Bu gün ölkədə referendumdur-Səsvermə başlandı-YENİLƏNİB

Bu gün-26 sentyabr tarixində Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilir.

Etikxeber.az xəbər verir ki, bu il iyulun 18-də ölkə prezidenti İlham Əliyev tərəfindən  növbəti dəfə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.

Referendum Aktı layihəsində Konstitusiyaya 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülüb.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun iyulun 25-də keçirilən iclasında Azərbaycan prezidenti tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Referendum Aktı layihəsində Konstitusiyada prezidentin səlahiyyət müddəti yeddi ilə qədər artırılması təklif edilir. Bundan başqa, sənəddə Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf var. Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini də nəzərdə tutur.

Mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazir həyata keçirirdisə, yeni layihədə həmin hüquq birinci vitse-prezidentə verilir. Sənəddə həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi nəzərdə tutulur.

Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edilib.

Milli təhlükəsizliyi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa da dəyişikliklərdə əksini tapıb.

Konstitusiyanın hazırda qüvvədə olan redaksiyasına əsasən, Azərbaycan prezidentinin Ali Baş Komandan kimi Azərbaycan Ordusunun zabitlərindən fərqli olaraq, Milli Qvardiyanın komandanlığına, Daxili Qoşunların komandanlığına və ümumiyyətlə, silahlı birləşmələrin zabitlərinə birbaşa əmr vermək səlahiyyətləri təsbit edilməyib. Bu maddənin təklif olunan yeni redaksiyası Silahlı Qüvvələrin Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət olmasını nəzərdə tutur. Beləliklə də, Azərbaycan Respublikasının Prezidenti silahlı birləşmələrin də Ali Baş Komandanı olacaq.

Eyni zamanda insan hüquq və azadlıqlarının daha geniş müdafiəsini nəzərdə tutan dəyişikliklər də Referendum Aktı layihəsində yer alıb.

Onu da xatırladaq ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası ilk dəfə 1995-ci ilin noyabar ayının ikisində qəbul olunub.

Bundan sonra Ana Yasaya iki dəfə-2002 və 2009-cu illərdə referendum yolu ilə dəyişikliklər edilib.

Həmçinin, qeyd edək ki, ölkə üzrə 5627 seçki məntəqəsi fəaliyyət göstərir.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən verilən məlumata görə, bütün məntəqələr müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün açıqdır.

Səsverməni 117 beynəlxalq müşahidəçi izləyəcək. Onlar 33 ölkəni təmsil edirlər. Buraya Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyanın, Türkdilli Ölkələrin Parlament Assambleyasının, bəzi ölkələrin parlamentlərinin, seçki komissiyalarının, həmçinin seçki prosesi üzrə ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların nümayəndələri daxildir. Bundan başqa, 53 min 531 yerli müşahidəçi akkreditasiyadan keçib. Onlardan 1097-si Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib. 52 min 434 yerli müşahidəçi isə dairə seçki komissiyalarına müraciət edərək qeydiyyatdan keçiblər. Səsverməni müşahidə etmək üçün müraciət edən bütün tərəflərə şərait yaradılıb. Yerli müşahidəçilərdən 34 minə yaxını şəxsi təşəbbüsləri ilə müraciət edənlərdir.

***

Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) başlayıb.

MSK sədri Məzahir Pənahov bu münasibətlə keçirdiyi mətbuat konfransında saat 08:00-dan etibarən səsverməyə başlandığını elan edib.

Referendum dövlət himninin səsləndirilməsi ilə start götürüb.

4de02388d0e5b1f408c70b6c1484a95a

Etikxeber.az

 

Read Previous

Statsistika Komitəsi: Nəqliyyat, poçt və rabitə xidmətlərinin qiymətlərində dəyişiklik olub

Read Next

Məmmədyarov erməni şahmatçısını qabaqladı və qalib oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir