Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını yaradan lider
Belə bir deyim var: əzəmət və ucalıq məsafədən daha yaxşı görünür. Çünki dahi şəxsiyyətlərin əsl qiymətini bilmək üçün ən ədalətli hakim olan zamana ehtiyac var. Ulu öndərin cismani yoxluğundan illər keçdikcə onun böyüklüyü və bitib-tükənməyən irsi daha dərindən dərk olunur və Heydər Əliyev dühasının Azərbaycan tarixindəki yeri və rolu, xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti yeni çalarlarla daha da zənginləşir.
Görünən odur ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil və güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş siyasət nəhəngidir. Azərbaycanın yeni intibah mərhələsinin banisi sayılan ümummilli lider misilsiz fəaliyyəti ilə tarix yaradan və onun fövqündə duran, dövlət idarəçiliyi və siyasi təlimlər elmini bitkin nəzəriyyələri və böyük həyat təcrübəsi ilə zənginləşdirən nadir şəxsiyyət, sözünün çəkisi və sanbalı ilə kütləni arxasınca aparmağı, inandırmağı bacaran xarizmatik siyasi lider və sözlə əməlin birlik nümunəsidir.
İşgüzar və mənəvi keyfiyyətlərlə fitri istedadın vəhdətini səciyyələndirən fövqəladə cəhətləri – müdrikliyi, aydın zəkası, fenomenal yaddaşı, dözüm və təmkini, diplomatiya məharəti, hədəfləri dəqiq müəyyənləşdirmək və insanlara özünəinam hissini aşılamaq qabiliyyəti Heydər Əliyevin siyasi portretini dolğunlaşdıran cizgilərdir. Məhz bu keyfiyyətlər ona ən çətin anlarda siyasi iradə nümayiş etdirərək qısa bir müddət ərzində milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycançı, antimilli qüvvələrin qarşısında yenilməz sipər çəkməklə ölkədə siyasi sabitliyin əsasını formalaşdırmağa və xarici siyasətlə bağlı taleyüklü məsələlərin həllində əhəmiyyətli irəliləyişlərə nail olmağa imkan vermişdir.
Heydər Əliyevin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanda demokratiyanın inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü də məhz Heydər Əliyevin ideyalarından qidalanır.
Ona görə də nəticə etibarilə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.
Dünya siyasətinin və mədəniyyətinin kamil bilicisi kimi yüksək intellekti, dərin ensiklopedik biliyi, analitik düşüncə tərzi ilə hər kəsi heyrətləndirən Heydər Əliyev təkcə Azərbaycan səviyyəsində deyil, eyni zamanda qlobal miqyasda sözünün keçəri olan görkəmli mütəfəkkir və Tanrının siyasi fəhm kimi nadir keyfiyyətlə mükafatlandırdığı qüdrət sahibidir. Qürurvericidir ki, dünyanın bir çox tanınmış siyasi xadimləri, dövlət rəhbərləri, elm və mədəniyyət nümayəndələri Heydər Əliyevi idarəetmədə səriştəli və təcrübəli dövlət xadimi kimi yüksək qiymətləndirir, ondan çox şey öyrəndiklərini səmimi etiraf edirlər. Onun irsinin araşdırılması ilə məşğul olan bir çox tarixçilər və siyasi texnoloqlar ulu öndərin adını öz dövrlərinin siyasət patriarxları, mənsub olduqları xalqlar üçün əvəzsiz xidmətlər göstərmiş Corc Vaşinqton, Uinston Çörçill, Şarl de Qoll, Konrad Adenauer və digərləri ilə bir sırada çəkirlər. Bu mənada o, xalqımızın milli iftixarı, güvənc yerimiz və qürur duyduğumuz ən böyük azərbaycanlıdır.
Əminəm ki, bu anım günündə dahi Heydər Əliyevin xatirəsini dərin hüzn və ehtiramla bir daha yad edən Azərbaycan xalqı onun cismən aramızda olmamasından xiffət hissi keçirməklə yanaşı, təskinlik və rahatlıq duyğusu yaradan bir gerçəkliyi də unutmur: Heydər Əliyev bütün həyatını, ömrünü-gününü müstəqil Azərbaycanın dirçəlişi və tərəqqisinə sərf etdi və ən möhtəşəm əsərini – memarı olduğu müstəqil Azərbaycanı etibarlı əllərə tapşırıb əbədiyyətə qovuşdu.
Bu mənada, düşünürəm ki, bu gün xəyalları gerçəkliyə çevirən, hər zaman öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən və Heydər Əliyev ideologiyasının onurğa sütunu olan Yeni Azərbaycan Partiyasının sədri kimi bu siyasi kursu müasir çağırışlar fonunda yeni keyfiyyətdə layiqincə davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi və mədəni həyatını əhatə edən bütün sahələrdə görülən işlər, insanların sabaha olan inamını qat-qat artıran uğurlu nəticələr həm də dahi Heydər Əliyevin ruhu qarşısında bir hesabatdır.
Ona görə də hər kəs əmin olmalıdır ki, şərəfli ömür yolu ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, Azərbaycan xalqı və dövləti durduqca Heydər Əliyevin parlaq xatirəsi də möhtəşəm əməllər abidəsi kimi qəlbimizdə daim yaşayacaq.
Bahar MURADOVA,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü




