Bu gün 105 nəfər koronavirusa yoluxub-ÜST AZƏRBAYCANI MÜSBƏT QİYMƏTLƏNDİRİB – BƏS KİMLƏRƏ PULSUZ MASKALAR PAYLANIR, İSTEHLAK KREDİTİ GÖTÜRƏNLƏRLƏ BAĞLI MƏSƏLƏ NECƏ OLACAQ? – YENİLƏNİB – (4)

Ötən həftə ərzində xəstəliyə yoluxma ilə bağlı pozitiv məlumat verə bilmirik.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, bu gün 105 nəfər koronavirusa yoluxub:

“Bu göstərir ki, yoluxma artan xətt üzrə gedir”.

***

“Ötən həftə ölkədə ərzaq təhlükəsizldiyini təmin etmək üçün təlimat işlənib hazırlandı, təsdiqləndi”-deyən  İ. Məmmədov deyib ki, Koronavirusla Mübarizə Fondunda 110 milyon manat ianə yığılıb:

“Ölkəyə kifayət qədər şlenmlər, skafandrlar, maskalar gətirilib. Bu günə ölkədə 5 milyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Gün ərzində 450 mindən artıq tibbi maska satılır”.  

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri qeyd edib ki, aprelin 7-i və 8-i ərzində 3073 nəfər karantin rejimini pozan şəxs barədə tədbir görülüb:

“12 nəfər inzibati həbs edilib. 2 ictimai iaşə müəssisəsinin işlədiyi aşkarlanıb, 1 cinayət işi üzrə 2 nəfər həbs edilib. 2 nəfər jurnalist vəsiqəsi satdığı üçün həbs edilib. Bəzi dövlət qurumlarının işçilərinin 30 faizindən çoxuna icazə verilib. Başqa özəl şirkətlər tərəfindən də icazə.gov.az şirkətinə müraciətlər olunub”.

***

“Xaricdə olan 15 mindən çox Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi təmin olunub. Gətirilənlər xüsusi karantin zonalarında yerləşdirilir”.

Bunu isə mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 20 aprelə qədər Azərbaycana hava yolları və quru yollarla giriş-çıxış dayandırılıb: “Bu, yükdaşımalara şamil edilmir, daxili yoluxma hallarına diqqəti yönəltmək üçündür. Həmçinin karantin məqsədləri üçün ayrılmış karantin yerləri ilə bağlı məsələni tənzimləməkdən ötrüdür. Xaricdə olan vətəndaşlarımıza da anlayışları üçün təşəkkür edirik. Sərhədlər bağlansa da, müstəsna hallar olur. Son iki gündə Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi halları olub. O insanların yaxınları müraciət edib, humanizm prinsipi əsasında bu məsələ nəzərə alındı”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, xaricdəki diplomatik nümayəndəliklərimiz vətəndaşlarımızla təmasdadırlar: “Zəruri ehtiyacı olan vətəndaşlara diplomatik nümayəndəliklərimiz, tələbələrə münasibətdə isə Təhsil Nazirliyi tərəfindən dəstək verilir”.

Sonra “Azərbaycan beynəlxalq səyləri dəstəkləyir, xarici siyasətdə qlobal həmrəylik hər zaman vacib prinsip olub”– deyən H. Hacıyev bildirib ki, bugünkü qlobal şəraitdə də Azərbaycan xarici siyasətdə beynəlxalq həmrəyliyi dəstəkləyir: “Azərbaycan koronavirusla mübarizədə ÜST-lə səmərəli əməkdaşlıq edir. Artıq bu əməkdaşlıq yeni müstəviyə qədəm qoyub. Azərbaycan tərəfindən ÜST-ün ekspert qrupu Azərbaycana dəvət edilib, aidiyyəti qurumlarla müzakirədə onlar görülən işləri yüksək qiymətləndiriblər”.

H.Hacıyev deyib ki, bu yaxınlarda ÜST-ün baş direktoru tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan məktubda virusla mübarizədə görülən işlər nümunəvi hesab olunub:

“Bu gün də ÜST tərəfindən verilən yeni bəyanatda Azərbaycanda görülən yeni hazırlıq işləri müsbət qiymətləndirilib”.

***

“İndiyə qədər cəmi 1 tibb işçisi koronavirusa yoluxub”.

Bu barədə mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı qeyd edib ki, tibb müəssisəsində orta tibbi personalı öz işinə məsuliyyətsiz yanaşanda belə hallar baş verir: “Amma bu risklər tibb işçilərini daim gözləyir. Biz riskli halları idarə edirik, yaşlı əməkdaşları daha təhlükəsiz halda işlətməyə çalışırıq. Lazım olan qoruyucularla pandemiya xəstəxanalarımız təmin edilib. Eyni zamanda müalicəvi dərman preparatları ehtiyatımız da kifayət qədərdir”.

“Bəzi xroniki xəstələr, xüsusilə də dializ və periodik kimyəvi terapiya xəstələri daim müalicə almalıdırlar”-deyən R.Bayramlı bildirib ki, bu cür xəstələrin hər birinin ambulator kartla çıxarışları var. Tibb müəssisələri tərəfindən bu kartlar verilir: “Ciddi hallarda 103 və 113 təcili tibbi yardım köməyi də göstərə bilərik”.

R. Bayramlı deyib ki, bir çox pasiyentlərin gec müraciət etmələri səbəbindən ağırlaşmaları çox olur: “Antivirus müalicəyə tez cavab verilməlidir, gecikəndə ağırlaşma çox olur. Son zamanlar 1700-1800 simptomatik müraciət olub ki, onların 80-90 faizi digər respirator xəstəliklərlə əlaqədardır. Amma önəmli olan koronaviruslu xəstələri tez aşkarlamaqdır. Əgər gec desələr, daha ağır müalicə tətbiq etmək məcburiyyətində qalırıq. Virus çox sürətli şəkildə ağciyərin toxumasını əhatə edir. Əgər həmin şəxslərdə digər xəstəliklər varsa və yaşlı şəxsdirsə, vəziyyət daha da pis olur. Eyni zamanda, ailə üzvlərini də yoluxdurmadan qorumaq üçün tez deməlidirlər. Vətəndaşlar təcili tibbi yardım xidmətindən mütləq şəkildə istifadə etməlidirlər”. 

O, sonra qeyd edib ki, TƏBİB hazırda paralel olaraq digər xəstəliklərin idarə olunması ilə də məşğul olur. Qan ehtiyatı da talassemiya xəstəliyində, hemotoloji, onkoloji xəstəliklərdə, cərrahiyyə əməliyyatlarında mühüm amildir. R. Bayramlının dediyinə görə, hazırda qan ehtiyatı var, amma donorların sayı azaldığı üçün narahatdırlar:

“Ona görə də müvafiq maarifləndirici materiallar hazırlamışıq ki, burada axsama olmasın. Fürsətdən istifadə edib, donorlara müraciət edirəm. Humanist mövqelərini davam etdirsinlər ki, qarşıda sıxıntı olmasın. Onların təhlükəsizliyi üçün bütün şərait yaradılıb, hər hansı infeksiya ilə qarşılaşmayacaqlar. Biz üzərimizə düşən işləri görürük, amma könüllü donorlardan çox şey asılıdır, donorları yenə də qanvermə ilə bağlı əməkdaşlığa dəvət edirəm”.

17:17

***

“Vacib olan sahələrdəki şəxslərə – həkimlərə, xəstələrə, polisə, gömrük orqanları əməkdaşlarına pulsuz maska paylanır”.

Bunu da İ. Məmmədov bildirib.

İ. Məmmədovun sözlərinə görə, hazırda bazarda maskaların qiyməti o qədər yüksək deyil ki, insanlar ala bilməsin:

“Sadəcə, qıtlıq var idi, bu qıtlıq da aradan qaldırılır. Əgər ehtiyac yaranarsa, dövlətin bütün ehtiyatları var. Hər şey vətəndaşların təhlükəsizliyi üçündür”.

İ. Məmmədov həmçinin deyib ki, dövlət pandemiya dövründə iqtisadi itkilərə məruz qalmış şirkətlərə dəstək verir:

“Fərdi, kiçik, orta və böyük şirkətlərə də güzəştli şərtlərlə kredit veriləcək. İstehlak kreditini götürənlər də işləyən insanlardır. Ona görə də istehlak krediti götürənlərin ödəmə qabiliyyəti saxlanılır. İşləməyən insanlara isə dövlət yardım edir”.

İ. Məmmədov deyib ki, bütün bunlar istehlak krediti olan insanların işlədikləri şirkətlərə dolayı dəstəkdir:

“Ona görə də bu sahədə vəziyyət təqdim edildiyi qədər də gərgin deyil”.

***

“Kreditlər işsiz adamlara verilmir. Tədbirlər planında da kiçik və orta sahibkarlara, muzdlu işçilərə də dəstək nəzərdə tutulur. Bu da elə banka olanlara sosial dəstək deməkdir”-deyən İ. Məmmədov həmçinin bildirib ki, işsizlərə 190 manat ödəniləcək, bundan əlavə onların övladlarının da təhsil haqqında kömək ediləcək:

“İstehlak kreditlərinə gəldikdə, dövlət real sektorun kreditləşməsini dəstəkləyir. İnfrastruktura qoyulan investisiya layihələri məşğulluğu artırır. Adamlara pul paylansa, daha çox adam işsiz qalacaq. İndi görülən tədbirlər çox prinsipial yanaşmadır”.

Etikxeber.az

Read Previous

“Dədə Şəmşir ocağının 16 üzvü acımasızca qətlə yetirildi…”-DEPUTAT AĞDABAN QƏTLİAMINDAN YAZDI, DÜNYAYA “ÜSYAN” ETDİ…

Read Next

“MM-in sabahkı iclası İTV-də canlı translyasiya edilsin”-PƏNAH HÜSEYNDƏN TƏLƏB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir