Bu gün Cənnətdəki dördüncü doğum günü, 34 yaşı tamam olan peşəkar hərbçi, Kapitan, nəşi 86 gündən sonra Əbədiyyətə uğurlanan-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NİYƏT İMRAN OĞLU ŞİRƏLİYEV… – FOTOLAR

Bu gün daha bir Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidinin-Niyət İmran oğlu Şirəliyevin doğum günüdür.

Niyət Şirəliyevin bu gün 34 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Niyət Şirəliyev 1990-cı ilin 9 fevral tarixində Şamaxı rayonunun Ovçulu kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailənin beş övladından, dörd qardaşdan biri olub.

O, 1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.

Ali təhsilini bitirdikdən sonra, 2011-2012-ci illərdə Silahlı Qüvvəllərin Təlim vəTədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb.

2012-ci ildə “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

2014-cü ildə ona Baş leytenant hərbi rütbəsi verilib.

2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

2018-ci ildən Kapitan hərbi rütbəsi altında xidmətini davam etdirib.

2019-cu ildə Daşkəsəndə yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunub.

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində iştirak edib.

İkinci Vətən Müharibəsinin ilk saniyəsindən Kəlbəcər və Murov istiqamətində döyüşlərdə iştirak edib və elə döyüşlərin ilk günündə də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 86 gündən sonra əldə edilib və 2020-ci ilin dekabrın 21-də Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Niyət Şirəliyevin iki övladı Vətənə əmanət qalıb.

Hazırda oğlunun yaşı, qızının 6 yaşı var.

Onu da qeyd edək ki, Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şamaxı Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra Şəhidin valideynlərinin yaşadığı evdə Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Eyni zamanda, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov tərəfindən Şəhidin anası Gültəkin xanım Şirəliyevaya adlçəkilən qrupun və tanınmış iş adamı Mübariz Mənsimovun adından “Xarıbülbül” simvolu təqdim olunub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin-ailənin üç övladından biri, tək və subay oğul, peşəkar hərbçi, beş medal və bir ordenli, Cənnətdəki dördüncü doğum günü olan-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞİRXAN XAMƏMMƏD OĞLU XAMƏMMƏDOV… – FOTOLAR

Read Next

Ailənin tək və subay oğlu, nəşi 13 gündən sonra Əbədiyyətə uğurlanan-XÜSUSİ TƏYİNATLI, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELNUR ƏLİYEVİN BU GÜN 24 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir