“Bu qlobal təhlükə hamını bir cəbhədə birləşdirdi, burada insanlıq, mənəviyyat prinsipi özünü göstərdi…”-BAHAR MURADOVA DAHA NƏLƏRİ DİLƏ GƏTİRDİ? – FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minlə görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycan və Çin arasındakı ikitərəfli münasibətlərin daim yüksələn xətlə inkişafını vurğulayaraq həm diplomatik, həm iqtisadi, həm də humanitar əlaqələrin uğurla davam etdiyini bildirib.

O, qədim dövrlərdən başlanan bu əlaqələrin ən yüksək səviyyəsinin Azərbaycanın müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrünə təsadüf etdiyini bildirib. Komitə sədri bildirib ki, Çinin Azərbaycana olan dəstəyini 1991-ci ilin dekabrında ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olması nümunəsində gördük:

“Ötən dövr ərzində həm ölkə rəhbərlərimiz, həm parlamentlərarası, həm də cəmiyyət arasında olan əlaqələr çoxşaxəlidir və zaman keçdikcə daha da genişlənir. Bu gün rəsmi əlaqələrimizlə yanaşı, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasındakı əlaqələri xüsusi vurğulamalıyıq. Biz daim hər iki partiyanın bir-birinə olan qarşılıqlı marağının və əməkdaşlığının şahidi olmuşuq.”

Komitə sədri çıxışı zamanı 1995-ci ildə Çində keçirilən Pekin konfransının əhəmiyyətini xüsusi olaraq qeyd edərək, bu beynəlxalq miqyaslı tədbirin dünya qadın hərəkatına verdiyi töhfələrdən bəhs edib. O, Pekin konfransından sonrakı müddət ərzində müəyyən olunmuş hədəflərə nail olunması istiqamətində bütün ölkələrdə olduğu kimi Azərbaycanda da vacib tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Çinin beynəlxalq proseslərdə oynadığı rolundan danışan B.Muradova onun BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyada gedən siyasi, iqtisadi proseslərə və onun tənzimlənməsinə verdiyi töhfəni vurğulayıb.

Çıxışı zamanı hazırki dövrdə aktual olan COVİD-19 pandemiyasının yaratdığı çətinlikləri qeyd edən Komitə sədri bu bəlanın xüsusilə insan itkiləri, iqtisadi geriləmə və psixoloji gərginliyə səbəb olduğunu bildirib.

O qeyd edib ki, Çinin ilk zərbəni öz üzərinə götürən ölkə olaraq bu problemə qalib gəlmək istiqamətlərindəki səylərini xüsusi qiymətləndirmək lazımdır. Bu prosesdə də Azərbaycan-Çin dostluğunun özünü bariz şəkildə göstərdiyini diqqətə çatdıran B.Muradova Azərbaycanın Çinə mənəvi dəstək olan ölkələrdən biri olduğunu bildirib.

B. Muradova nəzərə çatdırıb ki, bu qlobal təhlükə hamını bir cəbhədə birləşdirdi, burada insanlıq, mənəviyyat prinsipi özünü göstərdi. Komitə sədri ölkə prezidenti cənab İlham Əliyevin timsalında Azərbaycanın pandemiya ilə mübarizə üçün beynəlxalq səyləri birləşdirməyə yönəlmiş vacib təşəbbüslərin müəllifi və konkret addımlar atan ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min çıxışında ölkəmizlə olan əməkdaşlığı, qarşılıqlı fayda verən tərəfdaşlığı  yüksək qiymətləndirərək, bu əlaqələrin davamlı olmasının vacibliyini qeyd edib.

 Səfir Çin-Azərbaycan arasında əlaqələrin 28 ilə qədəm qoyduğunu bildirərək, ölkələr arasında olan münasibətlərin həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə günü-gündən inkişaf etdiyini nəzərə çatdırıb.  

O da öz növbəsində Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında müntəzəm xarakter alan qarşılıqlı səfərlərin həm hökumətlər, həm də Parlamentlər arasında olan əməkdaşlığa da böyük töhfə verdiyini vurğulayaraq bu əlaqələrin pandemiya başa çatdıqdan sonra daha da intensivləşməsi üçün bir səfir kimi hər cür yardım edəcəyini bildirib.

Pandemiya ilə əlaqədar Çinin Azərbaycana müvafiq yardımlarını və Çinin təcrübəli həkim briqadasının ölkəmizə səfərini xüsusi qeyd edib.

Çin səfiri çıxışı zamanı Azərbaycanda ailə, qadın və uşaq məsələləri üzrə həyata keçirilən mühüm tədbirləri xüsusi vurğulayaraq, bu sahəyə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət göstərdiyini qeyd edib.

Həmçinin, xanım Qo Min Azərbaycan hökumətinin pandemiya ilə mübarizə sahəsində Ümumdünya Səhiyyə Təşkilatının qərarlarını dəstəkləyən ölkələr sırasında olduğunu və bu istiqamətdə təcrübə mübadiləsinin  aparılmasına müsbət yanaşdıqlarını  bildirərək, əməkdaşlığımızın daimi olacağını və daha da möhkəmlənəcəyini diqqətə çatdırıb.

Digər sahələrdə də əməkdaşlığımızın geniş olduğunu bildirən xanım Qo Min, “Bir Kəmər-Bir Yol” təşəbbüsünu dəstəkləyən ilk ölkələrdən birinin Azərbaycan olduğunu qeyd edib.

Görüşün sonunda səfir dünyada pandemiyanın geniş vüsət aldığını qeyd edərək, Çin hökuməti adından uşaqlar üçün paylanılması nəzərdə tutulan 10 min maskanı Komitəyə təqdim edib. 

Komitə sədri gələcəyimiz olan uşaqların sağlamlığı baxımından səmimi istəkləri özündə əks etdirən simvolik hədiyyəyə görə təşəkkür edərək, hədiyyələrin qısa müddətdə ünvanlarına çatdırılacağını bildirib.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavinləri Sədaqət Qəhrəmanova və Aynur Sofiyeva, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin  Siyasi şöbəsinin rəhbəri, 1-ci katib xanım Syu Tszin, Səfirliyin attaşesi xanım Şi Fan iştirak edib.

Etikxeber.az

Read Previous

Daha 141 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

“PKK-nın Dağlıq Qarabağda yerləşməsi Azərbaycan kimi Türkiyənin də əsas probleminə çevrilir…”- ELXAN ŞAHİNOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir