Bu gün Anım və doğum günləri olan Şəhidlərimiz-ƏBƏDİYYƏTƏ UĞURLANMALARINDAN BEŞ İL KEÇƏN TƏK ÖVLAD RƏŞAD ƏLƏKBƏROV, DÖRD BACININ TƏK QARDAŞI SAHİL MƏMİŞLİ, FACİƏLİ ŞƏKİLDƏ QARDAŞINI İTİRMİŞ NOFƏL BEHBUDOV, İKİ QARDAŞDAN BİRİ SƏBUHİ HƏSƏNQULİYEV VƏ 27 YAŞI TAMAM OLAN XÜSUSİ TƏYİNATLI YUSİF QURBANOV… – FOTOLAR

İkinci Vətən Müharibəsi Şəhidlərindən Gəncəli (əslən Gədəbəyli) Rəşad İlqar oğlu Ələkbərov və Goranboylu Nofəl Həmid oğlu Behbudovun Anım günləridir.

Bu gün-12 noyabr 2025-ci il tarixində hər iki Şəhidin Əbədiyyətə uğurlanmalarından beş il keçir.

Etikxeber.az xəbər verir ki, Gəncə şəhərindən olan Rəşad Ələkbərov 1997-ci ilin 15 senytabr tarixində, Goranboy rayonunun Səfikürd kəndindən olan Nofəl Behbudov 2001-ci ilin iyun ayının 7-də dünyaya gəlib.

Rəşad Ələkbərov körpə-uşaq yaşlarından yataqxanada və anası Nailə xanım tərəfindən təkbaşına böyüdülüb.

Rəşad Ələkbərov tək övlad, Nofəl Behbudov isə ailənin 3 övladından, iki qardaşdan biri olub.

Nofəl Behbudovun qardaşı Tapdıq Behbudov onun Şəhidliyindən cəmi bir neçə ay əvvəl avtoqəzada-faciləli şəkildə dünyasını dəyişib.

Behbudovlar ailəsi 2020-ci ildə, cəmi bir neçə ayın içində iki faciə yaşayıb, hər iki oğul övladını itirib.

İkinci Vətən Müharibəsi zamanı Rəşad Ələkbərov könüllü, Nofəl Behbudov isə Azərbaycan Ordusunun Əsgəri, Xüsusi Təyinatlı kimi iştirak edib.

Rəşad Ələkbərov müharibənin başa çatmasına cəmi saatlar qalmış, noyabrın 9-da Laçın dəhlizi istiqamətində, Nofəl Behbudov isə noyabrın 8-də, Şuşa şəhəri işğaldan azad olunan gün Şuşa şəhərində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Rəşad Ələkbərovun nəşi 3 gün sonra-noyabrın 12-də Gəncə şəhər Şəhidlər Xiyabanında, Nofəl Behbudovun nəşi isə 4 gün sonra-12 noyabr tarixində Səfikürd qəbiristanlığındakı Şəhidlər məzarlılğında Əbədiyyətə uğurlanıb.

Hər iki Şəhid Şəhidliklərindən sonra medallarla, Nofəl Behbudov həm də ordenlə təltif olunub.

Rəşad Ələkbərovun anası-Qazi Nailə xanım isə övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Səfikürd kəndində Nofəl Behbudovun adını daşıyan küçə var.

Hər iki Şəhid subay olub.

***

Bu gün Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Əlixan oğlu Həsənquliyevin də Anım Günüdür.

Onun da Əbədiyyətə uğurlanmasından beş il ötür.

 Səbuhi 11 aprel 2002-ci il tarixində Ucar rayonunun Boyat kəndində anadan olub.

Ailənin iki övladından, iki qardaşdan biri idi.

Tək qardaşı hazırda subaydır.

2008-ci ildə Sumqayıt şəhər Cəbrayıl rayonu 5N-li orta məktəbində birinci sinifə gedib.

2017-ci ildə həmin məktəbin 9-cu sinifini bitirərək Peşə liseyinə daxil olub.

2020-ci ildə Peşə liseyini bitirdikdən sonra həmin ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsi zamanı ilk gündən döyüşlərdə iştirak edib.

Noyabr ayında Şuşa uğrunda ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Son sözü isə “Anama deyin ki, ağlamasın…”-olub.

Şəhidliyindən sonra 7 medalla təltif olunub.

Səbuhi də subay olub.

Anası-şair Maisə xanım övladı da daxil olmaqla, yüzlərlə Şəhidə şeir həsr edib.

***

Bu gün Anım Günü olan İkinci Vətən Müharibəsi Şəhidləri arasında Biləsuvarlı Sahil Ağaverdi oğlu Məmişli də var.

Sahil Məmişlinin də torpağa tapşırılmasından 5 il keçir.

21 avqust 1991-ci il təvəllüdlü Biləsuvar rayonunun Çaylı kəndindən olan Sahil Məmişli ailənin beş övladından biri, evin tək oğlu, dörd bacının tək qardaşı idi.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda Gizir kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk günündən son gününə, Qələbəyə kimi döyüşlərdə iştirak edən Sahil Məmişli noyabrın 11-də Şuşada Şəhid olub.

Nəşi noyabrın 12-də Çaylı kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Çaylının yeddi İkinci Vətən Müharibəsi Şəhidindən, eyni zamanda, üç (xalanəvəsi) qohum Şəhiddən biridir.

Şəhidin bibisi oğlu Kənan Abdullalı isə Qazidir, Vətən yolunda bir gözünü itirib.

Sahil eyni zamanda, ailəli, iki övlad atası olub.

***

Bu gün həm də Əfsanəvi Xüsusi Təyinatlı Yusif Qurbanovun doğum günüdür.

Yusif Qurbanovun bu gün 27 yaşı tamam olur.

Bu, həm də Onun Cənnətdəki dördüncü doğum günü, mövlududur.

 Yusif Qurbanov 1998-ci ilin 12 noyabr tarixində Goranboy rayonunun Şəfəq kəndində-sadə bir ailədə dünyaya gəlib.

Yusif Qurbanov ailənin üç övladından, 3 qardaşdan biri idi.

Yusif Qurbanovun özü də, iki qardaşı-Nüsrətlə Qüdrət də peşəkar hərbçi olublar.

O, Xüsusi Təyinatlı, Gizir idi.

Həm özü, həm də qardaşı Nüsrət İkinci Vətən Müharibəsinin iştirakçısı olub.

Yusif İkinci Vətən Müharibəsi zamanı 4 dəfə yaralansa da, sonacan döyüşüb, vuruşub.

İkinci Vətən Müharibəsindən sonra Yusif 4, Nüsrət isə 1 medalla təltif olunub.

Yusif həm də İkinci Vətən Müharibəsindən öncə Müdafiə Nazirliyi tərəfindən medallarla təltif edilib.

O, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən-“Qisas” əməliyyatı zamanı ağır yaralanıb.

Ancaq həkimlərin səyinə baxmayaraq, Onun həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Nəşi bir gün sonra-18 sentyabr 2022-ci il tarixində izdihamlı şəkildə Şəfəq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən az sonra-Ali Baş Komandanın 5 noyabr 2022-ci il tarixi sərəncamları əsasən Yusif daha bir medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yusif həm də nişanlı olub.

Tərtərli, qohumu, 18 yaşlı Məlahət xanımla nişanlı idi.

Məkanları cənnətlik, ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Nicatın yoxluğunu qəbul etsəm, həmin an ölərəm…”-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, TƏK, SUBAY, ALİ TƏHSİLLİ OĞUL NİCAT ŞÜKÜRLÜNÜN ATASI AYAZ ŞÜKÜROV – FOTOLAR

Read Next

Fuad Nəcəfli Baş nazirlə-ƏVƏZLƏNDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir