Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir neçə Antiterror Şəhidinin, o cümlədən Xaçmazlı ƏIibəy Əlibəyov və Salyanlı Davud Bayramovun Anım Günlərdir.
23 sentyabr 2024-cü il tarixində Əlibəy Əlibəyovun Bostançı kənd qəbiristanlığındakı, Davud Bayramovun isə Xələc kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar ediləcək, qısa çıxışlar olunacaq, “Quran” oxunacaq.
Məzarlarını ziyarətdən sonra ayrı-ayrılıqda adları çəkilən Şəhidlərin Anım mərasimləri keçiriləcək, adlarına ehsan süfrələri açılacaq.
Etikxeber.az xəbər verir ki, Davud Bayramov 2000-ci ilin 1 yanvar tarixində Salyan rayonunun Xələc kəndində sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri olub…
Böyük qardaşları, 1995-ci il təvəllüdlü Ümid körpəykən dünyasını dəyişib və ailədə iki uşaq-bir bacı və bir qardaş qalıblar…
2006-2017-ci illərdə Xələc kəndində yerləşən Şəhid Təhməz Şirinov adına tam orta məktəbdə oxuyub və orta təhsilini əla qiymətlərlə başa vurub…
2017-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) metallurgiya fakültəsinə daxil olub…
2021-ci ildə ali təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyinin başa çatmasına üç ay qalmış Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki zabitlər kursuna yazılıb…
Və Əsgərliyini başa vurduqdan sonra, 2022-ci ilin iyulundan yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Leytanant hərbi rütbəsində Azərbaycan Ordusunda (“Komando”da) fəaliyyətə başlayıb…
O, həm də həmin müddətdə sinif yoldaşı, kollec təhsilli Ceyhunə adlı qızla nişanlanıb…
Azərbaycan Ordusunun peşəkar hərbçisi, bir Vətən sevdalısı kimi, 19 sentyabr 2023-cü il tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatına qatılıb…
20 sentyabr tarixində, səhər saatlarında isə Xocalı-Xocavənd istiqamətində yaralı Əsgərini neytral zonadan çıxararkən qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Şəhidlik xəbəri iki gün sonra, ayın 22-də ailəsinə, valideynlərinə bildirilib…
Nəşi həmin axşam Salyana gətirilib və 23 sentyabr tarixində Xələc kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…
Şəhid olduğu posta, eyni zamanda, oxuduğu fakültəyə Onun adı verilib…
Qeyd edildiyi kimi, Davud həm də nişanlı olub…
Şəhidliyindən cəmi 7 gün öncə, 12 sentyabr tarixində nişanlısı ilə kəbin kəsdirib…
Oktyabrın 1-nə qız toyu, oktyabrın 14-nə isə oğlan toyu təyin olunub…
***
Uzun illərin peşəkar hərbçisi olan Əlibəy Mirkərim oğlu Əlibəyov isə 29 oktyabr 1983-cü il tarixində Xaçmaz rayonunun Bostançı kəndində sadə bir ailədə dünyaya göz açıb…
Evin-ailənin tək oğlu olub…
Xudat şəhərində yerləşən 1 nömrəli tam orta məktəbi bitirib…
Şəhidliyinə kimi uzun illər Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…
Antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhid olub…
Nəşi 23 sentyabr 2023-cü il tarixində Bostançı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
İstər Şəhidliyindən öncə medallarla təltif olunub, istərsə də Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
O, həm də ailəli olub…
Mehriban Əlibəyova ilə evliliyindən üç övladı-Sevgi və Aylin adlı qızları və Mirkərim adlı oğlan övladı dünyaya gəlib…
Hər üç övladı ailəsinə, Vətənə əmanət qalıb…
Məqamları uca olsun!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az