2022-ci il: Böyük perspektivlər və uğurlar ili-MUSA QULİYEV BELƏ DƏYƏRLƏNDİRDİ

2022-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə Prezidenti cənab İlham Əliyev görülən işlərə qiymət verdi və qarşıda duran vəzifələri hökumətimizə bəyan edərək, xalqımıza da bu barədə geniş məlumatlandırdı. Cənab Prezident 2022-ci ilin birinci rübünün iqtisadi göstəricilərini təhlil edərək, bunu çox müsbət dinamika adlandırdı.

Xüsusilə, post-karantin dövründə, post-pandemiya dövründə ötən illə müqayisədə xeyli irəliləyişin əldə edildiyini, Ümum Daxili Məhsulun (ÜDM) 6,8 faiz artdığını, qeyri-neft sektorunda isə bu artımın 10 faizdən, qeyri-neft sənayesində isə 18 faizdən çox olduğunu qeyd etdi. Eyni zamanda, ölkə Prezidenti xarici ticarət balansının müsbət saldoda olduğunu dedi. Yəni, ilin birinci rübündə Azərbaycanın 5,1 milyard manat əlavə müsbət saldosu olduğunu qeyd etdi.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bununla yanaşı bildirib ki, Azərbaycanın xarici borcunun 18 faizdən 12,5 faizə qədər azalması da iqtisadiyyatımızın güclü göstəricisidir.

Eyni zamanda, profisit (büdcə artıqlığı) yaranıb ki, bu da yaxşı göstəricidir.

“Həm vergi, həm də gömrük orqanları tərəfindən büdcəyə yığılan vəsaitin məbləği artıb”-deyən M. Quliyev qeyd edib ki, ölkə Prezidenti məlum müşavirədə həmçinin post-müharibə dövründə görülən işlərə və görüləcək planlara xüsusi diqqət yönəltdi:

“Ötən il ərzində əsas məqsəd işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi və əsas infrastruktur layihələrinin hazırlanması idi ki, biz bu işləri böyük müvəffəqiyyətlə yerinə yetirdik. Bununla yanaşı, məqsədimiz həm də mövcud reallığı dünya birliyinə çatdırmaq və qəbul etdirməkdən ibarət idi ki, artıq bu münaqişə bitib, “Dağlıq Qarabağ” deyilən bir məhfum yoxdur və Azərbaycan bu münaqişəni özü həll edib.

Bundan sonrakı dövr isə sərhədlərin delimitasiyası, demorkasiyası, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanması, nəqliyyat koridorlarının açılması, bütövlükdə götürdükdə 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatın icrası ilə bağlı məsələlərdir ki, bunlar da dünya birliyinin diqqətinə çatdırılıb”.

Komitə sədrinin dediyinə görə, 2022-ci ildə qarşımızda olduqca böyük vəzifələr, xüsusilə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi ilə bağlı vəzəfilər dayanır.

“Büdcədən bu işlər üçün iki milyard iki yüz milyon manat bu məqsədlə vəsait ayrılıb. Birinci rübdə bunun yalnız üç yüz milyon manatı xərclənib. Deməli, qarşıda daha böyük işlər durur. Cənab Prezident bu işlərin də istiqamətlərini və həcmini vətəndaşlarımızın diqqətinə çatdırdı, Azərbaycan vətəndaşlarına geniş məlumat verdi. İlk növbədə işğlaldan azad olunan rayon mərkəzlərimizin baş planlarını hazırlayacağıq.

Bununla yanaşı, Zəngilanın Ağalı kəndində artıq “Ağıllı kənd” layihəsi başa çatıb və yəqin ki, bu il həmin bölgəyə ilk məcburi köçkünlərimizin qayıtmasını görəcəyik, qeyd edəcəyik. Eyni zamanda, bu il Zəngilanda hava limanının açılışı da nəzərdə tutulur. Bu da çox böyük hərbi, siyasi və iqtisadi əhəmiyyət daşıyan bir məsələdir. Yolların çəkilməsi, körpülərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin genişlənməsi bu ilin qarşıda duran çox ciddi məsələlərdən biridir.

Bildiyiniz kimi, ermənilər Qarabağ və Şərqi Zəngəzurda çaylar üzərində kiçik, 30-dan çox kiçik elektrik stansiyalarının hamısını dağıdıblar. Bunların hamısının bərpası qarşıda duran məsələlərdəndir. Bununla belə, günəş və külək su-elektrik stansiyalarının qurulması, ekoloji təmiz enerjinin alınması üçün də vacib şərtlərdən biri olacaq.

Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda otellər, məktəblər, xəstəxanala və digər sosial obyektlərin tikilməsi, sənaye parklarının qurulması da qarşıda duran vəzifələrdəndir və bunların da biz öhdəsindən böyük uğurla gələcəyik.

Cənab Prezident eyni zamanda, İran üzərindən Zəngilanla Naxçıvanı birləşdirəcək körpülərin salınması, dəmir yolu və quru yolunun çəkilməsi layihələrini də yüksək qiymətləndirdi. Bununla bərabər, Zəngəzurun Mehri rayonundan keçərək ikinci bir alternativ Zəngəzur koridorunun açılmasının da vacibliyini söylədi və dedi ki, ermənilər nə qədər tez ağıllarını başlarına yığıb bu layihəni icra edərlərsə, bu, onların özləri üçün xeyirli olacaq.

Heç şübhəsiz ki, su ehtiyatlarından səmərəli istifadə də diqqətdən kənarda qalmadı. İşğaldan azad olmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində Azərbaycanın böyük şirin su potensialı var. Orada bizim böyük çaylarımız mövcuddur.

O çaylar üzərində həm su-elektrik stansiyalarının qurulması, həm suvarma məqsədilə kanalların çəkilməsi, eyni zamanda, böyük su hövzələrinin yaradılması qarşıda duran vəzifələrdəndir və yəqin ki, biz bu il də bu işlərin də öhdəsindən gələcəyik.

Bütövlükdə cənab Prezident indiyə qədər görülən işləri müsbət qiymətləndirdi. Hökumət üzvlərinin qarşısında öz vəzifələrini qoydu və bu baxımdan, bu il bizi böyük perspektivlər və uğurlar gözləyir”-deyə, M. Quliyev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az 

Read Previous

Uğur, Zəfər, Müjdə yol yoldaşımızdır-JALƏ ƏLİYEVA ÖLKƏ PREZİDENTİNİN SƏDRLİYİ İLƏ KEÇİRİLƏN MÜŞAVİRƏDƏN YAZDI

Read Next

Bayden Kiyevə-GEDİR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir