“Bu, Ermənistanın bütün məsələlərə siyasi prizmadan baxmasının, Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının daha bir bariz nümunəsidir…”-FATMA YILDIRIM

Ölkəmiz bəşəriyyət üçün bəlaya çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizədə mühüm beynəlxalq təşəbbüslərlə çıxış edir. Azərbaycanın pandemiya ilə mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirməsi beynəlxalq müstəvidə yüksək dəyərləndirilir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir:

“Pandemiyanın fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürərək pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə ayırması, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim etməsi ölkəmizin dünya birliyinin məsuliyyətli və etibarlı üzvü olmasını, pandemiyaya qarşı mübarizədə nə qədər ardıcıl, humanist, müfəssəl bir siyasət yeritdiyini göstərir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin pandemiya ilə mübarizə çərçivəsində qlobal təşəbbüslərlə çıxış etməsi dünya ictimaiyyəti tərəfindən yüksək səviyyədə dəstəklənib:

“Bu baxımdan, cənab Prezidentin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Eyni zamanda, “Peyvənd millətçiliyi”, varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə də davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin gündəliyində olmuşdur”.

Fatma Yıldırım qeyd edib ki, Cənab Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunmuşdu:

“2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video-müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınamış və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan etmişdi. Noyabrın 18-də isə BMT Baş Assambleyanın 3-cü komitəsində sözügedən qətnamə layihəsi müzakirə edilərək səsvermə ilə qəbul olunub. 171 ölkə qətnamənin lehinə səs verib, heç bir ölkə bu sənədə qarşı çıxmayıb.

Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistan olması diqqət çəkir. Bu, Ermənistanın bütün məsələlərə siyasi prizmadan baxmasının, Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının daha bir bariz nümunəsidir. Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq. Bütün bunlar, beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini təsdiqləyir”.

Etikxeber.az

Read Previous

Ailənin 3 övladından biri, subay, 3 medallı Şəhid-ELVİN ABASOVUN ANIM MƏRASİMİ…- FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

İlham Əliyev Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədrini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir