“Bu yol Avropa və Asiya arasında ən qısa və etibarlı yoldur…” – DEPUTAT – FOTO – YENİLƏNİB

Tbilisidə GUAM (Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat) Parlament Assambleyasının (PA) 10-cu sessiyası işə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasda onuncu sessiyanın gündəliyi təsdiqlənəcək, regional təhlükəsizliyə birgə yanaşma, transsərhəd cinayətkarlığa qarşı mübarizə, dayanıqlı gələcək üçün səylərin artırılması məsələləri müzakirə ediləcək, onuncu sessiyanın yekun sənədləri qəbul olunacaq. İclasda rotasiya qaydasında GUAM PA-da sədrlik Gürcüstandan Moldovaya keçəcək.

İki gün davam edəcək sessiyada Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri və digər rəsmi şəxslər iştirak edirlər.

***

“GUAM-a üzv ölkələri ümumi ağrı – ərazi bütövlüyü məsələsi birləşdirir”.

Bunu isə Milli Məclisin (MM)  GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli  deyib.

O,  bildirib ki, regional təhlükəsizlik strateji əhəmiyyətə malikdir:

“Ermənistanın tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və bu torpaqlardan qanunsuz istifadə davam edir. Münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən mühüm sənədlər qəbul olunsa da, Ermənistan məhəl qoymur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün geri qayıtmalıdır”. 

A. Kərimli beynəlxalq ictimaiyyəti münaqişələrin həlli istiqamətində daha aktiv səylər göstərməyə çağırıb.

Deputat Azərbaycanın region və Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfədən də danışıb.

Millət vəkili  qeyd edib ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir:

“Bu yol Avropa və Asiya arasında ən qısa və etibarlı yoldur. BTQ kimi layihələr regionun cəlbediciliyini artırır”.

***

Gürcüstan parlamentinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Giorgi Mosidze qeyd edib ki,  20 ildə GUAM beynəlxalq aləmdə dayanıqlı mövqe tutmağa nail olub.

O,  bildirib ki, 2017-ci ildə Gürcüstan GUAM-a sədrlik edib: “Gürcüstan bu təşkilata sədrlikdən şərəf duyur. Təşkilat çərçivəsində 20 ildə iqtisadi inkişaf və demokratik dəyərlərin inkişafı üçün bir sıra işlər görülüb”. G. Mosidze əlavə edib ki, GUAM çərçivəsində əməkdaşlığın daha effektiv olması üçün Gürcüstan bütün imkanlardan istifadə edib.

Gürcüstan parlament sədrinin birinci müavini Tamar Çuqoşvili isə deyib ki, GUAM Gürcüstanın təhlükəsizlik və sabitliyinə böyük töhfə verib: “Təşkilatın Parlament Assambleyası parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün konstruktiv rol oynayıb”.

“GUAM ölkələrində münaqişələr regionun normal inkişafına mane olur”.

Bunu da Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze deyib. O, bildirib ki, GUAM çərçivəsində sülh və təhlükəsizlik məsələlərinə tam nail olunmayıb: “Ərazi bütövlüyü məsələsi aktual olaraq qalır. Bu problemlər aradan qaldırılmadan regionun potensialını tam realizə etmək mümkün olmayacaq. Bu sahədə beynəxalq ictimaiyyətin dəstəyinə böyük ehtiyac var”. M. Canelidze qeyd edib ki, GUAM təşkilatı region və ondan kənarda etibarlı tərəfdaşa çevrilib. Onun sözlərinə görə, təşkilat çərçivəsində bütün istiqamətlər üzrə nailiyyətlər əldə olunub: “Təşkilat çərçivəsində ümümi gələcəklə bağlı iqtisadi inkişaf, siyasi konsolidasiya və mədəniyyət və xalqlar arasında əməkdaşlıq sahələri üzrə birgə prioritetlər müəyyən olunub”. Gürcüstan XİN rəhbəri GUAM-ı dəstəkləyən qurum və dövlətlərə təşəkkür edib.
Etikxeber.az

Read Previous

Doğruçu olun cavanlar! – ANAR

Read Next

Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların fəaliyyəti qənaətbəxş deyil- MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir