“Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki…” – FOTO

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqili Teatrında mərhum dövlət başçısı  Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Etikxeber.az  xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları- Hadi Rəcəbli, Ziyad Səmədzadə, Vahid Əhmədov, Eldəniz Səlimov, Azər Badamov, Elman Nəsirov  və digərləri,  Türkiyədən dəvət olunmuş Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Bilal Dündarın rəhbərlik etdiyi nümayəndə heyəti, İzmit bələdiyyəsinin nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların, ali və orta təhsil müəssisələrinin kollektivləri, ictimaiyyətin nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları H. Əliyevin siyasi fəaliyyətini əks etdirən videoçarxa baxıblar.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, H. Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən danışıb. Vurğulanıb ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından H. Əliyev epoxası bənzərsizdir:

“Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun hər səhifəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

XX əsr Azərbaycan tarixinin ən parlaq siması H. Əliyevin siyasi obrazını təhlil edən natiq deyib ki, o, xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, bir sözlə, müasir ictimai-siyasi fikrin davamlı keyfiyyətlərinin canlı mənzərəsidir.

Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Cəmiyyətimizdə hökm sürən xaos və anarxiya, iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliklər onun siyasi təcrübəsi nəticəsində aradan qaldırıldı. H. Əliyevin Vətənimizin ərazi bütövlüyünün qorunub saxlanılması, ölkənin parçalanma təhlükəsinin aradan qaldırılması yönündə gördüyü işlərə toxunan icra başçısı bildirib ki, H. Əliyevin müstəqilliyimizin gerçək mənada möhkəmləndirilməsi yolundakı xidmətləri danılmazdır.

Qeyd olunub ki, Heydər Əliyev siyasi kursu daim inkişaf etdirilir və müstəqilliyimizin daha da möhkəmlənməsinə təkan verir. Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gətirilib çıxarılmasında H. Əliyevin böyük xidmətləri xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyev  H. Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək praqmatik daxili və xarici siyasəti ilə ölkəmizi uğurlu gələcəyə aparır. Bu siyasətin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, Azərbaycan dövlətinin dünya dövlətləri arasında xüsusən seçilməsi hər birimizdə qürur hissi yaşadır. Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca dahi rəhbər Heydər Əliyevin ideyaları da yaşayacaq.

Tədbir bədii hissə ilə davam edib.

Etikxeber.az

Read Previous

“Onu itirdiyimiz gün…” – QƏNİRƏ PAŞAYEVA HEYDƏR ƏLİYEVDƏN YAZDI

Read Next

“Rusiyayla Türkiyə arasında əməkdaşlıq hər keçən gün güclənir…”- ƏRDOĞAN – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir