Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən Bakılı Davud Qurbanovun Şəhadətə ucaldığı gündür-BƏRDƏLİ CALAL CALALZADƏNİN İSƏ ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 5 İL KEÇİR…

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən daha bir neçəsinin Anım və Şəhadətə ucaldığı gündür.

3 oktyabr 2025-ci il tarixində əslən Qazaxlı, özü isə Bakılı olan Davud Tariyel oğlu Qurbanovun Şəhadətindən, Bərdəli, Mustafaağalı Calal Qaryağdı oğlu Calalzadənin isə Əbədiyyətə uğurlanmasından beş il keçir.

Etikxeber.az xəbər verir ki, Davud Qurbanov 1996-cı ilin 15 fevral tarixində Bakı şəhərinin Bilənəqədi rayonunun Biləcəri qəsəbəsində dünyaya gəlib.

Əslən Qazax rayonunun Birincı Şıxlı kəndindən olan valideynləri əvvəlcə bir müddət Rusiya Federasiyasında yaşayıb, sonra Bakı şəhərinə, Biləcəri qəsəbəsinə köçüblər.

Ailənin dörd oğlan övladından biri, evin sonbeşiyi olub.

Rusiya Federasiyasında dünyaya gəlmiş böyük qardaşı-1986-cı il təvəllüdlü Elnur və 1989-cu il təvəllüdlü ikinci qardaşı Emil 1993-ci ilin iyul ayının 15-də Biləcəri qəsəbəsində faciəli şəkildə vəfat ediblər.

Hər qardaş dayanacaqda dayandıqları yerdə-avtoqəza nəticəsində dünyalarını dəyişiblər.

Valideynləri Elnurla Emili Qazaxın Birinci Şıxlı kəndə qəbiristanlığında, dədə-baba yurdlarında dəfn ediblər.

Bir günün içində hər iki oğlunu itirən Qurbanovlar ailəsi övladsız qalıb.

Sonra-1994-cü ildə yenidən övladları dünyaya gəlib və adını Ümid qoyublar.

Hazırda ailəli, iki övlad atası olan Ümid isə şəkər xəstəliyindən əziyyət çəkir.

Və 15 fevral 1996-cı il tarixində dünyaya gələn Davud 2002-2013-cü illərdə Biləcəri qəsəbəsində yerləşən 299 saylı tam orta məktəbdə oxuyub.

Orta məktəbi əla qiymətlərlə, müvəffəqiyyətlə bitirən Tariyel 2013-cü ildə yüksək balla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olub.

2013-2019-cu illərdə həmin universitetdə bakalavr və magistr pillələrində oxuyub.

Universitetdə oxuduğu illərdə öncə “Space”, sonra ATV kanalında işləyib.

2019-ci ilin 1 oktyabr tarixində isə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Yevlax rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Axırıcı dəfə isə ailəsi ilə 2020-ci ilin 15 fevral tarixində, doğum günündə, 24 yaşının tamamında görüşüb.

Sonra pandemiya ilə əlaqədar ailəsilə bir araya gələ bilməyib, ancaq telefonla əlaqə saxlayıb.

Və Əsgərliyinin başa çatmasına günlər qalmış İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə, Vətənin müdafiəsinə atılıb.

Şərəfli döyüş yolu 7 gün çəkib.

Oktyabr ayının 3-də Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra Birincı Şıxlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Qardaşı Ümidin övladı Onun-Davudun adını daşıyır.

24 yaşında Şəhadətə ucalan Davud həm də subay olub.

***

1993-cü ilin oktyabrın 17-də anadan olan Calal Calalzadə isə orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Ailənin dörd övladından, iki qardaşdan biri olan Calal Calazadə 2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında xidmət edib.

Hərbi xidmətini başa vurduqadan az sonra həyatını yenidən Ordu ilə bağlayıb, MAXE kimi fəaliyyət göstərib.

Aprel döyüşlərinin, İyul-Tovuz hadisələrinin iştirakçılarından olub, İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə istiqamətində döyüşlərə atılıb.

Ağır döyüşlərin birində Şəhid olub, oktyabrın 3-də isə nəşi Mustafaağalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3  medalla təltif olunub.

Şəhidliyindən öncə atası, Şəhidliyindən sonra isə anası dünyasını dəyişib.

Calal da Davud kimi subay olub.

Məkanlarını cənnətlik olsun!

Nurlar içində yatsınlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bu yollarda yenə sıxlıq və tıxac var-BAKIDA

Read Next

Dövlət Xidmətindən dövlət qurumlarına-XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir