“Bu yol hərbi yoldur və bu yolla torpaqlarımızın azğın düşməndən azad edilməsi qaçılmazdır…”-MM-İN KOMİTƏ SƏDRİNDƏN HƏM SÜLH, HƏM DƏ MÜHARİBƏ ÇAĞIRIŞI

“Ermənistan nasizmi, faşizmi təbliğ edir və şöhrətləndirir. O, uzun illərdir Azərbaycana qarşı təcavüzkarlıq siyasətini davam etdirir”. Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev bu sözləri BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasda bir daha səsləndirmişdir. O, uzun müddət Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğal olunmasını önə çəkmiş və bu təcavüzkarlıq hallarının bu gün də davam etdiyini real faktlarla bildirmişdir.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədri Tahir Rzayev deyib.

“Cənab İlham Əliyev demişdir ki, Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənstandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və Ermənistan rəhbərliyi son aylarda artıq danışıqlardan geri çəkildiyini, demək olar ki, bəyan etmişdir. Onlar sərhədyanı rayonlarda yeni təxribatlar törədir, insanları qətlə yetirir, atəşkəsi dəfələrlə pozurlar. Son günlərdə Tovuzun sərhədyanı kəndlərində törədilən hadisələr, bir çox hərbçilərimizin qətlə yetirilməsi, insanların fəlakətlərə düçar edilməsinə göstərilən cəhdlər bunu deməyə əsas verir. Əlbəttə ki, Ermənistanın təcavüzkarlıq siyasəti bir çox beynəlxalq təşkilatlar tərəfindən öz qiymətini alsa da, ancaq Ermənistanın hakim dairələri beynəlxalq qətnamələrə, qərarlara heç bir məhəl qoymurlar”-deyən millət vəkili bildirib ki, onlar bu gün də öz çirkin əməllərini davam etdirməkdədirlər.

“Livandan, Suriyadan ermənilərin Dağlıq Qarabağ ərazilərində məskunlaşdırılması, eləcə də, terrorçu qrupların ərazilərimizə yerləşdirilməsi yeni müharibəyə hazırlığı şərtləndirir və Ermənistanın bu mövqedə olduğunu bir daha sübut edir. Cənab İlham Əliyev məhz buna görə BMT-nin Yüksək Səviyyəli İclasındakı çıxışında Ermənistanı bu təxribatlardan çəkindirməyə dəvət etmiş və BMT-yə, beynəlxalq ictimaiyyətə müraciət edərək bu vəziyyətə, Ermənistanın təcavüzkar əməllərinə qiymət verilməsini istəmişdir. Əlbəttə ki, Ermənistan-Azərbaycan münaqişəsi BMT-nin qəbul etdiyi qətnamələr əsasında, Azərbaycanın ərazi çərçivəsində həll olunmalıdır.

Əgər, bu, mümkün olmasa, Azərbaycan Prezidenti bir daha xatırlatmışdır ki, başqa yol var. Sözsüz ki, bu yol hərbi yoldur və bu yolla torpaqlarımızın azğın düşməndən azad edilməsi qaçılmazdır. Azərbaycan ordusu güclüdür, qüvvətlidir, dünyanın ən hazırlıqlı silahlı qüvvələrinin biri kimi tanınır. Ona görə də əgər Ermənistanın siyasi qüvvələri, hakim siyasi rəhbərliyi danışıqları bərpa etməsə, sülh yolu ilə torpaqlarımız işğaldan azad olunmasa, Azərbaycan ordusu öz sözünü deyəcək və Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız tez bir zamanda azad ediləcəkdir. Bütün Azərbaycan xalqı buna əmindir və hər bir Azərbaycan vətəndaşı döyüşlərdə, çətin anlarda, xoş günlərdə ölkə Prezidenti ilə bir yerdədir, onun fikirləri ilə, onun sözləri ilə həmrəydir və bu həmrəylik, sözsüz ki, bugünkü siyasətdə, eləcə də torpaqlarımızın azadlığı uğrunda gedən mübarizədə özünü göstərir”-deyə, T. Rzayev daha sonra sözlərinə əlavə edib.

08:21

Etikxeber.az

Read Previous

“Hər kəsə bəllidir ki, Azərbaycan olan yerdə, Prezident İlham Əliyevin imzası olan yerdə mütləq səmimi, yüksək səviyyəli əməkdaşlıq, inkişaf, uğur, nailiyyət olacaq…”-PARLAMENTİN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Ali məktəblərə qəbulun (yerləşdirmənin) nəticələri-AÇIQLANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir