Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məlahət İbrahimqızı: Həmsədrlər “nağıllara” son qoymalıdır
Bu millət, bu xalq artıq beynəlxalq vasitəçilərin, həmsədrlərin “nağıllarını” dinləməkdən bezib, yorulub. İllərdir eyni sözlər, eyni vədlər, eyni bəyanatlar səsləndirilir, kokret işə, əməli fəaliyyətə keçilmir.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, artıq ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər, beynəlxalq ictimaiyyət quru, boş vədlərinə son qoymalı, 30 ildən bəri haqsızcasına davam edən Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmalıdır.
Millət vəkili bildirib ki, ortada BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin və digər önəmli strukturların məlum qətnamələri var və ermənilər, işğalçı Ermənistan artıq həmin sənədlərin icrasına məcbur edilməlidir.

“Artıq onların nazı ilə oynamaq yetər. Ermənistana, təcavüzkar dövlətə qarşı ciddi təzyiq mexanizmləri işə salınmalı, sanksiyalar tətbiq olunmalıdır. Bunlar edilməyincə, Ermənistan aşkar və gizli havadarlarının da təhriki ilə işğaldan, təcavüzdən əl çəkməyəcək, əksinə, daha da şirniklənəcək. Necə ki, bunu da edirlər, münaqişənin həlli istiqamətində bütün səyləri heçə çıxarırlar. Qatı cinayətkar, əli xalqımızın qanına batmış Sarkisyanı devirərək onun yerinə gəlmiş Paşinyan da verdiyi, səsləndirdiyi bəyanatları ilə sarkisyanlardan, koçaryanlardan fərqlənmədiyini göstərir, yəni, onların yolu ilə gedəcəyini nümayiş etdirir. Odur ki, artıq onlara, təcavüzkara dur deməyin vaxtıdır, zamanıdır. Bu münaqişə bu qədər davam edə bilməz. Xalqımızın səbri tükənib, tarıma çəkilib. Xalqımız bu münaqişənin artıq ədalətli həll olunmasını istəyir və vasitəçilər missiyasından da bunu haqlı olaraq tələb edir. Bugünlərdə dövlət başçımızın Brüsselə, Fransaya çox uğurlu və son dərəcə əhəmiyyətli səfərləri oldu, həmçinin, İtaliyanın dövlət rəhbəri ilə tarixi əhəmiyyətli görüşlər, müzakirələr aparıldı. Bu səfərlərdə və görüşlərdə də yenə bir saylı məsələ Qarabağ məsələsi oldu. Sevindirici haldır ki, hər bir görüşdə Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək işartılar sezildi. Ancaq yenə də qeyd edirəm ki, bunların əməli addımlarda, konkret fəaliyyətdə ifadəsi lazımdır. Həmsədr dövlətlərdən biri kimi, həm Fransa, həm də digər iki həmsədr ölkə artıq məsuliyyətlərini anlamalı, işğalçı Ermənistanı yerində oturtmaq üçün qollarını çırmalayıb, əməli addımlara keçməli, ona ən sərt təzyiq mexanizmləri tətbiq etməlidirlər. Bu, onların vəzifəsi, borcu və missiyasıdır. Bundan yayınmağa, boyun qaçırmağa haqları yoxdur. Azərbaycan münaqişənin öz gücünə həll etməyə qadirdir. Buna Azərbaycan ordusunun, Azərbaycan dövlətin gücü, iradəsi yetər. Dövlət başçımızın da bu məsələdə qəti və prinsipial mövqeyi, iradəsi ortadadır. Amma biz yenə də başqa variantlara əl atılmasını istəmirik, istəyirik ki, münaqişə sülh, danışıqlar yolu ilə həll edilsin, yəni, illərdir davam edən danışıqlar prosesi nəhayət, öz bəhrəsini, töhfəsini versin. Bunu ermənilər də nə qədər tez anlasalar, bir o qədər yaxşı olar, yoxsa…”-deyə, millət vəkili sözlərinə əlavə edib.
Etikxeber.az





