyətimizi, təhsilimizi inkişaf etdirə bilmişik. Bu dəfə də neft var. Ancaq biz bunu səmərəli şəkildə xərcləməliyik”.

***

Samir Şərifov yenidən parlamentə gəldi və…

“Etiraf etmək lazımdır ki, Azərbaycan universitetlərində ödənişsiz təhsil alanların sayında azalma var. Bu azalmaların qarşısının alınması üçün dövlət büdcəsindən 2019-ci ildə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu, 2019-2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olanlara şamil olunacaq”.

Bunu maliyyə naziri Samir Şərifov deputatların suallarına və təkliflərinə cavabında deyib.

Qeyd edək ki, o, iclasa sonradan qatılıb.

Nazir bildirib ki, digər məsələ təhsil kreditləri ilə bağlıdır:

“Bu yeni məsələ deyil, artıq neçə ildir ki, bunun müzakirəsi aparılır. Problem ondadır ki, bir tərəfdən təhsil krediti alanların həmin o krediti qaytarması məncə böyük bir sualdır”.

Nazir qeyd edib ki, bizim bank təşkilatlarımız bu riski öz üzərlərinə götürmək istəmirlər:

“Yaxşı buna dövlət müdaxilə etsə, bəri başdan etiraf edək ki, bu kreditlər qaytarılmayacaq. Xaricdə bu məsələ belə qurulub.Kredit verilir, amma həmin o məzunlar işə qəbul olunduqdan sonra işəgötürənlərdən banklarla müqavilə bağlayır və kreditlər geri qaytarılır. Hazırda bununla bağlı bir mexanizm tapa bilməmişik. Müəyyən cəhdlər var. Lakin bunlar deməzdim ki, kütləvi şəkildə həll edəcək”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qadınlara qarşı 2018-ci ilin birinci rübündə 549 cinayət faktı qeydə alınıb

Read Next

Ekranların əksəriyyətini şit və xəcalət verən seriallar zəbt edib – XALQ YAZIÇISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir