“Bu da öz növbəsində qeyri-sabitliyə yol açır…” – DEPUTAT

Manatın bazarda real dəyərini  hələ də almaması insanları gözləmə mövqeyində tutmağa vadar  edir ki, bu da öz növbəsində qeyri-sabitliyə yol açır.
 Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti ilham Əliyevin hökumətin iclasında bank sektorundakı böhranlı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu gün ölkə iqtisadiyyatında, xüsusən də, bank-maliyyə sistemində yaranmış vəziyyət sadə vətəndaşdan tutmuş investora və xarici iş adamınadək  hamını gözləmə mövqeyini tutmağa vadar  edir ki, bu da, öz növbəsində  avtomatik olaraq manatın məzənnəsinə təsir edir:
“Qeyri-sabitlik yaradır. İnsanları aktiv proseslərdən kənarda qoyur. Bu da  şübhəsiz büdcə gəlirlərinə mənfi  təsir edir”.
Millət vəkili hesab edir ki, hökumət üzvləri ölkə başçısının bank-maliyyə sektoru ilə bağlı verdiyi mesajlardan nəticə çıxaracaq və qısa müddətdə əvvəlki  fəallığı  bərpa edəcək.
“Ümidvarıq ki,  2017-ci ilin ortalarınadək bu sahədki  boşluqları doldurmaq mümkün  olacaq. Yəni, adi vətəndaşdan tutmuş iş adamınadək  hər bir şəxs hər gün səhəri açıb birja və ya Mərkəzi Bankın keçirdiyi  hərraclarda kursu gözləməyəcək. Yox, əgər insanın işi milli valyutanın kursunu  gözləmək olacaqsa, bu, çox ağır nəticələrə yol aça bilər.  
Baxmayaraq ki, bu gün  dolların kursunun  mövqeyinin möhkəmlənməsi nəticəsində əksər ölkələrin milli valyutaları təzyiqlərə məruz qalıb. Lakin onlarda hökumətin aldığı çevik qərarlar hesabına sosial itkilər  miqyasca çox aşağı olub. Baxın, Türkyə bu gün bir neçə cəbhədə savaş aparır. Bununla bərabər lirə öz kursunu itirsə də, əhalinin vəziyyəti  bundan hamının gözlədyi qədər pisləşmir.
Niyə görə?! Çünki iqtisadi bazis güclüdür. Bu  prosesə çevik uyğunlaşma formalaşıb”– deyə, millət vəkili vurğulayıb.
Z.Orucun fikrincə,  bu baxımdan da, manat obrazlı desək, Azərbaycanın sabitliyinin kursudur:
“Bu üzdən də ölkə əhalisinin şərq mentallığını nəzərə alaraq deməliyik ki, bu gün 2017-ci ilin reallığında hökumətin  iqtisadu strukturları üçün ən başlıca vəzifə  məhz bununla bağlı tədbirlərdir. Ona görə də hökumətin iqtisadi bloku görəcəyi  tədbirlər nəticəsində manatı sabitləşdirmək mümkün olacaq”.
Millət vəkili əlavə edib ki, banklar öz funksiyalarını icra etməyə başlarlarsa, o zaman  “qara bazar” da öz-özlüyündə aradan çıxmış olacaq:
“Çünki vətəndaş  xarici valyuta tapa bilməyəndə alternativ ünvanlar axtarır. Belə xoşagəlməz halların qarşısını almaq üçün əvvəlkitək banklarda dollar satışı bərpa edilməlidir və bu yolla həm mexaniki, həm də hüquqi cəhətdən “qara bazar”-ın ləğvinə nail olmaq olar. Bu yol ən asan yoldur. Hökumət bu prosesə dəstək verməlidir. Əgər banklar,  əvvəlki funksiyalarını icra etməyə şərait yaradılarsa,  mərhələli şəkildə, qısa zaman müddətində tam formada dollar satışını bərpa edə biləcəklər”.
Millət vəkili bildirib ki, bu istiqamətdə  hökumətdə qərar möcvcddur:
“Hesab edirəm ki, bu sahəyə yaradılacaq şərait sayəsində bank-maliyyə sistemindəki  mənfi tendensiyalar bir neçə ayda aradan qalxacaq”.
Millət vəkili deyib ki,  ölkə başçısının ölkənin bank-maliyyə sektorunda baş verən real prosesləri  rəsmi qaydada dilə gətirməsi müsbət haldır:
“Hesab eirəm ki, ölkə başçısının bu çıxışından hökumət üzvləri, xüsusən iqtisadi və maliyyə, bank sektoruna rəhbərlik edən şəxslər  ciddi nəticələr çıxaracaqlar. Əminəm ki, bu məsələ ilə bağlı mühüm qərarlar alınıb.  Aidiyyatı qurumlar  bank-maliyyə sektorundakı  fəallığı qısa zamanda bərpa edəcəklər”.
M.B
Etikxeber.az

Read Previous

Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışı oldu – FOTO

Read Next

Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir