“Bu hadisədən sonra həqiqətlərə göz yuman dünya bir daha Azərbaycan dövlətinin iradəsini, Azərbaycan Ordusunun gücünü, Qələbə əzmini gördü…”-ZİYAD SƏMƏDZADƏ APREL DÖYÜŞLƏRİNDƏN, BÖYÜK ZƏFƏRƏ GEDƏN YOLDAN DANIŞDI – MÜSAHİBƏ – (BİRİNCİ HİSSƏ)

Ziyad SƏMƏDZADƏ: “Ermənilərin yüz illərdir Qərb ölkələrində hörümçək toru kimi, qurduqları “şəbəkə”, “erməni lobbisi” mifi alt-üst edildi. Onların təsiri altında olan, uzun illər Azərbaycana qarşı yalan makinası rolunda çıxış edən, həqiqətlərinin üstünü pərdələyən media quruluşları faş edildi, əsl simaları ortaya qoyuldu…”

Etikxeber.az millət vəkili, akademik Ziyad Səmədzadənin geniş müsahibəsini təqdim edir:

(BİRİNCİ HİSSƏ)

-Ziyad müəllim, siz uzun illərdir media, Kütləvi İnformasiya Vasitələri (KİV) ilə əməkdaşlıq edirsiniz və daha çox iqtisadi məsələlərlə bağlı danışır, fikirlərinizi bölüşürsünüz. Amma bu dəfə çox istərdik ki, bir qədər başqa-siyasi məsələlərlə, tarixi 44 günlük İkinci Vətən Müharibəsinə, Qələbəmizə, Zəfərimizə doğru gedən yolda başlanğıc, böyük uğur hesab edilən və bugünlərdə beşinci ili tamam olan 2016-cı ilin Aprel hadisələri ilə bağlı fikirlərinizi oxucularla bölüşərdiniz.

-Əvvəla onu deyim ki, 32 illik qanlı Dağlıq Qarabağ münaqişəsi artıq geridə qaldı, tarixin arxivinə göndərildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “vur” əmri ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin sentyabrın 27-si – səhər saatlarında Ermənistanın növbəti qanlı təxribatı və fitnıkarlığına cavab olaraq, cəbhə boyu əks-həmlə, əks-hücum əməliyyatına, İkinci Vətən Müharibəsinə başladı və cəmi 44 gün ərzində də İkinci Qarbağ Savaşını Qələbə, Zəfərlə bitirdi. Düşmən 10 noyabr 2020-ci il tarixli bəyanata imza ataraq, öz məğlubiyyətini qəbul və etiraf etmək məcburiyyətində qaldı. Beləliklə, 1992-1993-cü illərdən Ermənistanın öv havadarları ilə birlikdə Azərbaycan torpaqlarının işğalına son qoyuldu, işğal olunmuş ərazilərimiz geri qaytarıldı. 44 günlük müharibə ilə təkcə Ermənistan deyil, həm də xaricdəki erməni diasporu, erməni lobbisi acı məğlubiyyətə uğradıldı. Onların yüz illərdir Qərb ölkələrində hörümçək toru kimi, qurduqları “şəbəkə”, “erməni lobbisi” mifi alt-üst edildi. Onların təsiri altında olan, uzun illər Azərbaycana qarşı yalan makinası rolunda çıxış edən, həqiqətlərinin üstünü pərdələyən media quruluşları faş edildi, əsl simaları ortaya qoyuldu…

“Müharibə günlərində Azərbaycan Prezidenti dünya tarixində rast gəlinməyən daha bir ilkə imza atdı, dünyanın 30-dan çox media quruluşuna müsahibə verərək, bir daha öz parlaq zəkasını, intellektual səviyyəsini, düşmən və onun havadarları üzərində açıq-aşkar üstünlüyünü nümayiş etdirdi…”

-Bu məqamda istərdik ki, fikirlərinizi konkret nümunələrlə, faktlarla çatdırardınız…

 -Bəli, konkret faktlarla danışmaq istəyirəm. Ölkə Prezidentinin müharibə günlərində, oktyabr ayının 25-də ABŞ-ın “Fox News” televiziya kanalına və oktyabrın 24-də Fransanın “Figaro” qəzetinə müsahibəsindən də görmək mümkündür ki, uzun illərdir Azərbaycanla bağlı aparılan yalan, iftira kampaniyası necə faş olundu. Ümumiyyətlə, müharibə günlərində Azərbaycan Prezidenti dünya tarixində rast gəlinməyən daha bir ilkə imza atdı, dünyanın, Qərb ölkələrinin, qardaş Türkiyənin, Qətərin, Rusiyanın, Yaponiyanın və başqa dövlətlərin 30-dan çox media quruluşuna müsahibə verərək, bir daha öz parlaq zəkasını, intellektual səviyyəsini, düşmən və onun havadarları üzərində açıq-aşkar üstünlüyünü nümayiş etdirdi. Konkret şəkildə adıçəkilən müsahibələrə gəlincə Azərbaycan Prezidentinə ünvanlanan suallar həmin media orqanlarının kimin və nəyin yanında dayandığının, həqiqətdən və ədalətdən yana olmadıqlarının, “bulanıq suda balıq tutmaq” istəklərinin əyani təsdiqinə çevrildi. Məsələn, “Figaro”-nun müxbirinin ilk sualı artıq onların gizlində qalmayıb, aşkara çıxan niyyətlərindən xəbər verdi. “Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir” sualı ilə müxbir böyük bir media qurumunun əsl “məramı”nı ortaya qoymuş oldu. Ancaq cavab da çox sərrast, ifşaedici oldu.

 Azərbaycan Prezidenti cavabında dedi:

“Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Onlar birinci dəfə bizə Qarabağ bölgəsindən uzaqda olan Ermənistan-Azərbaycan dövlət sərhədində hücum etdilər. Beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarət idi ki, Ermənistan bizə qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək istəyirdilər. Onlar bizim Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Yəqin, sizin də bildiyiniz kimi, Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb.

Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi. Biz onların geriyə çəkilməsinə nail olduq. Lakin əfsuslar olsun ki, növbəti ay – avqust ayında onlar azərbaycanlılara qarşı terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər. Bu sabotaj qrupunun başçısı bizim hərbi qulluqçular tərəfindən saxlanılmışdır və o ifadə verir. Beləliklə bu, danışıqları pozmaq və Azərbaycana hücum etmək üçün qəsdən edilən bir cəhddir. Bu hücumu etməklə Ermənistanın güddüyü siyasi məqsədlərə gəlincə, bunlar status-kvonun dəyişməz olaraq qalmasından, bu eskalasiyaya görə günahı bizim üstümüzə atmaqdan, danışıqların tamamilə pozulmasından, üçüncü ölkələri münaqişəyə cəlb etməkdən və münaqişəni beynəlmiləlləşdirməkdən ibarət idi. Biz onlara yalnız adekvat cavab verdik…”.

Bunun ardınca ünvanlanan suallar və onlara verilən cavablar, ölkə Prezidentinin necə deyərlər, sərrast zərbələrlə bir-bir hədəfə vurması bir daha Azərbaycan haqlı mövqeyinin təntənəsi, erməni lobbisinin təsiri altında olanların isə ifşası ilə sonuclandı.

Yaxud “Fox News”-a verilən nəzər salaq.

Müxbirin “…Bir çox məlumatlara görə, sentyabrın 27-də – müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz” sualı artıq onların məqsədinin nədən ibarət olduğunu, kimlərin dirijor çubuğu ilə hərəkət etdiklərini nümayiş etdirdi. Müxbirin növbəti “…Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi…” sualı isə artıq sual deyil, ittiham idi, müxbir sanki müstəntiq, dövlət ittihamçısı, prokuror “rolu”nda çıxış edirdi, ancaq unudurdu ki, qarşısındakı artıq güclənmiş, qüdrətlənmiş Azərbaycanın müdrik və uzaqgörən Lider İlham Əliyevdir.

Azərbaycan Prezidenti cavabında “…bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”-deyərək, bir daha Ermənistana və onlara havadarlıq edənlərə, onların toruna düşənlərə, onlara dəstək verənlərə tərs sillə və şapalaq vurmuş oldu.

 “Lakin, cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?” sualına verilən cavab isə yəqin ki, uzun illər nə həmin telekanalın, nə də arxalarında dayananlarının, onlara havadarlıq edənlərin və onların havadarlıq etdiklərinin yaddaşlarından getməyəcək, silinməyəcək. Hər dəfə xatırladıqca öz əsl simalarını, ifşalarını görəcəklər.

Belə ki, Azərbaycan Prezidenti “…Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir”-deyərək, elə bir həmlə etmiş, elə bir zərbə vurmuş oldu ki, çətin ki, illərlə onun zərbəsindən ayılsınlar, özlərinə gəlsinlər. Bəli, Azərbaycan Prezidenti bir daha öz parlaq zəkası, öz intellekti, öz səviyyəsi ilə Azərbaycana qarşı oynanılan oyunu faş, ifşa etmiş oldu. Azərbaycan hər zaman və hər daim ədalətin, haqqın yanında olduğunu sübut etdi. Beləliklə, 44 günlük müharibə ilə nəinki hərb sənngərində, həm də informasiya cəbhəsində tarixi Qələbə əldə edildi, Ermənistanla yanaşı, onun yanında olanlar, həqiqətin gözünə daş basanlar, “erməni lobbisi” mifi” yerlə-yeksan edildi. Bəli, bu gün Qarabağımız hürrdür, azaddır, öz Ana Vətəninindir. Bu gün artıq dağlı-aranlı Qarabağ Azərbaycanına, öz insanına qovuşub və onun heç kimi, Azərbaycanından, öz Ana Vətənindən, öz insanından ayıra, qopara bilməz və bilməyəcək!

“2016-cı ilin Aprelində Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə hərəkətə keçdi, Azərbaycanın növbəti dəfə torpaqlarının işğalına imkan verilmədi…”

-Ziyad müəllim, o da sir deyil ki, Qarabağın işğaldan qurtuluşuna, Böyük Qələbə və Zəfərə gedən yol heç də asan və hamar olmadı, çox çətinliklər, maneələr aşıldı, dəf edildi…

-Tamamilə, dorudur. Bəli, mütləq şəkildə qeyd etmək lazımdır ki, ötən illər ərzində Qarabağın işğaldan azad olunmasına gedən yol heç də asan olmadı.Bunun üçün illərlə gərgin zəhmətlər, əməklər ortaya qoyuldu.Ulu Öndər cənab Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından başlayaraq, onun siyasətinin layiqli və uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin iqtidarlığı dövründə də Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması, ədalətin zəfər çalması, Azərbaycanın suverenliyinin bərpa olunması üçün çox böyük və mühüm addımlar atıldı, tarixi işlər görüldü. Xüsusilə də, 2016-cı ilinin 4 günlük Aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolunda çox mühüm addımlardan oldu. 2016-cı ilin Aprel ayının 1-dən 2-nə keçən gecə işğalçı Ermənistan tərəfindən yenidən cəbhə xəttində təxribat törədildi, onsus da kövrək olan atəşkəs rejimi pozuldu və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə hərəkətə keçdi, Azərbaycanın növbəti dəfə torpaqlarının işğalına imkan verilmədi.

Cəmi 4 gün davam edən uğurlu əməliyyatlar, döyüşlər zamanı düşmən hər mənada-həm silah-sursat, texnika, həm də canlı qüvvə sarıdan böyük itkiyə uğradıldı, Tərtər-Ağdərə istiqamətində, eləcə də, Cəbrayıl-Xocavənd istiqamətində mühüm strateji məntəqələr ələ keçirildi, işğaldan azad olundu, xüsusilə, 1993-cü ilin avqustundan işğaldan olan Cəbrayıl rayonunun iri yaşayış məntəqələrindən biri- Cocuq Mərcanlı və onun yaxınlığında yerləşən Lələ təpə yüksəkliyi düşmən tapdağından qurtarıldı, həmin ərazilərdə 23 ildən sonra üçrəngli Azərbaycan bayrağı dalğalandırıldı.Düşmənə və ona havadarlarına həmin döyüşlər zamanı hər mənada sarsıdıcı- istər hərbi, istər siyasi, istər diplomatik zərbələr endirildi, məğlubedilməz “erməni ordusu” mifi tamamamilə məhv, alt-üst edildi. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu, Azərbaycan Prezidenti bir daha bütün dünyaya nümayiş etdirdi ki, heç zaman işğal faktı ilə barışmayıb və barışmayacaq, istənilən an düşməni yerində oturtmağa hazır və qadirdir.

Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun bu əzmini görən ermənilər və Ermənistan rəhbərliyi yenidən əl-ayağa düşməyə, öz havadarlarını hərəkətə keçirməyə başladı, siyasi-diplomatik müdaxilə cəhdlərinə baş vuruldu. Rusiya Frderasiyasının Prezidenti Vladimir Putin və bu ölkənin Müdafiə naziri Sergey Şoyqu Azərbayacan Prezidentinə telefon açdı, belə demək mümkünsə, Ermənistan Azərbaycanın haqlı qəzəbindən xilas edilmiş oldu. Belə ki, 2014-cü ilin aprelin 5-də Azərbaycan növbəti dəfə atəşkəs elan etməyə razı salındı. Moskva şəhərində hər iki ölkənin müdafiə nazirlərinin birinci müavinlərinin iştirakı və imzası ilə növbəti dəfə atəşkəsə imza atıldı.

Həmin günlərdə eyni zamanda, qardaş və dost, hər zaman Azərbaycanın yanında olan Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə zəng etdi, bir daha ölkəsinin və özünün dəstəyini ifadə etmiş oldu. Bunun özü də bir tarixdir və heç zaman unudula bilməz!

Kiçik Mərcanlı və ya Cocuq Mərcanlı…

-Yeri gəlmişkən, istərdik ki, oxuculara, izləyicilərə Cocuq Mərcanlının tarixi barədə məlumat verərdiniz. Mümkündürmü?

-Tarixçi olmasam da, bu sualı cavablandırmağa çalışacağam. Tarixi mənbələrə görə, Cocuq Mərcanlı XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim “kicik Mərcanlı kəndi” mənasındadır.

Xatırladım ki, 1993-cü ildə Ermənistan ordusu hücuma keçərək Cəbrayıl rayonunun bütün ərazisini ələ keçirdi və digər bölgələr kimi, adıçəkilən kənd də tamamilə dağıdıldə. 4 ay sonra Azərbaycan ordusunun əks-hücumu nəticəsində Ermənistan ordusu kənddən çıxmağa məcbur olaraq kəndin ətrafındakı yüksəkliklərdə mövqe tutdu. Atəşkəsdən sonrakı dövr ərzində kənd cəbhə zonasına çox yaxın yerləşdiyi üçün əhali ora qayıda bilmədi, burada cəmi bir nəfər – Oqtay Həziyev daimi yaşadı. Həmçinin, qeyd edildiyi kimi, 2016-cı ilin 4 günlük uğurlu Aprel döyüşləri zamanı həm Cocuq Mərcanlı kəndi, həm də onun yaxınlığında yerləşən Lələ təpə yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Mühüm məqamlardan biri də odur ki, Azərbaycanın dördgünlük əməliyyatlar zamanı əldə etdiyi uğurlar Ermənistanda böyük gərginlik, qarşıdurma, böhran, xaos yaratdı, qanlı cinayətkar, Xocalı qatili Serj Sarkisyanın hakimiyyət dayaqları laxlamağa başladı. Aprel döyüşləri həm də Azərbaycan xalqının döyüş, Qələbə ruhunu, əzmini artırdı…

“Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı…”

-Ziyad müəllim, Aprel döyüşlərindən sonra Azərbaycan xalqının Qələbə əzmi, ruhu artmaqla yanaşı, həm bunu daha qüvvətləndirəcək digər addımların atılmasına, Ordu quruculuğunda daha önəmli mərhələyə start verildi, həmçinin, Cocuq Mərcanlıya qayıdışın təməli qoyuldu və sair. Bunlar haqda nə deyərdiniz?

-Bəli, Aprel döyüşlərindən sonra Azərbaycan Ordusunda daha böyük islahatlara start verildi. Ordumuzun döyüş qabiliyyətinin artırılması, modernləşdirilməsi istiqamətində önəmli addımlar atıldı. Həmçinin, müharibə, hərb iqtisadiyyatının formalaşdırılması, yaradılması yolunda mühüm addımlar atılmağa başlanıldı ki, bunun özü də çox önəmli və vacib idi. Buna ehtiyac və zərurət duyulurdu. Bütövlükdə görülən işlər nəticəsində Azərbaycan Ordusu tezliklə dünyanın 50 ən güclü orduya malik ölkələri sırasında yer aldı və inamla ön yerlərə doğru addımladı. Eyni zamanda, Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlətimizin başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri qısa müddətdə 2 milyon 600 min kvadratmetr ərazinin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsini həyata keçirdi, həmin ərazilər yaşayış üçün əlverişli vəziyyətə gətirildi. Bununla da kənddə böyük quruculuq işlərinə başlandı.

Azərbaycan Prezidenti Cocuq Mərcanlıdan dünyaya səsləndi: “Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi…”

2017-ci ilin iyun ayın 14-də Cocuq Mərcanlıya səfər edən Azərbaycan Prezidenti çıxışı zamanı bunları dedi:

“Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür və bu, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində erməni silahlı təxribatına Azərbaycan Ordusu layiqli cavab vermişdir. Üç rayonun ərazilərinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, bu yurdun həsrəti, öz doğma torpağına qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, başqa yerdə doğulmusan, sən də Cocuq Mərcanlı kəndinin sakinisən. Amma əminəm, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, ancaq buraya qayıtmaq arzusu ilə yaşayır. Bax, bu gün gəldi, bu, tarixi bir gündür. Bu gün, eyni zamanda, onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi. Bu gün biz Cocuq Mərcanlıda yeni gözəl mərhələnin başlanğıcını qeyd edirik. Yeni evlər, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilibdir…”.

Həmçinin, qeyd edildi ki, növbəti mərhələdə ən azı 100 əlavə ev tikiləcək və Cocuq Mərcanlı kəndinin sakinləri buraya qayıdacaqlar.

“Siz isə gənc zabitlər kimi gələcəkdə ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız. Bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqlar…”-deyərək, ölkə Prezidenti fikirlərini tamamladı.

Bəli, Azərbaycan dövlətinin gücü, qüdrəti, iqtisadi inkişafı nəticəsində, ölkə Prezidentinin qətiyyəti, yenilməz iradəsi sayəsində ən müasir, modern bir qəsəbə məcburi köçkünlərin istifadəsinə, ixtiyarına verildi, Cocuq Mərcanlıda həyat qaynamağa, canlanmağa başladı və nəticə etibarı ilə Azərbaycan xalqının döyüş, Qələbə əzminə, Qələbəyə olan inamı birə-beş artdı. İstər siyasi, istər diplomatik müstəvilərdə düşmənə, havadarlarına ardıcıl zərbələr vurulmağa başlandı…

Qanlı xuntanın hakimiyyət ömrünə son qoyulması…Tarixi Cünnüt Zəfəri…

-Biz də elə bu məqamlara toxunmaq istərdik. Aprel döyüşlərinin önəmli məqamlarlndan biri də odur ki, uzun illər həm Ermənistana, həm də bütövlükdə regiona böyük fəlakətlər gətirmiş Koçaryan-Sarkisyan xuntasının hakimiyyət ömrünə son qoyuldu, onlar hakimiyyətdən uzaqlaşdırıldı. Eyni zamanda, Ermənistana növbəti məğlubiyyət acısı yaşadıldı, Cünnüt kəndi və onun ətrafında strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi…İstərdik ki, bu haqda da fikirlərinizi öyrənək.

– Fikirlərinizlə razıyam. Bəli, heç təsadüfi deyil ki, aprel döyüşlərindən başlayaraq, Ermənistanda yaranan xaos, anarxiya, siyasi-iqtisadi-hərbi böhran daha da gərginləşdi, daha da dərinləşdi və qarşısıalınmaz vəziyyətə gəlib çıxdı. Ermənistan növbəti dəfə vətəndaş müharibəsi ilə üzbəüz qaldı, küçələrə axışan aldadılmış erməni xalqı Sarkisyan rejimini devirdi və növbəti dəfə böyük vədlər verən, “Sorosun uşağı” kimi adlandırılan Nikol Paşinyanı hakimiyyətə gətirdi. Levon Ter-Petrosyandan sonra hakimiyyəti ələ keçirən qanlı xuntanın, Koçaryan-Sarkisyan cütlüyünün hakimiyyətinə birdəfəlik son qoyuldu. Bəli, uğurlu Aprel döyüşləri, Azərbaycan dövləti və Ordusunun gücü qanlı xuntanın hakimiyyət ömrünün sonunu gətirdi.

Azərbaycan dövləti, Azərbaycan Ordusu da yerində saymadı, dayanmadı, əksinə, gücünə güc qatdı. 2018-ci ilin yayına yaxın Azərbaycan Ordusu növbətə uğuruna, Zəfərinə imza atdı. Naxçıvan istiqamətində çox mühüm irəliləyişlər əldə olundu, bir sıra mühüm strateji məntəqələr, o cümlədən, Cünnüt kəndi Ermənistanın işğalından azad olundu, bütövlükdə 11 min hektar torpaq murdar yağı tapdağından azad edildi və Ermənistana növbəti sarsıdıcı hərbi zərbə endirildi.

Bir daha həqiqətə göz yuman dünya Azərbaycan dövlətinin iradəsini, Azərbaycan Ordusunun gücünü, Qələbə əzmini gördü.

(Davamı olacaq)

Kamil HƏMİDOV,

Etikxeber.az

Read Previous

“Dövlətin müəyyənləşdirdiyi yardımları ala bilməyən çoxlu ailələr, həkimlər tanıyırıq və dəfələrlə o haqda məlumatlar informasiya vasitlərdə yayılıb ki…”-ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI

Read Next

Millət vəkilləri MDB PA-nın yaz sessiyasına-QATILACAQLAR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir