“Bu işdə Avropa İttifaqı öz töhfəsini verə bilər…”-MİLLƏT VƏKİLİNİN DƏYƏRLƏNDİRMƏSİ

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona səfəri protokol qaydasına uyğun olaraq hər üç ölkəyə ardıcıllıqla edilir. Bu, Cənubi Qafqaz regionu ölkələri arasında balansı gözləmək və rəsmiyyət baxımından düzgün yanaşmadır. Amma Almaniya Kansleri Angela Merkelin və Fransa Prezidenti Fransua Ollandın səfərləri zamanı bu balans gözlənilməmişdi.

Etikxeber.az xəbər verir ki, bunu  mətbuata açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, Şarl Mişelin Cənubi Qafqaz regionuna səfəri zamanı dövlətlərarası balansın gözlənilməsinə baxmayaraq, açıq-aşkar göründü ki, bölgədə Avropa İttifaqı üçün ən əsas və əhəmiyyətli ölkə Azərbaycandır.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycanda həyata keçirilən bir sıra innovativ layihələrlə tanış olması, Prezident İlham Əliyevlə iki saat davam edən təkbətək görüşü bir sıra məsələlərin müzakirə edilməsinə imkan verdi.

A.Badamov vurğulayıb ki, Şarl Mişelin ölkəmizin regionlarına səfəri çərçivəsində Şamaxı Cümə məscidini ziyarət etməsi Avropa İttifaqı Prezidentinin Azərbaycan xalqının milli–mənəvi dəyərlərinə, dinimizə hörmətinin göstəricisidir:

“Prezidentlərin mətbuat konfransında Şarl Mişelin xüsusi olaraq qeyd etdiyi kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Avropa İttifaqına üzv dövlətlərin şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə müasir innovasiyalı layihələrin icrasında iştirak edə bilərlər…

…Azərbaycan TAP layihəsini inşa etməklə Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatına töhfə verib. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq etmək üçün istifadə olunmamış çox böyük iqtisadi potensialı var. Bu baxımdan Şarl Mişelin Azərbaycana səfəri Avropa İttifaqı ilə əməkdaşlığımızda yeni səhifə açacaq. Amma bizdən fərqli olaraq, Avropa İttifaqının Ermənistanla işbirliyi yalnız maliyyə dəstəyinə əsaslanıb. Ermənistanın məqsədi yalvarmaqla Avropa İttifaqından daha çox maliyyə yardımları qoparmaqdan ibarətdir. Ermənistanın Avropa İttifaqına üzv dövlətlər üçün heç bir perspektiv vəd etmir.

Ona görə də Azərbaycanla əməkdaşlıq Avropa İttifaqı üçün daha çox əhəmiyyətlidir. Bunu həm də rəqəmlərin ifadəsində, Azərbaycanla Avropa İttifaqı arasında ötənilki ticarət dövriyyəsinin 9,5 milyard dollar olmasında görmək olar. Cənubi Qafqazda Avropa İttifaqına üzv dövlətlərlə belə böyük ticarət dövriyyəsinə malik olan ikinci dövlət yoxdur. Avropa İttifaqına üzv dövlətlərdən 1700–dən çox şirkətin Azərbaycanda fəaliyyət göstərməsi münasibətlərin yüksələn xətlə inkişaf etməsi deməkdir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərin üçdəbiri, yəni, 9 dövlət ilə strateji əməkdaşlıq haqqında ikitərəfli sənədlər imzalanıb, münasibətlər çox yüksək səviyyədədir. Ölkəmiz bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bu münasibətlərin yeni səviyyəyə qaldırılması üçün Avropa İttifaqına üzv dövlətlərə intensiv gediş-gəlişin həyata keçirilməsi lazımdır və bunun üçün azad viza sisteminin tətbiqi vacibdir.

“Avropa İttifaqına dayanıqlı sülhün təmin olunduğu, sabit və təhlükəsiz Cənubi Qafqaz regionu lazımdır. Buna görə də Şarl Mişelin qeyd etdiyi kimi, Azərbaycanla Ermənistan arasında yeganə mübahisəli məsələ dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, ayrı-seçkilik etmədən, bərabər şəkildə kommunikasiyaların açılması mütləqdir. Bu işdə Avropa İttifaqı öz töhfəsini verə bilər və Prezident Şarl Mişel çıxışında bu məsələni xüsusilə qeyd etdi. Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycana səfəri ölkəmizin Aİ-yə üzv dövlətlərlə münasibətlərinin dərinləşməsinə töhfə verəcək” – deyə, A.Badamov vurğulayıb.

Etikxeber.az

Read Previous

Azərbaycanda Qurban bayramı-QEYD OLUNUR

Read Next

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu-BİR HƏRBİ QULLUQÇUMUZ YARALANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir