Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidləri-Qəbələli Elməddin Məhəmməd oğlu Mustafayev və Ağdaşlı Cəlaləddin Elxan oğlu Fərhadovun doğum günləridir.
Bu gün-1 may 2026-cı il tarixində hər iki Şəhidin 25 yaşı tamam olur.
Bu, həm də hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.
Etikxeber.az-ın xəbərinə görə, Cənnətdəki beşinci doğum günləri ilə bağlı sabah hər iki Şəhidin Qəbələ və Ağdaşdakı məzarları ziyarət olunacaq.
Məzarları üzərinə gül dəstələri düzüləcək, ruhlarına dualar olunacaq, “Quran” oxunacaq.
Sonra hər iki Şəhidin ailəsinin yaşadığı evdə adlarına ehsan süfrələri açılacaq.
Hər iki Şəhidin məzarını ziyarətdə və adlarına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Qəbələli, Ağdaşlı və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

Qeyd edək ki, Elməddin Mustafayev 2001-ci il ilin 1 may günündə Qəbələ rayonunda çox kasıb bir ailədə dünyaya göz açıb.
Evin-ailənin iki övladından biri və tək bacının tək qardaşı olub.
Ailəsinin-valideynlərinin maddi durumu çox ağır olduğu üçün Qəbələ rayonunda yerləşən internat məktəbinin yataqxanasında (zirzəmisində) böyüyüb, boya-başa çatıb.
Əvvəlcə orta məktəbdə, sonra isə Peşə məktəbində oxuyub, aşpazlıq ixtisasına yiyələnib.
18 yaşını tamamladıqdan sonra, 2019-cu ilin iyul tarixində həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyinin başa çatmasına cəmi 2 ay 25 gün qalmış Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Mühraibəsinə qatılıb.
Şərəfli döyüş yolu 14 gün çəkib.
Oktyabr ayının 10-da Füzuli istiqamətində qanlı döyüşlərdən birində, cəmi 19 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi isə bir gün sonra, oktyabrın 11-də Qəbələ rayon qəbiristanlığında uğurlanıb.
Şəhidliyindən sonra 5 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
19 yaşında Şəhidlik məqamına ucalan Elməddin subay olub.
***

Cəlaləddin Fərhadov isə 2001-ci ilin may ayının 1-də Ağdaş rayonunda dünyaya gəlib.
O da Elməddin kimi evin tək oğlu, iki bacının tək qardaşı olub.
Atasını vaxtsız itirib.
Anası Pərvanə xanım onlara həm analıq, həm də atalıq edib.
Hər iki bacısı-Arzu Fərhadova və Aysu Fərhadova ali təhsillidir.
2007-2018-ci illərdə Ağdaş rayon 1 saylı tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən, 18 yaşının tamamından az sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.
O da Azərbaycan Ordsusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb.
Uzun və şərəfli döyüş yolu keçib Şuşayacan.
Mayın 8-də Şuşa şəhərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi 3 gün sonra ailəsinə təhvil verilib və noyabrın 12-də Ağdaş rayonunda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra üç medalla- “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
19 yaşında Şəhidlik zirvvəsinə ucalan Cəlaləddin də subay olub.
***


Bu gün həm də Oğuz rayonunun İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və nişanlı oğlu, iki bacının tək qardaşı, peşəkar hərbçi, Gizir, Aprel döyüşlərinin iştirakçısı Tural Arif oğlu Məmmədovun Cənnətdəki altıncı doğum günü, mövlududur.
1 may 1995-ci il doğumlu Tural Məmmədovun bu gün 31 yaşı tamam olur.
Bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli, 2020-ci ilin 28 oktyabrında Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan Tural Məmmədov bir gün sonra-29 oktyabr tarixində isə Sincan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
31 gün şərəfli döyüş yolu keçən Tural Məmmədov həm də Sincanın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Eyni zamanda, Oğuzda, kəndlərində onun adını daşıyan küçə var.
11:34
***
Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında ailə üzvlərinin, yaxınlarının, Ağdaşlı bəzi Şəhid ailələrinin iştirakı ilə Cəlaləddin Fərhadovun məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.
Ailəsinə-anası Pərvanə xanıma Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü, 25 yaşı təbrik edilib.
Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə-ata ocağında adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.
***
Eyni zamanda, Oğuzlu, Sincanlı Tural Məmmədovun Cənnətdəki altıncı doğum günü ilə bağlı Sincan kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Onun da məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm dilənib, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Şəhidin atası Arif Məmmədov və digər şəxslər tərəfindən Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətəki altıncı doğum günü ilə bağlı adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.
Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Oğuz, Qəbələ və Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri iştirak ediblər.



Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





