“Bu, insanların bir qrupunun əsassız və qanunsuz şəkildə vətəndaşların vergisi hesabına formalaşan dövlət büdcəsi vəsaitlərini mənimsəməsinin qarşısını alır…”-RAMİN MƏMMƏDOV

Azərbaycanda həyata keçirilən sosial islahatların əsas istiqamətlərindən biri həssas kateqoriyadan olan, fiziki məhdudiyyətli insanlara münasibətdə sosial ədalət prinsipinin gözlənilməsidir. Hesab edirəm ki, son illərdə bu sahədə görülən işlər yüksək qiymətləndirilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov bildirib.

O, müvafiq dövlət orqanları tərəfindən saxta əlillik təyinatlarının ləğvi istiqamətində görülmüş tədbirlərin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu cür halların müəyyən edilərək müvafiq tədbirlər görülməsi nəticəsində ciddi miqdarda dövlət vəsaitinin qanunsuz yollarla mənimsənilməsinin qarşısı alınır.

Deputat hesab edir ki, Azərbaycanda əlilliyin ümumi göstəricisinin əhalinin 6 faizinə bırabər olmasına baxmayaraq, pensiya sistemində əlilliyi olan şəxslərin payının 30 faiz olması əlilliyin təyinatı ilə bağlı prosesdə vaxtilə bəzi dövlət qurumlarının öz fəaliyyətini düzgün qurmadığını göstərir:

“Məndə olan məlumata görə, bu göstərici digər ölkələrin təcrübəsində olduğundan təxminən 12-20 faiz çoxdur. Hesab edirəm ki, bu düşünmək üçün əsas verən çox ciddi bir faktdır”.

R. Məmmədov əlilliyin təyinatı və əlillik müddətinin uzadılması ilə bağlı qiymətləndirmə prosesinin yeni mexanizmlərinin formalaşdırılmasını sosial sahədə mühüm addımlardan biri kimi səciyyələndirib.

Qeyd edib ki, hazırda əlilliyin qiymətləndirilməsi, əlillik müddətinin uzadılması ilə bağlı bütün proseslər elektron sistem üzərindən həyata keçirilir:

“Bu bir tərəfdən vətəndaş-məmur ünsiyyətini sıfıra endirməyə, beləliklə də subyektiv amillərin təsirini maksimum azaltmağa xidmət edir, digər tərəfdən isə daha obyektiv, ədalətli, hər kəsə bərabər yanaşmanı təmin etməyə imkan verir. Ona görə də düşünürəm ki, yeni sistem kifayət qədər uğurlu bir mexanizm formalaşdırıb. Təbii ki, gələcəkdə bu mexanizmlər daha da təkmilləşdirilə bilər”.

Milli Məclisin deputatı bildirb ki, son illərdə saxta əlillik təyinatının aşkar olunaraq ləğv edilməsi nəticəsində əhəmiyyətli miqdarda dövlət vəsaitinə qənət olunub. Dövlət orqanları tərəfindən 7000-dən çox  saxta əlillik təyinatları aşkarlanaraq ləğv edilib. Bu tədbir illik 30 milyon, uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitininin qanunsuz olaraq mənimsənilməsinin qarşısını almağa imkan verib.

“Təbii ki, bu vəsait həssas kateqoriyadan olan insanların sosial müdafiəsinin yaxşılaşdırılmasına sərf olunub. Hesab edirəm ki, bu cür hallarla mübarizənin effektiv halda təşkil olunmasının, eyni zamanda əlillik dərəcəsinin müəyyən olunması prosedurlarının şəffaf şəkildə həyata keçirilməsinin həm də çox ciddi ictimai əhəmiyyəti var. İnsanların bir qrupunun əsassız və qanunsuz şəkildə vətəndaşların vergisi hesabına formalaşan dövlət büdcəsi vəsaitlərini mənimsəməsinin qarşısını alır. Yəni, burda dövlətin mənafeləri qorunmaqla həm də ictimai mənafelərin qorunması təmin edilmiş olur. Sosial sahədə islahatlara daha çox bu prizmadan yanaşılmasının tərəfdarıyam”.

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

“Media haqqında” qanun layihəsi hazırlanıb-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir