“Kaş balamın toyu olaydı…”-Bu gün Cənnətdəki altıncı doğum günü olan İkinci Vətən Müharibəsi Şəhidləri-BAKILI ELMAN BABAXANOV, ŞAMAXILI ŞAHMURAD İSGƏNDƏROV VƏ CEYHUN ORUCOV – MƏZARLARI ZİYARƏT EDİLDİ, MÖVLUDLARI İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ… – YENİLƏNİB – (5)

Şamaxı rayonunun (həm də Bakının Müşfiqabad qəsəbəsinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ceyhun Namaz oğlu Orucovun doğum günüdür.

Ceyhun Orucovun bu gün-17 dekabr 2025-ci il tarixində 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Şəhidin Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şamaxı rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Qısa çıxışlar edilib.

Ailəsinə, valideynlərinə-anası Nəzimə xanıma və atası Namaz kişiAllahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra isə Şəhidin Müşfiqabad qəsəbəsindəki evində-ata ocağında Cənnətdəki altıncı doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, Şamaxı, Sumqayıt, Abşeron, Qobustan və Bakıdan olan Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Ceyhun Orucov 1996-cı ilin dekabr ayının 17-də Şamaxı rayonunun Nağaraxana kəndində sadə bir ailədə dünyaya göz açıb.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

Tək bacısı hazırda ailəlidir və Türkiyədə yaşayır.

2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb.

2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Hərbi xidmətdən sonra Ceyhun Orucov həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

Peşəkar hərbçi kimi Gizir hərbi rütbəsini daşıyıb.

2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Gizir hərbi rütbəsində fəaliyyət göstərməyə başlayıb.

2020-ci il sentyabrın 27-də isə İkinci Vətən Müharibəsinə qatılıb.

Şərəfli döyüş yolu 4 gün çəkib, sentyabr ayının 30-da Füzuli döyüşləri zamanı Şəhid olub.

Ancaq nəşi düz bir aydan sonra əldə edilib və oktyabr ayının 30-da Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

***

Bu gün həm də Şamaxı rayonundan olan daha bir İkinci Vətən Müharibəsi Şəhidi-Göylərli Şahmurad Natiq oğlu İsgəndərovun doğum günüdür.

Şahmurad İsgəndərovun da bu gün 29 yaşı tamam olur bu, Onun da Cənnətdəki altıncı doğum günü, mövlududur.

Göylər kənd qəbiristanlığında Əbədiyyətə uğurlanan Şahmurad İsgəndərovun da Cənnətdəki altıncı doğum günü ilə bağlı məzarı ziyarət olunub.

Onun da məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, “Quran” oxunub, çıxışlar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Məzarını ziyarətdən sonra isə Şəhidin Göylər kəndindəki ata ocağında Cənnətdəki altıncı doğum günü ilə bağlı mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Şahmurad İsgəndərov 1996-cı ilin dekabr ayının 17-də Şamaxı rayonunun Göylər kəndində dünyaya gəlib.

Ailənin üç oğlan övladından biri və nişanlı olub.

O, 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə-birinci sinfə gedib.

Məktəb illərindən idmana marağı olan Şahmurad güləş dərnəyinə yazılıb, rayon və respublika səviyyəli yarışlarda fərqlənib.

9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Dövlət Regional (Humanitar) Kollecinin fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olub və oranı 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə bitirib.

Elə həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Həqiq hərbi xidmətdə olduğu dövrdə fərqləndiyi üçün Şahmuradın valideynlərinə təşəkkürnamə göndərilib.

Əsgərliyini başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasında bir aylıq kurslarda iştirak edib, yenidən Azərbaycana dönüb və ixtisasına uyğun özəl peşə fəaliyyəti ilə məşğul olub.

İkinci Vətən Müharibəsinin ilk günlərindən Tərtər-Ağdərə Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib.

Ağdərə istiqamətində gedən döyüşlər zamanı-17 oktyabrda ağır yaralanıb və düz bir xəstəxanada müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb, noyabrın 17-də Şəhadətə qovuşub. 

Nəşi bir gün sonra-18 noyabrda Şamaxı rayonunun Göylər (Dağ Göylər) kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif edilib.

Göylərin (Dağ Göylərin) altı İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

***

Bu gün eyni zamanda, əslən Qusarlı, özü isə Bakı şəhərinin Nəsimi rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək və ailəli oğlu olan Elman Ağamirzə oğlu Babaxanovun doğum günüdür.

Elman Babaxanovun bu gün 32 yaşı tamam olur və bu, Onun Cənnətdəki altıncı doğum günüdür.

Asena adlı bir qız övladı Vətənə əmanət qalan Elman Ağamirzə oğlu Babaxanovun Cənnətdəki altıncı doğum günündə, 32 yaşının tamamında-17 dekabr 2025-ci il tarixində Əbədiyyətə uğurlandığı Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

17 dekabr 1993-cü il təvəllüdlü, Ali-hərbi təhsilli, peşəkar hərbçi, Kapitan, İkinci Vətən Müharibəsində uzun və şərəfli döyüş yolu keçən, müharibənin başa çatmasına, Qələbəyə az qalmış Xocavənd istiqamətində-8 noyabr tarixində Şəhadətə qovuşan Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Cəmi 27 yaşında Şəhidlik məqamına ucalan Elman Babaxanovun ailəsinə Allahdan səbr və dözüm dilənib, Cənnətdəki altıncı altıncı doğum günü təbrik olunub.

15:04

***

FOTOLAR:

***

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

 İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşdü-BİR SIRA TƏDBİRLƏRDƏ İŞTİRAK ETDİ – FOTOLAR

Read Next

Qardaşı Əbədiyyətə uğurlandığı gün Şəhid olan Şəmkirli Şəhid qardaşlardan Çingiz Məmmədovun bu gün Anım Günüdür-SABİRABADLI ANTİTERROR ŞƏHİDİ QASİM MƏMMƏDHƏSƏNOVUN İSƏ 24 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir