Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Qərbi Azərbaycanlı, Zəngəzurlu, özü isə Bakı, Suraxanı doğumlu olan İkinci Vətən Müharibəsi Şəhidi Orxan Səlvər oğlu Qəhrəmanovun doğum günüdür.
Orxan Qəhrəmanovun bu gün-28 mart 2025-ci il tarixində 34 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Orxan Qəhrəmanov 1991-ci ilin martın 28-də Bakı şəhərində, Suraxanı rayonunda dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub.
İki yaş ondan böyük, 1989-cu il təvvəllüdlü böyük qardaşı ailəli, iki övlad atasıdır.
Orxan 104 saylı Suraxanı rayon tam orta məktəbində təhsil alıb.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə çağırılıb, Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib.
Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.
Bərbərliklə məşğul olub.
İkinci Vətən Müharibəsindən 6 gün öncə, 2020-ci il sentyabr ayının 21-də səfərbərliyə cəlb olunub
Sentyabrın 27-də isə İkinci Qarabağ Savaşının başlaması ilə döyüşlərə, Vətənin müdafiəsinə atılıb.
Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib.
Axırıncı dəfə anası ilə oktyabrın 17-də, qardaşı ilə oktyabrın 19-da danışıb.
Müharibənin 25-ci günündə, oktyabrın 21-də isə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 3 gün sonra, ayın 24-də ailəsinə təhvil verilib və oktyabrın 25-də Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla – “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasın görə” medalları ilə təltif olunub.
Anası həm də övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
31 yaşında Şəhidlik məqamına ucalsa da, Orxan subay olub.
***
Eyni zamanda, Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nizami Elşad oğlu Osmanovun doğum günüdür.
Sabah-29 mart 2025-ci il tarixində Şəhidin Cənnətdəki beşinci doğum günüdür, Onun 23 yaşı tamam olur.
Nizami Osmanov 2002-ci ilin mart ayının 29-da Kürdəmir rayonunun Şahsevən kəndində, sadə bir ailədə dünyaya gəlib.
Ailənin iki övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.
Nizami orta təhsilli idi.
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin aprelində Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb.
İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun-6 ayın Əsgəri kimi döyüşlərə qatılıb.
Şərəfli döyüş yolu 18 gün çəkib.
Ailəsi-valideynləri ilə son danışığı oktyabrın 12-də olub.
2 gün sonra-oktyabr ayının 14-də isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 24 gün sonra tapılıb və noyabr ayının 7-də Şahsevən kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra üç medalla təltif olunub.
Nizami Osmanov da subay olub.
Şəhidliyindən bir müddət sonra isə Osman adlı qardaşı dünyaya gəlib.
Anası Axirə Osmanova isə Azərbaycanın ən gənc Şəhid anasıdır.
Nizami Şəhidlik məqamına ucalan vaxt anasının cəmi 35 yaşı olub.
O, həm də Şahsevənin beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!
Nur içində yatsın!


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





