“Bu, Ermənistanın dünyanın 120 dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük siyasi təsisatdır. Hazırda təşkilata 120 ölkə üzvdür və onlar heç bir hərbi və siyasi bloklarda iştirak etməyən, öz prioritetləri və gündəlikləri olan ölkələrdir. Fəaliyyəti dövründə təşkilat mühüm qərarlar qəbul edib. Azərbaycan da bu quruma üzv olduqdan sonra onun işində fəal iştirak edir. Ölkəmiz üçün ən əlamətdar hadisələrdən biri ötən ilin oktyabr ayında Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Bakıda keçirilməsi və həmin tədbirdə Azərbaycanın üç il müddətində təşkilata sədr seçilməsidir. 

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O, qeyd edib ki, dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Miqyas son dərəcə cəlbedicidir. Bu səbəbdən, Azərbaycanın bu cür nüfuzlu bir təsisatın sədri seçilməsi ikiqat qürurverici və məsuliyyətlidir. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi oldu.

“Qoşulmama Hərəkatı bizim üçün mövcud beynəlxalq əlaqələrimizin möhkəmləndirilməsi, habelə yeni ikitərəfli münasibətlərin qurulması və təbii ki, ilk növbədə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından bir növ siyasi arenadır. Qoşulmama Hərəkatının əsaslandığı, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörməti, bir-birinin daxili işlərinə qarışmamağı ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasət prinsipləri ilə üst-üstə düşür. Bakıda keçirilən Zirvə görüşünün Yekun Sənədinə  ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi.

Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın dünyanın 120 dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir. Göründüyü kimi, dünyada ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan fəal siyasət həyaat keçirir. Bu, həm dövlət maraqlarımızın qorunması, həm də Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da güclənməsi baxımından əhəmiyyətlidir…”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Yoluxmayaq və yoluxdurmayaq!”-DEPUTATDAN ÇAĞIRIŞ

Read Next

“Ədaləti heç zaman ayaq altına atmaq olmaz…”-MUSA QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir