Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin Anım, eləcə də bəzi Şəhidlərin Cənnətdəki doğum günləridir.
Əslən Naxçıvanlı, özü Sumqayıtlı olan İkinci Vətən Müharibəsi Şəhidi Adil Asəm oğlu İbrahimli ilə Ağdamlı İkinci Qarabağ Savaşı Şəhidi Xalid Mahmud oğlu Hassanın bu gün-7 noyabr 2024-cü il tarixində Əbədiyyətə uğurlanmalarından dörd il ötür, Goranboylu Antiterror Şəhidi Hüseyn Əfqan oğlu Nəsibovun isə Cənnətdəki ikinci doğum günüdür, 20 yaşı tamam olur.
Etikxeber.az xəbər verir ki, əslən Naxçıvan Muxtar Respublikasından (NMR) olan Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
1999-2008-ci illərdə Sumqayıt şəhər14 nömrəli tam orta məktəbdə oxuyub.
2008-ci ildən isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.
2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.
2015-ci ildə Ali Hərbi Məktəbi bitirərək, Leytenant hərbi rütbəsi alıb.
Sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb.
2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) qəbul olunan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.
44 günlük Vətən Müharibəsində isə Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib.
Son tapşırığı Şuşada olub və yaralı olsa da, sonacan qəhrəmancasına vuruşub.
Noyabrın 7-də isə Şəhidlik zirvəsinə yüksəlib.
Nəşi İkinci Şəhidlər Xiyabanında (İkinci Fəxri Xiyabanda) Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Həmçinin, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbə adı verilib.
Adil ailəli olub, Şəhidliyindən üç il öncə Nargül İbrahimli ilə ailə həyatı qurub.
Əbəlfəz və Həzra adlı övladları ailəsinə, Vətənə əmanət qalıb.
Qayını-Əfsanəvi Xüsusi Təyinatlı Elton Qəmbərli də İkinci Vətən Müharibəsi Şəhididir.
***
Ağdamlı Xalid Hassan 1995-ci ilin yanvar ayının 26-da dünyaya gəlib.
Ailədə iki iki övlad, iki qardaş olublar.
Kollec tələbəsi olan tək qardaşı hazırda Əsgərlikdədir.
Xalid Hassan orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra işləyib, çalışıb.
İkinci Vətən Müharibəsində isə könüllü olaraq, iştirak edib.
25 yaşında, müharibənin sonlarına yaxın Şəhidlik məqamına ucalan Xalid Hassanın nəşi 7 noyabr tarixində Ağdam-Quzanlı qəsəbə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidliyindən sonra medallarla təltif olunub.
Ailəsi isə Xalid Hassanın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Xalid Hassan da ailəli olub.
Bir övladı, Məryəm adlı qızı Vətənə əmanət qalıb.
***
Goranboy rayonunun Qızılhacılı qəsəbəsindən olan Hüseyn Nəsibov isə 2004-cü ilin noyabr ayının 7-də dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri, evin ortancıl uşağı olub.
Bacısı hazırda ailəlidir.
Kiçik qardaşı Nurlan Nəsibov isə orta məktəb şagirdidir.
2011-2022-ci illərdə Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbdə təhsil alıb.
Orta məktəbi bitirdikdən sonra-2023-cü ilin aprelində isə Əsgərliyə yollanıb.
Əvvəlcə Gəncə, sonra Şuşa şəhəri istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.
Hüseyn də Azərbaycan Ordusunun Əsgəri kimi 19 sentyabr 2023-cü il tarixində qanlı döyüşlər zamanı Şuşa-Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 20 sentyabr tarixində Qızılhacılı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Onu da qeyd edək ki, Hüseyn Nəsibov Qızılhacılı qəsəbəsinin sonuncu iki Şəhidindən biridir.
Hüseyn həm də subay olub.
Qızılhacılı qəsəbəsində adını daşıyan küçə var.
Məkanları cənnətlik, ruhları şad olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az