Bu gün daha üç Şəhidimizin-ƏZƏMİ HÜSEYNOVUN, ZİYA NURMƏMMƏDOVUN VƏ NURLAN MƏMİŞOVUN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNLƏRİ, MÖVLUDLARIDIR… – FOTOLAR – YENİLƏNİB

Bu gün daha üç Şəhidimizin doğum günüdür.

Bu gün-29 avqust 2025-ci il tarixində İkinci Vətən Müharibəsi Şəhidlərindən Əzəmi Əli oğlu Hüseynovun 33 yaşı, Nurlan İlqar oğlu Məmişovun 25 yaşı, Ziya Zabil oğlu Nurməmmədovun 24 yaşı tamam olur.

Bu, həm də hər üç Şəhidin Cənnətdəki beşinci doğum günləri, mövludlarıdır.

Etikxeber.az xəbər verir ki, Əzəmi Hüseynov 1992-ci ilin avqust ayının 29-da Mingəçevir şəhərində anadan olub.

Ailədə dörd uşaq-üç bacı və bir qardaş olublar.

Atalarını illər öncə itiriblər.

Ali təhsilə yiyələnib, peşəkar hərbçi olub.

Şəhidliyindən bir müddət öncə ailə qursa da, övladı olmayıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub.

2020-ci ilin oktyabrın 8-də isə Suqovuşan istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına yüksəlib.

Nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Mingəçevirdə adını daşıyan küçə var.

***

Əslən Zərdab rayonundan olan Nurlan Məmişov 2000-ci ilin avqust ayının 29-da dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri olub…

Bir xeyli müddət ailəsi ilə Rusiyada yaşayıb, 2007-ci ildə Orenburq şəhərində orta məktəbin birinci sinfinə gedib…

Ancaq sonradan ailəsi ilə birlikdə Azərbaycana, Mingəçevir şəhərinə dönüblər… i

Təhsilini 14 saylı tam orta məktəbdə davam etdirib və 2018-ci ildə həmin məktəbi başa vurub…

Həmin ilin-2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb, ay Ağcabədidə xidmət etdikdən sonra Füzuli rayonu istiqamətində yerləşən hərbi hissələrdən birinə göndərilib…

Əsgərliyinin son iki ayını isə Lələtəpə istiqamətində yerləşən hərbi hissədə davam etdirib…

2020-ci ilin aprelində isə Ordudan təxris olunub, yenidən evinə, ailəsinə dönüb…

Cəmi 5 ay 1 gündən sonra, 2020-ci ilin sentyabrın 21-də səfərbərliyə cəlb olunub…

İkinci Vətən Müharibəsinin ilk günündən də Tərtər-Ağdərə istiqamətində döyüşlərdə olub…

Sentyabrın 27-dən oktyabrın 7-nə kimi döyüş yolu keçib…

Talışın kəndinin erməni işğalından azad olunmasında iştirak edib…

Oktyabrın 7-də Suqovuşan istiqamətində qanlı döyüşlərdə Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra, oktyabrın 8-də ailəsinə təhvil verilib və oktyabrın 9-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Nurlan həm də subay olub.

Eyni zamanda, Nurlanın dayısı oğlu İkinci Vətən Müharibəsi Şəhididir.

***

 Ziya Nurməmmmədov isə 2001-ci ilin avqustun 29-da Kürdəmirin Sığırlı kəndində, sadə bir ailədə dünyaya gəlib.

İki bacının tək qardaşı, ailənin tək oğlan övladı olub.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və Qazax rayonu istiqamətində hərbi hissələrdən birində hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi zamanı cəmi 3 ayın Əsgəri kimi döyüşlərdə iştirak edib.

Oktyabr ayının 13-də, müharibənin 17-ci günündə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb və nəşi yalnız 1 ay 20 gündən sonra əldə edilib və dekabr ayının 3-də Sığırlıda torpağa tapşırılıb.

Ziya həm də Sığırlının 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O da Nurlan kimi subay olub.

Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyev, “Rəşadət” ordenli Nəzər Əzizov və ailənin tək-subay oğlu Əfqan Həmzəyev-BU GÜN HƏR ÜÇ ŞƏHİDİN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Qarabağ” futbol klubuna 5 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir