“Bu səfər Azərbaycanla Aİ arasında yeni sazişin imzalanmasında böyük əhəmiyyət daşıyacaq” – Maroş Şevçoviç – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Brüsseldə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, AZƏRTAC bu barədə məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, ətraf mühit, nəqliyyat və digər sahələrdə səmərəli əməkdaşlığın aparıldığı, əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edildi. Vurğulandı ki, dövlət başçısının bu səfəri əlaqələrimizin daha da genişlənməsinə töhfəsini verəcək.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç qeyd etdi ki, Azərbaycan Prezidentinin bu səfəri və Avropa İttifaqı ilə əlaqələr Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması, imzalanması və həyata keçirilməsi işində böyük əhəmiyyət daşıyacaq.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqının strukturlari ilə əməkdaşlığından məmnunluq ifadə olundu, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlərin həyata keçirildiyi bildirildi.

Prezident İlham Əliyev Azərbaycanda enerji infrastrukturunun daha da modernləşdirilməsi, bərpaolunan enerji istehsalı ilə bağlı məlumat verdi, bu sahədə Avropa İttifaqı ilə əməkdaşlığın məqsədəuyğunluğunu qeyd etdi.

Görüşdə bank sahəsində əməkdaşlıqdan söhbət açıldı, bu əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı, Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı, həmçinin Dünya Bankı ilə yaxşı əməkdaşlıq etdiyi bildirildi, digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Əliyevin Avropa İttifaqının ali nümayəndəsi ilə görüşü olub – FOTO – YENİLƏNIB

Read Next

“Çingizin ruhu hər zaman aramızda olacaq” – MİLLƏT VƏKİLİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir