Bu il təxminən 40 minə qədər tələbəyə təhsil kreditləri veriləcək-TƏHSİL NAZİRLİYİ – YENİLƏNİB – (1)

Artıq təhsil tələbə kreditinin verilməsi qaydası formalaşıb.

Etikxeber.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, oktyabrın əvvəlindən başlayaraq təhsil tələbə kreditlərinin verilməsinə başlanılacaq:

“Bu, tamamilə yeni mexanizmdir. 80 milyon manatlıq nizamnamə fondu var, bu il təxminən 40 minə qədər tələbəyə təhsil kreditləri verəcəyik. Bura bakalavr və magistr səviyyəsi üzrə kreditlərin verilməsi nəzərdə tutulub. Bunlar sosial və standart təhsil tələbə kreditləridir. Sosial tələbə krediti götürən tələbənin semestr boyunca ümumi orta göstərici balı 70-dən yuxarı olarsa, təhsil kreditinə faiz hesablanmır, 91 baldan yuxarı olarsa, alınan kreditin 50 faizinin ödənilməsindən azad olunur. Sistemin hazırlanması, banklarla müqavilə, sığorta məsələləri artıq həll edilib”.

Şöbə müdiri bu il universitetlərə qəbul olunan I kurs tələbələrinin qeydiyyatı üçün ödənişin edilməsi məsələsinə də aydınlıq gətirib.

O deyib ki, qaydalara əsasən, I kurs tələbələri qeydiyyat zamanı ödənişi etməlidir:

“Ancaq tələbənin müraciətinə müsbət cavab veriləcəksə, həmin vəsait ali təhsil müəssisəsinin bank hesabına köçürüləcək. Tələbə isə ödədiyi vəsaiti geri götürə biləcək. Sistem hazırda yenidir, qaydaya düşdükdən sonra növbəti semestrlərdə kreditlərin verilməsi normal qaydada davam edəcək”.

***

TH-nin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gəlməsi məsələsinə münasibət bildirib.

T.Əhmədov bildirib ki, orada sərhədlər bağlıdır, səfirliklərin çoxunun fəaliyyəti məhdudlaşdırılıb:

“Biz hazırda Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyini araşdırırıq. Əfqan tələbələrin bir hissəsi ölkəmizdədir. Amma bizi daha çox yeni qəbul olunan tələbələr maraqlandırır. Məsələn, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. Çünki burada yaşayır, pul xərcləyir. Bu konteksdə hələ ki, bizə dəqiq məlumat verilməyib. Biz bilmirik ki, onlar gələ biləcək, ya yox, gəlsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcək. Ona görə də biz gözləmə mövqeyindəyik”.

Şöbə müdiri, eyni zamanda, deyib ki, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.

***

“Ötən tədris ilinin statistikasına əsasən, Azərbaycanda 89 ölkədən 6600 xaricdən gələn tələbə təhsil alır”.

Bunu da T. Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkə sərhədləri 42 ölkəyə açıqdır və həmin ölkənin vətəndaşları Azərbaycana gələ bilərlər:

“Hazırda əyani tədrisin bərpası qərarı verilib. Oktyabrda bu tədris ili üçün yeni qəbul olan xarici tələbələrin siyahısı yekunlaşacaq. Ölkə sərhədləri açıq olan 42 ölkəyə aid olmayan tələbələrlə bağlı hökumətə müraciət etmişik ki, təlimat versinlər. Çünki xaricdən gələn tələbənin bir çoxunun praktik məşğələ dövrüdür, məsələn, Azərbaycanda təhsil alan xarici tələbələrin 1/3-i tibb təhsili alırlar. Ona görə də hökumətə müraciət etmişik”.

Etikxeber.az

Read Previous

UEFA Konfrans Liqası: “Qarabağ”-“Bazel” matçında-HESAB AÇILMADI – 0:0 – FOTO – YENİLƏNİB

Read Next

Vilyam Hacıyevin DTX təcridxanasından Penitensiar Xidmətin təcridxanasına köçürülməsi barədə vəsatət-TƏMİN EDİLDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir