“Bu, həm də xristian dünyasına, digər dinlərə bir çağırışdır…” – MURADOVA

“Azərbaycan uzun illər bütün konfessiyaların dinc, sülh şəraitində yaşadığı ölkədir. Burada hər bir din daşıyıcısı öz dini inanclarını azad, rahat şəkildə yerinə yetirə bilir. Ölkəmizdə heç kəs dini inancına görə sıxışdırılmır, təqib olunmur. Bu multikultural dəyərlərin təkcə Azərbaycan üçün yox, bütün dünya üçün nə qədər böyük əhəmiyyət daşıdığını beynəlxalq miqyasda gedən proseslər açıq-aydın göstərir”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasını  mətbuata şərh edən Milli Məclis (MM) sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova deyib.

B. Muradova bildirib ki, Azərbaycan əhalisinin 90 faizdən çoxu müsəlman olsa da, ölkəmizdə digər dinlərin nümayəndələrinə də bərabər şərait yaradılıb. Ona görə də Azərbaycanın İslam həmrəyliyi təşəbbüsünü irəli sürməyə daha çox haqqı çatır.

Vitse-spikerin sözlərinə görə, bu, həm də Azərbaycan dövlətinin İslamın əsl mahiyyəti, məqsədi və imkanlarının dövlət səviyyəsində doğru, düzgün dəyərləndirilməsini göstərir:

“Çünki tarixən görmüşük ki, İslamın zərərli istiqamətlərə gətirib çıxara bilən təzahürlərini rəhbər tutaraq dini fanatizmi, cəhaləti daha çox insanların beyninə yeritməyə, İslamın mahiyyətindən kənar formada təqdim etməyə cəhdlər olub. Müəyyən siyasi rejimlər isə məhz bu cəhətlərə üstünlük verərək onu siyasi məqsədləri, maraqları üçün istifadə etməyə çalışıblar. Ona görə də Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə İslamın əsl mahiyyətini və məqsədini ortaya qoymaqla onu beynəlxalq aləmdə qarşımıza çıxan çağırışları önləmək üçün bir imkan, vasitə, güc kimi görür. Dövlətimizin başçısı çıxışında da deyib ki, İslam ölkələrinin ən güclü ortaq dəyəri elə İslam dininin, İslam mədəniyyətinin özüdür. Bu, əlbəttə, müəyyən ölkələrdəki siyasi rejimlərə, siyasi quruluşlara uyğun olaraq fərqli təzahür edə bilər. Amma Azərbaycan dünyəvi dövlət olduğu üçün, burada din dövlətdən ayrı olduğu, insanların vicdan məsələsi kimi qəbul edildiyi üçün bu məsələlər demokratik dövlətlərin, dəyərlərin ruhuna uyğun şəkildə tənzimlənir və qanunlarımızda da məhz belə əksini tapır”.

B. Muradova vurğulayıb ki, bu baxımdan indiki həssas dövrdə, İslam ölkələrinin dağıntılara, fəlakətlərə, təhlükələrə məruz qaldığı bir zamanda belə bir ideya ilə çıxış etmək çox önəmlidir:

“Bu, Azərbaycanın özünün bu dəyərlərə istinad edərək əldə etdiyi üstünlükləri həm dünyaya təqdim etmək, həm İslamın məhz bu səviyyədə istifadəsinin demokratik cəmiyyətlər qurulmasına maneə yox, əslində ona dəstək olduğunu nəzərə çatdırmaqla İslam həmrəyliyinə nail olmaq təşəbbüsüdür və bu təşəbbüs hər kəs tərəfindən müsbət qarşılanır. Xüsusilə, Azərbaycan cəmiyyəti bunu növbəti dəfə Azərbaycan dövlətinin və onun əldə etdiyi uğurların dünyaya təqdimatı, eyni zamanda, bu təqdimatdan mövcud vəziyyətin sağlamlaşdırılması, İslam həmrəyliyinin İslam ölkələrinin həmrəyliyinə gətirib çıxarması, özü də bu həmrəyliyin yalnız dini baxımdan deyil, ən müxtəlif aspektlərdən qabardılmasına imkan verməsi kimi qiymətləndirir.

Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, bu, təkcə dini deyil, iqtisadi, siyasi, mənəvi, beynəlxalq məsələdir, ölkələrarası münasibətlərin normallaşmasına gətirib çıxaran bir imkandır. Ona görə də Prezidentin bu təşəbbüsü İslam ölkələrinin, İslam dininin özünün daxilində olan qarşıdurmaların aradan qaldırılması üçün düşüncələrin, mövqelərin, “İslam həmrəyliyi nədir və necə qəbul olunmalıdır” təsəvvürünün formalaşmasına, “Biz nəyə görə İslam həmrəyliyi təşəbbüsünü irəli sürürük, hansı məqsədlər üçün bunu istifadə edirik” kimi sualların aydınlaşmasına, İslam həmrəyliyinin təkcə İslam ölkələri deyil, bütün dünya üçün, dinlərarası münasibətlərin sağlamlaşmasına töhfə verə biləcək bir imkan kimi dəyərləndirilməsinə edilən çağırışdır. Bu, həm də xristian dünyasına, digər dinlərə bir çağırışdır. Eyni zamanda, İslamı hədə, təhlükə, demokratik cəmiyyətə yad ünsür kimi təqdim edən dairələrə bir çağırışdır.

Bu gün dünya elə bir mərhələyə gəlib çıxıb ki, bizi ayıran yanaşmaların nə qədər ağır nəticələrə gətirib çıxardığını görürük. Bu, hər kəsə, təhdid və təhlükədir. Kimlərsə düşünürsə ki, İslama yönəlik cəhdlər İslam dünyasını zəiflədəcək, yanılır, bu, bütün dünyanı zəiflədir. Ona görə də İslam həmrəyliyinə nail olmaq, İslamla həmrəy olmaq bütün dünya dinlərinin, mədəniyyətlərinin, sivilizasiyaların bir araya gəlmək, harmoniya şəraitində yaşamaq imkanlarının genişləndirilməsi deməkdir. Bu baxımdan Prezident İlham Əliyevin bu təşəbbüsü təkcə Azərbaycan, İslam ölkələri üçün deyil, bütövlükdə bəşəriyyət üçün çox vacibdir”.

Etikxeber.az

Read Previous

“Polislər vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa riayət etməlidir” – USUBOV

Read Next

Politoloq: “Lider TV-nin əməkdaşının Lavrova sualına görə işdən çıxarılması xəbəri doğrudursa…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir