Büdcə müzakirələri başlandı – SABAH DAVAM ETDİRİLƏCƏK – YENİLƏNİB

Eldəniz SƏLİMOV: “2020-ci ilin büdcəsi Azərbaycanın reallıqlarını, inkişafını, hədəflərini özündə tam ehtiva edir və xalqımızın, dövlətimizin maraqlarına, istəklərinə tam cavab verir”

Bu gün, noyabrın 5-də  parlamentdə 2020-ci ilin büdcə müzakirələrinə start veriləcək.

Etikxeber.az-ın xəbərinə görə, büdcə müzakirələri  öncə komitələr səviyyəsində aparılacaq.

Müzakirələr 3 gün,  noyabrın 5-7-si tarixlərində davam edəcək.

İlk iclas Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbərliyi və ən azı 5 komitənin birgə iştirakı ilə keçiriləcək.

samir_sarifov_03

miko

sahmar movsumov

sahil babayev

ziyadddddd-1

Yəni, adıçəkilən komitə ilə MM-in Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və  ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Regional məsələlər komitələri birlikdə gələn ilin büdcəsini  müzakirə edəcəklər.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edəcək.

Təxminən 3 saat davam edəcək büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov və müavini Azər Bayramov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digərləri iştirak edəcəklər.

Büdcə zərfi  ilə bağlı maliyyə naziri Samir Şərifov geniş məlumat verəcək.

Sonra adıçəkilən komitələrinin üzvləri  (və müzakirələrə qatılan digər iqtisadi sektor rəsmiləri)  büdcə zərfi ilə bağlı öz fikirlərini, iradlarını və təkliflərini bildirəcəklər.

Xatırladaq ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. 

Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Qeyd edək ki, komitələrdə büdcə müzakirələri əvvəlki illərdən fərqli olaraq, parlament jurnalistlərinin  geniş iştirakı olmadan keçiriləcək.

ELDENIZ-1

2020-ci ilin büdcə zərfinin  dinamik və sürətli inkişaf yolunda olan Azərbaycanın reallıqlarına, ölkədə həyata keçirilən islahatlar prosesinin yeni dalğasının mahiyyətinə tam uyğun gəldiyini bildirən millət vəkili Eldəniz Səlimov  isə saytımıza açıqlamasında deyib ki, ümumiyyətlə,  Azərbaycan büdcəsi hər il artmaqda davam edir.

“Büdcəmiz son 15-20 il ərzində arta-arta gedir. Əgər müstəqilliyimizin ilk illərində, 90-cı illərdə büdcəmiz cəmi yüz minlərlə, milyonlarla ölçülürdüsə, indi artıq 30 milyarda yaxınlaşmaqdadır. Bu, özü müqayisə üçün ən gözəl nümunə, faktdır. Bu, həm də  onu göstərir ki, ötən illər ərzində haralardan haralara gəlmişik və hansı hədəflərə doğru gedirik.

Bu gün (son illər) elə bir inkişaf, yüksəliş mərhələsindəyik ki, təkcə ilin sonlarında  növbəti ilin büdcəsini müzakirə edib, onu qəbul etməklə kifayətlənmirik, həm də son bir neçə ildə, o cümlədən,  2019-cu ildə, büdcəyə yenidən dəyişikliklər, dürüstləşdirmələr, əlavələr edirik, büdcə vəsaitlərini artırırıq.

Bir neçə gün öncə 2020-ci ilin büdcə zərfi açıqlandı və bir daha məlum oldu ki, gələn ilin büdcəsinin gəlirlər və xərclər hissəsində cari illə müqayisədə  xeyli artım nəzərdə tutulub. Bunun özü bir daha dinamik və sürətli Azərbaycanın inkişafının göstəricisi, əyani təsdiqidir. Burada ən önəmli məqamlardan biri isə odur ki, Azərbaycan müharibə vəziyyətində olsa da, öz büdcəsini sosialyönümlü və investisiyayönümlü edir.

Bu da heç şübhəsiz ki, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin özünün tələbidir və bu tələbini də özünün sonuncu müşavirəsində səsləndirmişdi. Yəni, bundan sonra büdcənin sosial xərclər hissəsi daim artacaq, artırılacaq.

Bu, həm də hesab edirəm ki,  Azərbaycan dövlətinin və dövlət başçısının öz insanına, onun sosial-iqtisadi güzəranın yaxşılaşmasına verdiyi bir dəyərdir. Azərbaycan vətəndaşlarının güzəranın, sosial-rifah halının yaxşılaşdırılması Azərbaycan dövlətinin, dövlət başçısının apardığı siyasətin əsas və başlıca prioritetlərindəndir. Odur ki, 2020-ci ilin büdcəsində də bu məqamlara daha çox üstünlük verilib.

Bir sözlə, 2020-ci ilin büdcəsi Azərbaycanın reallıqlarını, inkişafını, hədəflərini özündə tam ehtiva edir və xalqımızın, dövlətimizin maraqlarına, istəklərinə tam cavab verir”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

***

MM-də 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlanılıb.

Komitələrin birgə iclasına sədrlik edən  MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Z. Səmədzadə layihə barədə məlumat verib.

Komitə sədrinin dediyinə görə, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Sonra qanun layihəsi ilə bağlı müzakirələr başlayıb.

“2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir”.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. V. Gülməmmədov cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Onun sözlərinə görə, görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

“Görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur”.  Bunu isə  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışında deyib ki, ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm uğurlara nail olunub. Bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq. S. Mehdiyev qeyd edib ki, növbəti ildə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.

Mərkəzi Bankının sədri Elman Rüstəmov öz növbəsində bildirib ki,  2020-ci ildə qarşıda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. E. Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az  

Read Previous

Büdcə müzakirələri – KÖLGƏ İQTİSADİYYATINDAN, MANATIN MƏZƏNNƏSİNDƏN DANIŞILDI – FOTO

Read Next

Azərbaycan şahmatçılarının daha bir zəfəri – OLİMPİADANIN QALİBİ OLDULAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir