“Bu iftiralar hər dəfə siyasi baxımdan çıxmaza girən Ermənistan üçün çıxış yolu olmamalı, əksinə, bölgədə sülh və sabitlik birdəfəlik bərqərar olmalıdır”-FUAD HEYDƏR YAZDI

Öz siyasi maraqlarına görə həqiqətlərə göz yuman beynəlxalq qüvvələr.ABŞ Prezidenti Baydenin heç bir real tarixə və hüquqa söykənmədən 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması qəbuledilməzdir.

Saxta bir tarixə bu cür yanaşmanın heç bir hüquqi nəticəsi ola bilməz və olmayacaq.

Heç bir hüquqi və elmi əsası olmayan bu siyasi açıqlama qeyri-obyektivdir və ikili standartların ifadəsidir.

100 il bundan əvvəl baş vermiş hadisələrin araşdırılmadan qiymətləndirilməsi düzgün deyil.

1915-ci il hadisələrinin “erməni soyqırımı” adlandırılması qərəzli və acizlik olmaqla yanaşı, həmin şəxslərin erməni lobbisinin təsiri altında olmasına da sübutdur.

Bu hadisə demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi, saxta “erməni soyqırımı”nın da həmin dövlətlərin başqa ölkələrə təzyiq aləti olduğunu sübut etdi. Ancaq tarixi hadisələrin nəql edilməsini siyasi dividendlər diktə edə bilməz, çünki bu cür bəyanatlar dünyadakı kövrək olan qarşılıqlı anlaşma və inamı sarsıdır.

Bu cür həssas tarixi-siyasi məsələnin tarixi aspektlərini peşəkar tarixçilər tərəfindən öyrənilməsi vacibdir və Türkiyənin bu məsələ ilə bağlı Ortaq Tarixi Komissiyanın yaradılmasına dair davamlı təklifləri dəfələrlə rədd edilmişdir. Belə bir konstruktiv təklifə qarşı çıxmaq gərçək olan faktlardan qaçmağın göstəricisidir.

Eləcə də, ABŞ Prezidentinin bəyanatında “erməni soyqırımı” ifadəsini işlətməsi Türkiyə qarşısında da heç bir öhdəlik yaratmır. ABŞ Prezidenti Bayden beynəlxalq cinayət məhkəməsinin hakimi deyil, ABŞ-ın prezidentidir və onun bəyanatı hüquqi deyil, yalnız siyasi əhəmiyyət daşıyır. Dünyanın istənilən yerində Soyqırımı aktının baş verib-verməməsi yalnız müvafiq beynəlxalq cinayət məhkəməsi tərəfindən təsbit olunduqda hüquqi öhdəlik yarada bilər.

Ermənistan isə bu iddiada haqlı olmadığını bildiyindən beynəlxalq məhkəməyə müraciət etməyə cəhd belə göstərmir.Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib.

Bu cür addımların arxasında Ermənistana təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin onlara verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir. Eləcə də Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Bu bir həqiqətdir ki, erməni silahlı dəstələrinin törətdikləri soyqırımları, dinc əhaliyə qarşı etdikləri vəhşilikləri sadalamaqla bitirmək olmaz.

Xüsusilə qeyd etmək olar ki, ermənilər tərəfindən 1990-cı ildən etibarən Azərbaycan xalqına qarşı sistematik şəkildə törədilən qətliamlar, o cümlədən əsrin faciəsi Xocalı soyqırımı, İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilən ərazilərin minalanması və buna dair xəritənin qərəzli şəkildə hələ də Azərbaycan tərəfinə təqdim edilməməsi, 1915-ci ildə Anadoludaki müsəlman xalqa qarşı törədilən qırğınlar, 1918-ci il soyqırımı və bu kimi bir çox qətliamlar bütün dünyanın gözü qarşısında işlənib, saysız insanımız bu qətliamlara və soyqırımlarına məruz qalıb.

Ümumilikdə türk millətinə qarşı törədilən bütün bu soyqırımı hallarının səbəbkarları hələ də ədalət və insanlıq qarşısında cavab verməyib və heç bir təzminat ödəməyib. Bütün bunlara səssiz qalan dünya erməni diasporunun təsiri altında ortaya atılan və bəzi siyasi motivlər üzərində qurulan növbəti erməni yalanına inanmağa üstünlük verir.

Tarixi və qanunları təhrif edən bu iddiaları ortaya atanlar əvvəlcə 1905-1920-ci illər arasında və sonra vəhşicəsinə qətlə yetirilən, sözün həqiqi mənasında soyqırımına uğrayan milyonlarca türkün ağrı-acılarını görməlidir. Bütün bu qətliamlara göz yuman dünya ictimaiyyətinin, o cümlədən ABŞ-ın bu cür iftiralarla çıxış etməsi hər şeydən əvvəl həqiqətə və insanlığa qarşı haqsızlıqdır.

Türk millətinə qarşı bütün insanlığın gözü qarşısında törədilən bütün bu cinayətlər sübutlarla ortadadır. Videogörüntüləri, canlı şahidləri ilə tarix və insanlıq önündə öz təsdiqini tapan Xocalı soyqırımına hələ də səssiz qalan insan haqları qoruyucuları, bütün bu cinayətləri görməzdən gəlir. Soyqırımı iddiaları ilə çıxış edənlər əvvəlcə Azərbaycan və Türkiyənin müxtəlif yerlərində soyqırımına uğrayan türklərin toplu məzarlarını, ölüm quyularını ziyarət etməlidir.

Lakin bütün bu tarixi faktlara baxmayaraq, Amerika Birləşmiş Ştatları tərəfindən hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.Vurğulamaq lazımdır ki, məlum bəyanatdan sonra Türkiyənin əsl dostları öz ədalətli mövqeyini bildirməklə hər zaman bir olduqlarını açıqladılar.

Təsadüfi deyil ki, Azərbaycan ABŞ Prezidenti Baydenin bəyanatından sonra Türkiyəyə dəstək verən ilk ölkə oldu. Bu gün Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və sıx əməkdaşlıq münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır.

Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı, bir-birinə bu qədər yaxın münasibətdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir.

Dövlətimizin başçısının bildirdiyi kimi, “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik”.

Beləliklə, müəyyən siyasi səbəblərdən ortaya atılan bu “soyqırımı” tarixçilər tərəfindən araşdırılmalı və həqiqət öz yerini tapmalıdır.

Bu iftiralar hər dəfə siyasi baxımdan çıxmaza girən Ermənistan üçün çıxış yolu olmamalı, bölgədə sülh və sabitlik birdəfəlik bərqərar olmalıdır.

Fuad HEYDƏR,

YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini

Etikxeber.az

Read Previous

“Görünür ki, Bayden ermənilər qarşısında “öhdəliyini” yerinə yetirir…Amma heç nə alınmır və alınmayacaq…”-ELDAR İBRAHİMOV YAZIR

Read Next

“Bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil…”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir