“Bu səfər hansısa bir qüvvəyə, üçüncü ölkəyə qarşı yönəlməyib” – DEPUTAT

“İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana bir az öncə başa çatan birgünlük səfəri ətarafında ajiotaj yaratmağa, bundan narahatlıq keçirməyə və isterik bəyanatlar verməyə heç bir səbəb və ethiyac yoxdur. Bu səfər hansısa bir qüvvəyə, üçüncü ölkəyə, kimlərəsə qarşı yönəlməyib. Əksinə, bu səfər, imzalanan sənədlər, verilən bəyanatlar, bütövlükdə Azərbaycan-İsrail qarşılıqlı əlaqələri  çalxalanan, qaynayan bölgəmizdə, regionumuzda, bütövlükdə dünyamızda sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsinə töhfə verəcək bir səfərdir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

İkinci dəfə müstəqillik əldə edildikdən, xüsusilə, mərhum Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra və ölkə Prezidenti İlham Əliyevin 13 illik hakimiyyəti dövründə Azərbaycanın daim müstəqil siyasət, xarici siyasət kursu yürütdüyünü deyən millət vəkili Netanyahunun səfərinin bunun əyani sübutu və təsdiqi olduğunu vurğulayıb:

“Azərbaycan ikinci müstəqilliyi dövründə daim müstəqil siyasət kursu həyata keçirib və bu siyasəti müəyyənləşdirərkən, yürüdərkən də kiminləsə məsləhətləşməyib. Çünki müstəqil Azərbaycan kiminsə məsləhəti, diktəsi ilə oturub-durmur. Kimsə də Azərbaycana öz diktəsini edə, öz istəyini qəbul etdirə bilməz və bilməyəcək. Azərbaycan həmişə yaxın-uzaq bütün dövlətlərlə, nüfuzlu beynəlxalq qurumlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığa, tərəfdaşlığa üstünlük, önəm verib və hər zaman da bu əməkdaşlığa sədaqəti ilə seçilib. Hər kəsdən də haqlı və əsaslı olaraq, bu sədaqəti gözləyib və tələb edib.

Bu baxımdan, İsraillə əməkdaşlığın inkişafı, münasibətlərin genişlnədirilməsi və dərinləşdirilməsi çox vacibdir, hər iki dövlətə və xalqa lazım olduğu qədər də, elə bilirəm ki,  bütün regiona, dünyaya lazımdır. Ona görə də indi kimlərinsə bu səfərdən əndişə və narahatlıq keçirməyə, yerli-yersiz bəyanatlar verməyə əsası yoxdur. Səsləndirilən, gətirilən arqumentlər də  heç bir halda əsaslı və tutarlı deyil. Bugünkü səfər və onun gedişatı da bir daha bunu əyani şəkildə ortaya qoydu, bir ibrət dərsi oldu.  Yəni, bu baxımdan  bu səfər olduqca vacib və əhəmiyyətli bir səfərdir”.

Millət vəkili eyni zamanda xatırladıb ki, Azərbaycan-İsrail əlaqələri hər zaman yüksələn xətlə inkişaf edib və bundan sonra daha da inkişaf edəcək.

“Çox əlamətdar və təqdirəlayiq haldır ki, İsrail hər zaman Qarabağ, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Azərbaycana açıq dəstəyini ifadə edib. Bu, çox önəmli məqamlardandır. Çünki İsrail dünyanın söz sahibi olan dövlətlərindəndir, eyni zamanda, dünyadakı yəhudi icması, lobbisi də ən nüfuzlu və təsir gücünə malik olan lobbilərdəndir. Bu baxımdan da, belə bir ölkə ilə isti münasibətlərə, sıx əməkdaşlığa nail və malik olmaq olduqca əhəmiyyətlidir.  Odur ki, İsraillə əməkdaşlıq Azərbaycan xarici siyasət kursunun önəmli prioritetlərindən olub və bu ölkə ilə münasibətlərə, əməkdaşlığa da daim önəm verilib. Ona görə hesab edirəm ki, bu səfərin iki ölkə arasında münasibətlərin inkişafında, eləcə də Qarabağ münaqişəsinin ədalətli həllində mühüm rolu olacaq”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

ilya-netan-ilya

Etikxeber.az

 

 

Read Previous

Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alındı

Read Next

Milli Məclisdə şahmat üzrə yığmamızın üzvləri ilə görüş keçirildi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir