Bu dəfə də ölkəmiz sınaqdan ləyaqətlə çıxdı – VİTSE-SPİKER YAZDI

Fevral ayından başlanan prezident seçkiləri kampaniyası yenidən xalqın etimadına layiq görülən cənab İlham Əliyevin dünən Milli Məclisdə and içməsi ilə rəsmən başa çatdı.

Qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin 11 aprel prezident seçkilərində inamlı qələbəsini böyük coşqu ilə qeyd edir. Bu, təkcə Prezident İlham Əliyevin deyil, onun apardığı siyasətə qəlbən inanan ölkə vətəndaşlarının, dövlətimizin qurucusunun şərəfli adı ilə bağlı Yeni Azərbaycan Partiyasının hər bir üzvünün qələbəsidir! 

Ölkə vətəndaşları yaxşı başa düşürlər ki, müasir Azərbaycan, onun əldə etdiyi uğurlar təkcə xalqımızın özünüidarə bacarığının, milli varlığımızın əzəmətli sübutu deyil, həm də müstəqil dövlətçilik sistemimizin necə bir sağlam təməllər üzərində bərqərar olduğunun göstəricisidir.

İlham Əliyev çağdaş dönəmdə xalqın ən ümdə arzularının daşıyıcısı kimi onları həyata keçirmək üçün öz qüvvə və bacarığını əsirgəməyən liderlik və dərin şəxsi keyfiyyətlərə malik bir siyasətçidir. O, siyasi fəaliyyəti dövründə reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, səmimiliyi və alicənablığı, məqsədə doğru inamla irəliləmək qətiyyəti ilə xalqın dərin inam və sevgisini qazanmışdır. Məhz ölkə əhalisinin öz liderinə olan bu inamı dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində, həlli çətin görünən problemlərin aradan qaldırılmasında Prezident İlham Əliyevə güc və qüvvət vermişdir.

and-ilya

bahar-yap-1

İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində doğma Azərbaycanın simasını tamamilə dəyişərək, onu Cənubi Qafqazın lider dövlətinə, bölgədə kosmik klubun ilk üzvünə, regionda söz sahibinə çevirmişdir. Bu, bir həqiqətdir ki, “Cənubi Qafqazda heç bir layihə bu gün Azərbaycanın iştirakı olmadan reallaşa bilməz.” Azərbaycan bütün bunlara ulu öndərin milli, tarixi köklərə söykənən uzaqgörən siyasətinin uğurlu davamı nəticəsində nail olmuşdur.

Tale elə gətirmişdir ki, budəfəki prezident seçkiləri müstəqilliyimizin memarı Heydər Əliyevin 95 illiyinə, Şərqdə ilk parlamentli respublikanın – Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və rəşadətli ordumuzun cəbhədə əldə etdiyi uğurların ildönümünə təsadüf etmişdir. Xalqımız əsgərlərimizin 2016-cı il aprel zəfərini yaxşı xatırlayır. O günlər Cocuq Mərcanlı kəndinin, Lələtəpənin qəhrəman övladlarımız tərəfindən azad edilməsi hamının böyük sevincinə səbəb olmuşdur. Bu, orduda aparılan quruculuq işlərinin məntiqi nəticəsi idi.

Heç kim şübhə etmir ki, “…biz gec-tez işğal altında olan öz torpaqlarımıza qayıdacağıq.” Bunu artıq düşmənlərimiz də dərk edirlər!
İlham Əliyev prezident seçkilərinə YAP-ın namizədi kimi qatılaraq ulu öndərin dərin fəlsəfi düşüncələrinin, ideyalarının daşıyıcısı olan bu partiyanın hələ uzun müddət dövlət idarəçiliyində iştirak edəcəyinin anonsunu verdi. Bu isə partiya üzvlərinin və onun gənc nümayəndələrinin aparılan siyasətə inamını daha da artırır. Heç də təsadüfi deyildir ki, seçkiləri müşahidə edən xarici KİV nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri seçki sonrası verdikləri bəyanatlarda müasir Azərbaycan gəncliyinin və qadınların bu prosesdə fəal iştirakını dönə-dönə vurğulamışlar.

Seçki kampaniyasının bütün mərhələlərində namizədlərin hər biri üçün bərabər şərait yaradılmış, vətəndaşların sərbəst toplaşmaq hüququ təmin edilmişdir. Fikir və ideya plüralizmi prosesin bütün mərhələlərində müşahidə olunmuşdur. Qətiyyətlə deyə bilərik ki, seçkiyə qatılanların aktiv və passiv seçki hüququndan sərbəst istifadə etmələri üçün hər cür şərait yaradılmışdır.

Seçki özlüyündə hüququn aliliyi, demokratik dəyərlərə, söz və mətbuat azadlığına bəslənilən münasibətin göstəricisi olmaqla yanaşı, həm də demokratik dəyərlərin inkişaf səviyyəsinin bir göstəricisidir. Bu dəfə də ölkəmiz bu sınaqdan ləyaqətlə çıxmışdır. Aprelin 11-də seçicilərin 86,02 faizi – böyük əksəriyyəti, öz layiqli namizədinə səs verməklə, ölkənin növbəti 7 ilə idarə olunmasını ulu öndərin siyasi varisi İlham Əliyevə həvalə etdi.

Bu isə “İnkişafa davam”, qarşıda duran “hədəflərə doğru qətiyyətlə irəli”ləmək anlamına gəlir. Çünki son 15 ildə müstəqil Azərbaycanın əldə etdiyi uğurlar bu fikri söyləməyə əsas verir. Cənab İlham Əliyevin təbirincə desək, “bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz Azərbaycanı qüdrətli dövlətə çevirmişdir”.

Bahar MURADOVA, 

Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Etikxeber.az

Read Previous

Etirazların yeni dalğası: ERMƏNİSTANDA İNQİLAB?! – FOTO

Read Next

CXP-dən prezidentliyə iddialı ilk şəxsin kimliyi məlum oldu – ÖZTÜRK YILMAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir